Əsas Səhifə > Partiya, Güney Press > "Bizim dünyaya əfsanəvi Herakl lazım deyil ki, o terroru Pandora yeşiyinə qaytarsın"
"Bizim dünyaya əfsanəvi Herakl lazım deyil ki, o terroru Pandora yeşiyinə qaytarsın"23-03-2016, 10:06 |
“Brüsseldə çoxlu insan tələfatı ilə nəticələnən terror aktını pisləyirəm. Demək olar ki, artıq həftədə ən azından bir-iki terror aktının şahidi oluruq. Son həftələrdə Türkiyədə çoxlu insan həyatına son qoyan dəhşətli terrorlar baş verib. Biz siyasətçilər üzüldüyümüzü bildirir, terroru lənətlədiyimizi dilə gətirir və dünya dövlətlərini daha fəal mübarizəyə səsləyirik. Təbii ki, bundan başqasına gücümüz çatmır”. DİA.AZ xəbər verir ki, bunu Brüssüldə baş verən terraktlara münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. Sədr bildirib ki, eyni tipli çağırışları dünya hökumətlərinin başçıları da edirlər, lakin bizdən fərqli olaraq onların əlində güc, silah, hakimiyyət, ordu var: “Əgər onlar da bizim kimi sadəcə çağırışlar etməklə kifayətlənirsə, terroru dayandırmaq olmaz. 2011-ci ildə Suriyadan başlayan uzunmüddətli xaos sonunda Avropaya da sıçradı. Suriyada uzun müddət günahsız ölümlərə göz yumuldu, Avropa, ABŞ, Rusiya, İran və Türkiyə öz maraqları çərçivəsində hərəkət etdi, "sənin düşmənin olan terrorçu mənim dostumdur" məntiqi terroru daha da genişləndirdi. Terrorla və günahsız insan ölümləri ilə edilən “zarafat”, hər kəsin sonunu yaxınlaşdırmaqdadır. Artıq heç kəs evində rahat yata bilmir. Avropa bu gün miqrantlar problemini önə çıxarıb. Haqlıdır da. Lakin, məsələnin kökünü kəsmək nə divar tikməkdə, nə də qanunları sərtləşdirməkdədir. O insanlar terrordan, ölümdən, amansız silahlardan qaçır. Nəzərə almaq lazımdır ki, dünyanın ən qəddar rejimi olan Şimali Koreyadan Şənubi Koreyaya keçmək üçün hər gün onlarla insan cəhd edir. 1000 nəfərdən biri qaça bilir ya yox. Qalanları öldürülür. Amma, yenə də qaçırlar. İstəyirsən, qala tik, yenə də qaçacaqlar. Heç kim yaxşı həyatdan qaçmır. Onların önünü kəsmək problemi həll edən deyil. Onları qaçıran terroru, ədalətsizliyi kökündən həll etmək lazımdır. Bunu isə bir ölkə yox, bütün ölkələr birlikdə etməlidir”. Razi Nurullayev qeyd edib ki, bu gün hələ də terrorçıları siyasi məqsədlər üçün yararlı hesab edənlər var: “Hələ də terror barədə "məndən ötüb qardaşıma dəydi, elə bildim saman çuvalına dəydi" kimi düşünənlər var. Bu düşüncə davam etdikcə, terror daha çox ölkəni ağuşuna alacaq. Suriyada artıq 350 min nəfərdən artıq insan ölüb. İraqda, Əfqanistanda, Afrika ölkələrində hər gün yüzlərlə insan terrorun qurbanı olur. Tendensiya yüksələn xətt üzrə gedir. Demək ki, Damokl qılıncı başımız üzərində asılıb. Pandora yeşiyi açılıb və terror pərvazlanmaqdadır. Bizim dünyaya əfsanəvi Herakl lazım deyil ki, o terroru Pandora yeşiyinə qaytarsın. Onu Herakl olsa belə edə bilməyəcək. Güc birlikdədir. Siyasi oyun olmadan!” Geri qayıt |