Əsas Səhifə > Partiya, Güney Press > "Hər şey hansısa bir siyasi qurumun başında duran şəxsdən çox asılı olur"

"Hər şey hansısa bir siyasi qurumun başında duran şəxsdən çox asılı olur"


8-06-2016, 09:10
"Hər şey hansısa bir siyasi qurumun başında duran şəxsdən çox asılı olur"
Son 25 ildə Azərbaycan müxalifətinin daxilində yaranan acınacaqlı tendensiya davam etməkdədir. Belə ki, siyasi qurumların rəhbərləri uzun illər öncədən aralarında yaranan şəxsi intriqaları, ixtilafları bu günə qədər daşıyıblar. Məhz bu amil demokratik düşərgənin bir arada olmasına dəfələrlə mane olub.

Müxalifət ümumi maraqların naminə birləşməyə dəfələrlə cəhd edib, lakin yuxarıda qeyd etdiyimiz amillər bu istəyin qarşısına sədd çəkib. İndiyə qədər yaranan blok, birlik və hərəkatların uzunmüddətli olmamasına ən başlıca səbəb uzun illər qəlblərdə daşınan kin-küdurət olub. Hazırda müxtəlif müxalif qurumlarda təmsil olunan elə partiya funksionerləri var ki, on illərdir küsülüdürlər. Bir faktı qeyd edək ki, indinin özündə özlərini ana müxalifət partiyaları sayan iki müxalif qurumun rəhbəri 1992-93-cü illərdə təmsil olunduqları AXC hakimiyyəti dövründə aralarında yaranan şəxsi narazılığı bu günə qədər davam etdiriblər və bu səbəbdən son aylarda birlik istiqamətində hər iki qurum arasında gedən danışıqlar nəticəsiz qalıb. Belə narazılıqların kökü o qədər dərindir ki, hakimiyyətə gəlməyi qarşılarına məqsəd qoyan demokratik düşərgə bu istəyin vahid birlikdən keçdiyini bilsə də, şəxsi eqolar, bir-birilərinə güzəştə getməmələr bu istəyə üstün gəlir.

Bütün bunlardan doğan sonluq göz önündədir. Müstəqillik illərindən siyasi proseslərin içərisində olan, bir müddət müxalifətin önəmli simalarından sayılan politoloq Qabil Hüseynli hesab edir ki, müxalifət daxilindəki cərəyan edən bu tendensiya şəxsi münasibətlərdən doğsa da, daha çox ambisiyalara söykənir: “Hamı özünü digərindən daha üstün sayır, yüksəkdə görür, özünün daha yüksək keyfiyyətlərə malik olduğunu düşünür. Normal ölkələrdə müxalifət bloklar qurarkən sazişlər imzalayır və bu sazişə uyğun hərəkət edir. Burada isə hamı kor-koranə fəaliyyət göstərir, heç bir blok qurmur, yaxud qurur, amma müvəqqəti xarakter daşıyır. Özlərini kor-koranə lider elan edirlər və hamını öz bayraqları altında olmağa çağırırlar. Bu halı çoxları qəbul etmir. Nəticədə onlar arasındakı adi münasibətlər dönüb düşmənçiliyə çevrilir. Ciddi parçalanmalar da bu zaman yaranır. Bu səbəbdən uzun illərdir Azərbaycan müxalifəti siyasi inteqrasiya nümunəsi ortaya qoya, ciddi bloklaşma xətti də apara bilməyib. Mübarizə etibarı ilə enerjinin böyük hissəsi bir-birilərini tənqid etməyə, ittiham səsləndirilməsinə yönəlib. Nəticə göz qabağındadır. Kütlə ilə əlaqələrini itirmiş və xeyli dərəcədə məqsədlərindən uzaq düşmüş azsaylı müxalifət dəstəsi ilə baş-başa qalmışıq”.

Politoloq müxalifətin hakimiyyətə gəlmək istəklərinin tarixə gömüldüyünü də qeyd etdi: “Müasir Azərbaycan müxalifətində insani münasibətləri qaydasında olmayan siyasilərin sayı yetərincədir. Bu siyasi münasibətləri qaydasına salmaq bundan sonra mümkünsüz görünür. İnsanlararası münasibətlər o dərəcədə korlanıb ki, bu, bəzən onların fanatları səviyyəsinə enib. Siyasi inteqrasiya başladılır və ardınca müəyyən vaxtdan sonra sona yetir. Hər şey hansısa bir siyasi qurumun başında duran şəxsdən çox asılı olur. Həmin şəxsin intellektual səviyyəsi, vətənə məhəbbəti və digər siyasilərə qarşı münasibəti çox vacibdir. Əfsus ki, siyasi müxalifətimiz kifayət qədər yetkinlik nümayiş etdirməyə qadir deyil”.

Geri qayıt