Əsas Səhifə > Partiya, Güney Press > “Elçibəyin prezident olması ilə hərəkatın arbitri sıradan çıxdı”
“Elçibəyin prezident olması ilə hərəkatın arbitri sıradan çıxdı”7-06-2016, 08:18 |
4 iyun qiyamının ildönümü günlərində vaxtilə AMİP-in lideri və funksioneri Əli Orucovla sabiq prezident Əbülfəz Elçibəyin yaxın silahdaşı olmuş Ülvi Həkimoğlu arasında qarşılıqlı ittihamlarla dolu söz atışması gedir. Tərəflər bir-birini haqsız çıxarmağa çalışır. AMİP-in keçmiş sədri, hazırda Vətəndaş və İnkişaf Partiyasının sədri olan Əli Əliyevin baş verənlərə münasibətini öyrəndik. VİP sədrinə “Sizcə, Elçibəy tərəfdarları, yoxsa Əli Orucov-E.Məmmədov cəbhəsi haqlıdır” və “Elçibəy iqtidarının 4 iyun qiyamından sonra siyasi müxalifətdən kömək gözləməsi normal sayıla bilərmi” sualları ilə müraciət etdik. Ə.Əliyev bu məsələyə münasibəti mübahisə aparan tərəflərdən hansının haqlı, hansının səhv olduğu kontekstindən bildirmək fikrindən uzaq olduğunu dedi. VİP sədri qeyd etdi ki, 4 iyun hadisələrinə onun öz qiyməti mövcuddur: “Həmin hadisələr zamanı AMİP üzvü olsam da, fəal siyasətdə deyildim. Elmi fəaliyyətlə məşğul olduğumdan, operativ fəaliyyətim yox idi. Lakin təbii ki, prosesləri izləmişəm, məlumat almağa çalışmışam. Fikrimcə, 4 iyun hadisələrinə 1993-cü il dövründən qiymət vermək doğru deyil. 4 iyunda baş verənləri məhz bu ilin içindən dəyərləndirmək əvvəldən təhrif olunmuş nəticələrə yuvarlanmaq deməkdir. Çünki AXC- Müsavat iqtidar komandasının aparıcı fiqurları ilə AMİP rəhbərlərinin qarşıdurmasının kökü xeyli əvvələ-1989-cu ilin sonlarına gedir. Hadisələri o dövrdən analiz etmədikcə, yanlış mənzərə yaranacaq. Xalq hərəkatının ”yol cızmaq" iqtidarında olan liderlərinin ideoloji fikir ayrılığı 1990-cı ilin yanvarında keçirilən AXC-nin 3-cü konfransında açıq şəkildə ortaya çıxdı. Konfransa qədərki dövrdə də “Tətil dalğa”sının təşkilində liderlər arasındakı fikir ayrılığı apogey səviyyədə idi. Adıçəkilən konfransda “Əvvəl milli istiqlaliyyət, sonra demokratiya” deyənlərlə “SSRİ çərçivəsində demokratiyadan milli istiqlaliyyətə” keçidi nəzərdə tutan mövqeli siyasilər arasında fikir toqquşması ortaya çıxdı. Hadisələrin sonrakı inkişafında 1-ci şüar tərəfdarlarının daha uzaqgörən və haqlı olduqlarını həyat təsdiq etdi. Buna baxmayaraq, 1992-ci ildə hakimiyyətə gələn komanda əsasən 2-ci mövqeyin tərəfdarlarından ibarət oldu. Bu azmış kimi, hərəkatın daxilindəki prinsipial “istiqlalçılar” hakimiyyətin içərisinə buraxılmadılar". Ə.Əliyevin sözlərinə görə, ən səhv qərarın-Əbülfəz Elçibəyin 1992-ci ildə prezidentliyə namizəd olmasının səbəbi də hərəkat liderindən aşağıda duranların intriqaları idi: “Onların hamısı anlayırdı ki, Elçibəyi namizəd edə bilməsələr, hakimiyyətə onların ən ciddi opponenti gələcək. Hesab edirəm ki, bugünkü çətin vəziyyətimizin ən böyük səhv səbəbi də o zaman baş verdi. Ən yüksək instansiyada duran hərəkatın ideoloqu və rəhbərinin çirkli siyasi oyunlara cəlb edilməsi oldu. Onun bu qərarda rolunu azaltmamaqla, qeyd etmək istəyirəm ki, Elçibəyin prezident olması ilə hərəkatın arbitri sıradan çıxdı və bununla da qarşıdurmanın bünövrəsi rəsmi səviyyədə bərqərar oldu. Belə olduğu halda ana müxalifət funksiyasını daşıyan AMİP-in vəzifəsi nə idi? Təbii ki, hakimiyyətə gəlmək. Necə? İqtidara qarşı mübarizə aparmaqla. Burada qəribə və ya qeyri-adi nə var ki? Bu gün biz YAP-a qarşı mübarizə aparmırıqmı? Bu gün həmin təşkilatı başqa qüvvələrlə iş birliyində ittiham edənlər 2013-cü ildə AXCP və Müsavatın timsalında Kreml agenti İbrahimbəyovu dost tutmadılarmı, Putinin yaratdığı “milyarderlər klubu” ilə əlaqədə olmadılarmı? Hərçənd ki, AMİP açıq şəkildə kənar qüvvələrin heç biri ilə əlaqə qurmamışdı. Sadəcə olaraq, kənar dəstəyi olanlarla mövqeləri üst-üstə düşüb. Ölkədaxili proseslərdə kənar qüvvələrlə işbirliyinin ən qəti əleyhdarı olaraq deyə bilərəm ki, AMİP-i kənar dəstəkdə suçlayanlar 1992-ci ildə parlament iclasından açıq şəkildə deyirdilər ki, gəlişləri 9 ölkə ilə razılaşdırılıb. 1992 -ci ilin 15 may tarixində parlament hansı yolla götürülmüşdü? Özlərinə rəva bildiklərində başqalarını günahlandırmaq yanlış yoldur". VİP sədri qeyd etdi ki, burada bir məsələdə hər iki tərəfin günahı aşkardır: “1993-cü ilin hakimiyyət böhranının aradan qaldırılmasında 3-lü bloka nail olunmalıydı-hakimiyyət-AMİP-Heydər Əliyev. Buna isə nail olunmadı. Yeri gəlmişkən, mərhum Heydər Əliyevin Bakıya dəvət edilməsində AMİP-in heç bir rəsmi mövqeyi olmayıb. Qarşılığında isə rəsmi səviyyədə iqtidar nümayəndələri onu paytaxta ard-arda dəvət edir, gəlməsi üçün nəqliyyat göndərmişdilər. Siyasətçilərimiz etirafı öyrənməyə qədər inkişaf edə bilməzlər. Səhvlərin aradan qaldırılması yolunda birinci addım etirafdır. Hansı nöqtədən baxırsan bax, əlindən hakimiyyəti təhvil verənlər, çevrilişə yol açanlar yanlışdırlar. Bu yolda başqasında günah axtarmaq, öz səhv və günahlarını gizlətməkdən başqa bir iş deyil". Geri qayıt |