Əsas Səhifə > Partiya, Güney Press > "Varlı, məmur, pullu adamlar yemək üçün, əyləncə üçün bulvara getmir"
"Varlı, məmur, pullu adamlar yemək üçün, əyləncə üçün bulvara getmir"24-03-2016, 10:13 |
DİA.AZ: - “Vətəndaşlar prezidentin dilindən məmurların ünvanına sərt ifadələr eşidəndə, prezidentin hər şeyin düzələcəyi vədini dinləyəndə, günahkarlara qarşı sərt tədbirlər görüləcəyini biləndə ümidlənir, pərvazlanır və sanki dərd-qəmlərini də unudurlar. Elə hesab edirlər ki, səhər yuxudan oyanacaq, addımını çölə qoyacaq və elə ilk addımda müsbət dəyişikliklərin şahidi olacaqlar. Lakin, hərdəfədə aldanırlar. Hər dəfə də heç nə dəyişmir. Həyat elə köhnə axarı ilə davam edir, vətəndaşlar isə həmişə qarşılaşdıqları problemləri ilə yenə də üz-üzə qalırlar”. Bu sözləri DİA.AZ-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri razi Nurullayev deyib. “Məsələnin ən ağrılı yeri burasındadır ki, qorxu yoxdur”, deyən partiya sədri bildirib ki, prezident tapşırıq verir və onun yerinə yetirilməsi və problemin sanki aradan qaldırılması imitasiyası yaradılır, əslində isə, heç nə dəyişmir, köhnə hamam, köhnə tas: “Gömrük sistemində inhisarçılığın aradan qaldırılması ilə bağlı tapşırıqlar oldu. Amma, kimi dindirsən, vəziyyətin əvvəlkindən də pis olduğunu söyləyirlər. Bir də fakt gözümüz önündədir. Əgər inhisarçılıq yoxdursa, niyə qiymətlər aşağı düşmür? Niyə ərzaq məhsullarını hər kəs ölkəyə gətirə bilmir? Niyə qiymətlər əvvəlki kimi qalmaqda davam edir və bəzilərində isə kifayət qədər yüksəlmə müşahidə olunur? Tapşırıq verilib ki, vətəndaşlara ciblərinə uyğun xidmət göstərmək üçün sahələr yaradılsın. Heç kim narazı qalmasın. Kasıbın uşağının əlindən tutub getdiyi yer dənizkənarı bulvardır. Varlı, məmur, pullu adamlar yemək üçün, əyləncə üçün bulvara getmir. Onlar beşulduzlu hotelləri, beşulduzlu əyləncə mərkəzlərini, beşulduz restoranları, panarama görünüşlü kafeləri və s. seçirlər. İndi gəlin görək, Bakı bulvarında qiymətlər uyğundurmu? 20 qəpiklik su 60 qəpik və bir manat arası, iki manatlıq çay 8-20 manat arası, 50 qəpiklik dondurma 1 manat və s. Hər şey standart qiymətindən minumum bir, bəzən isə 3-4 dəfə baha. Bu nə deməkdir? Turistlər də bulvar restoranlarında yemək yeyəndən sonra bir də bu ölkəyə gəlməyə belə nifrət edirlər. Bununla bağlı mənə şikayət edən onlarla əcnəbi vətəndaş var. Digər bir problem menyunun yoxluğudur. Bulvarda deyil, bütöv Azərbaycan ərzisində əksər yerlərdə menyu olmur. Müştərilərə ağıllarına gələn qiymətləri oxuyurlar. Kasıbın cibindən oğurluq edirlər. Turistlərə "atırlar". Budurmu yüksək mədəniyyət və xidmət? Budurmu tapşırıqlara əməl etmək?” Dövlət başçısının yol polisi ilə bağlı tənqidlərinə də toxunan AXCP sədri bildirib ki, buna baxmayaraq bu sahdə vəziyyət acınacaqlı olaraq qalmaqda davam edir: “Yol polisi ilə bağlı prezident neçə dəfə kəskin ifadələr işlədib. Onların azğınlığı, rüşvətxorluğu, sürücüləri incitməyi heç kimə sirr deyil. Min bir hiylə ilə sürücülərin həyatını cəhənnmə çevirirlər. Təbii ki, bu dediyim sürücülərin də haqlı olduğu anlamına gəlməz. Doğrudur ki, Azərbaycanda sürücülük mədəniyyəti çox zəifidr. Lakin, elə bunun səbəbkarlarından biri də yol polisi sisteminin yarıtmazlığıdır. Hanı verilən tapşırıqların icrası? Yol polisindən razı olan bir nəfər sürücü tapa bilərsinizmi? Bunlar sadəcə, bəzi problemlərdir ki, sadaladım. Zaman olduqca, konkret problemləri faktlarla araşdırıb yazacağam. Heç kim susmasın gərək. Biz deyirik, yazırıq, etiraz edirik, faydası azdır. Hər kəsin əlini daşın altına qoyması lazım”. Geri qayıt |