Əsas Səhifə > Partiya, Güney Press > "Müsavatla AXCP-nin bəzi tədbirləri birgə keçirməsi barədə razılıqlar var"

"Müsavatla AXCP-nin bəzi tədbirləri birgə keçirməsi barədə razılıqlar var"


25-05-2016, 09:21
"Müsavatla AXCP-nin bəzi tədbirləri birgə keçirməsi barədə razılıqlar var"
DİA.AZ bildirir ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn son günlərin aktual hadisələri ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Pənah bəy, Türkiyədə hakim partiyanın sədri və baş nazir postuna dəyişikliyin olmasına sizin münasibətiniz necədir?

- Türkiyənin qanuni seçilmiş hakimiyyət orqanları tərəfindən bu məsələlər həyata keçirilir. Bizə ancaq bu məsələnin Türkiyə dövlətinə və xalqına xeyirli olmasını arzulamaq qalır.

- Baş nazir dəyişikliyi Türkiyənin xeyli vaxtdır yaşadığı daxili və xarici problemlərin həllinə hansısa formada təsir göstərəcəkmi?

- Türkiyədə hazırda proseslər Türkiyənin prezidenti tərəfindən yürüdülən siyasətlə həyata keçirilir. Mən hesab edirəm ki, bu vaxta qədər həyata keçirilən siyasət davam edəcək.

- Azərbaycana münasibətdə yeni baş nazirin gəlişi hansısa dəyişikliklərə gətirə bilərmi?

- Azərbaycana münasibətin dəyişəcəyini düşünmürəm. Azərbaycanla dostluq, qardaşlıq, strateji əməkdaşlıq yeni baş nazirin dönəmində də davam edəcək.

- Ötən həftə Azərbaycanda minlərlə məhbusun azadlığa qovuşmasını təmin edəcək Amnistiya aktı qəbul olundu. Bu hadisəni necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, istənilən halda amnistiya müsbət bir hadisədir. Müəyyən sayda insanın azadlığa qovuşmasına səbəb olursa, bunun özü müsbət addımdır. Amma Azərbaycanda siyasi məhbus probleminin həll olunması üçün başqa ciddi kardinal tədbirlərə ehtiyac var. Əsas odur ki, hazırda siyasi məhbus kimi tanınan məhkumlar hansısa bir hüquqi formada həbsdən azad olunmalıdır. Təəssüf ki, bu yaxınlarda bir neçə aktiv gəncin bəhanə ilə həbsə atılması bu məsələdə optimist olmağa imkan vermir.

- Bir müddət öncə sizin də iştirakınızla yaradılan Antiböhran Koalisiyasının aktiv fəaliyyəti nəzərə çarpmır. Səbəb nədir?

- Bu, təbii ki, bir siyasi blok deyil. Sadəcə, bir qrup siyasi partiyanın və ictimai təşkilatın əməkdaşlıq mərkəzidir. Mütəmadi olaraq hər həftə toplanıb ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edib münasibət bildiririk. Prezident Administrasiyasının qarşısında Antiböhran Koalisiyasına daxil olan siyasi partiya və ictimai təşkilatların rəhbərlərinin “Siyasi həbslərə son!”, “Qiymət artımına son!”, “Kredit quldurluğuna son!”, “Vyana təslimçiliyinə son!” şüarları ilə mayın 27-də piket keçirməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Hələlik cavab almamışıq. O müraciəti imzalayanlardan biri də mənəm. Piketdə yalnız koalisiyaya daxil olan siyasi partiya rəhbərlərinin iştirakı nəzərdə tutulub. Bu da təxminən 10 nəfər edir. Mayın 28-də isə Koalisiyanın Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə 28 May Respublika Günü münasibətilə tədbir keçirməsi planlaşdırılır. Gələn ay bir sıra tədbirlərimiz nəzərdə tutulub. Demokratiya və Qarabağ problemi mövzularında dəyirmi masaların keçirilməsi də planlaşdırılır.

- Piketlə bağlı müraciətinizə mənfi cavab verilsə, hansı addımı atacaqsınız?

- Məsələni müzakirə edib bir qərara gələcəyik. Müraciətin özü bir aksiyadır.

- Antiböhran Koalisiyası ötən ilin dekabrındakı ikinci devalvasiyadan sonra yaradıldı. Devalvasiyadan beş aydan artıq keçib. Bu müddətdə hökumətin antidevalvasiya, antiböhran tədbirlərini izləyirsinizmi, razısınızmı?

“Hökumətin Vyana görüşü barədə əvvəl susması, sonra Novruz Məmmədovun ziddiyyətli bəyanatları çox ciddi suallar yaradır”

- Hökumət bu böhranın ağırlığını sadə vətəndaşların və iş adamlarının üzərinə qoyub. Çünki monopolistlər və korrupsioner məmurlar çiçəklənməkdə davam edirlər. Amma vətəndaşların həyat səviyyəsi, onların real gəlirləri devalvasiyadan əvvəlki dövrlə müqayisədə aşağı düşməkdə davam edir. Rəsmi rəqəmlərdə göstəriləndən ən azı iki dəfə artıq inflyasiya mövcuddur. İş yerləri bağlanıb, vergi ödəyicilərinin sayı getdikcə azalır. Yəni problem bu şəkildə davam edir. Aprelin əvvəlində Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlar, bu hadisəyə görə ölkənin səfərbər olması baş verdi. Siyasi təşkilatlar, əhali ürəklərinin üstünə daş basıb torpaqlarımızın azad olunması naminə iqtisadi, sosial çətinliklərə bir az dözməyi qərarlaşdırdı. Amma təbii ki, bu uzun müddət davam oluna bilməz. Devalvasiyanın, böhranının nəticələrinin zəiflədilməsi üçün çox ciddi iqtisadi, sosial islahatlara ehtiyac var. Çünki belə vəziyyət uzun müddət davam edə bilməz. Bütün istiqamətlər üzrə ciddi islahatlar aparılmalıdır.

- Aprelin əvvəlindəki 4 günlük hərbi əməliyyatlardan sonrakı müddətdə Qarabağla bağlı gedən prosesləri izləyirsinizmi? Sizcə, bu gedişlə proses hansı nöqtəyə gedib çıxa bilər?

- Son vaxtlar gedən proseslərlə bağlı çoxlu sayda cavabını gözləyən suallar var və suallara cavab verilmədikcə, sayı artır. Azərbaycan hökumətinin Vyana görüşü barədə əvvəl susması, sonra Novruz Məmmədovun bir məzmunda bəyanat verməsi, iki gün sonra tamamilə həmin bəyanatın əksinə bəyanat verməsi və digər məsələlər çox ciddi suallar yaradır. Biz yaranmış vəziyyəti cəbhədə Azərbaycan ordusunun qazandığı uğurların diplomatiya cəbhəsində təhlükəyə salınması təhdidi kimi xarakterizə eləmişik. Azərbaycan informasiya efiri də erməni siyasətçilərinin və ekspertlərinin şərhləri ilə doludur. Başa düşülməyən məsələlər ortada var. Vəzifəli şəxslərin ziddiyyətli açıqlamaları və sair hansısa prosesin guya getdiyi barədə təəssürat yaratmağa çalışırlar. İyun ayından söhbət gedir. İyun ayını da gözləyək. Əlbəttə, biz proseslərin Azərbaycan üçün müsbət nəticələnməsini arzu edirik.

- ABŞ, İsrail siyasi ekspertləri bildirirlər ki, danışıqlar prosesi başlansa da, əslində hər iki tərəf müharibə hazırlıqları içindədir və payıza doğru genişmiqyaslı müharibə başlaya bilər. Siz necə hesab edirsiniz, sonda genişmiqyaslı hərbi əməliyyatlar gözlənilirmi?

- Burada Azərbaycanın və onun rəhbərliyinin öz xalqına, ordusuna güvənərək prinsipial, ardıcıl mövqe tutması həlledici əhəmiyyətə malikdir. Biz tələb edirik ki, rəhbərlik məhz belə bir mövqeni nümayiş etdirsin. Xalqın gücündən, potensialından istifadə olunmalıdır. Dünyaya da, Qarabağ münaqişəsini əbədiləşdirmək istəyən qüvvələrə də Azərbaycan xalqının iradəsi nümayiş etdirilməlidir. Danışıqlardan bir şey çıxmayacaqsa, indiki təbliğatın zərər gətirəcəyi qənaətindəyəm.

- Azərbaycanın müxalifət düşərgəsində pərakəndəlik nə vaxta qədər davam edəcək?

- Siyasi proseslərin normal getməməsinin mənbəyində hakimiyyət durur. Lakin artıq müxalifət düşərgəsində müəyyən yaxınlaşma proseslərinin getməsi müşahidə edilir, bu barədə informasiyalar var. Biz yaxınlaşma prosesini təqdir edirik. Tədbirlərin birgə keçirilməsi kimi danışıqların getdiyi barədə söhbətlər var. Baş tutsa, təqdir olunandır. Müxalifət partiyaları, ayrı-ayrı siyasilər arasında münasibətlərin müsbətə doğru getməsi son dövrlərdə müşahidə olunur. Bunun real nəticələrinin olması da gözlənilir. Mən müxalifətin pərakəndə olması iddiası ilə razı deyiləm. Aprel döyüşlərindən sonra müxalifət partiyaları da əsas diqqəti yaranmış situasiyaya yönəltmişdi. Ola bilər ki, bu fon sizdə belə bir təəssürat yaradıb ki, müxalifət həddən artıq passivdir, pərakəndədir.

- Müsavat Partiyası ilə AXCP-nin rəhbərliyinə daxil olan bəzi şəxslər arasında Tofiq Yaqublunun təşəbbüsü ilə danışıqlar aparıldı. Tofiq bəy prosesin davam edəcəyini deyib. Siz hər iki partiyanı dərindən tanıyırsınız. Müsavatla AXCP arasında gedən danışıqların müsbət perspektivinə inanırsınız?

- Arzu edirəm ki, bu prosesin real müsbət nəticələri olsun. Bizdə olan məlumatlara görə, Müsavatla AXCP-nin bəzi tədbirləri birgə keçirməsi barədə razılıqlar var. Yəqin ki, real nəticələr olacaqsa, həmin partiyalar özləri rəsmi açıqlamalar verəcəklər. Hər halda, təmasların olması müsbət haldır.

- Fərz edək ki, Müsavatla AXCP o qədər yaxınlaşdılar ki, hətta birgə blok yaratdılar. Bunun Azərbaycan siyasi həyatına ciddi təsiri olacaq?

- Mən ancaq belə bir təsirin müsbət olacağı qənaətindəyəm.

Geri qayıt