Əsas Səhifə > Partiya, Güney Press > “Əli İnsanovdan Mandela düzəltmək siyasi romantizm xəstəliyidir”

“Əli İnsanovdan Mandela düzəltmək siyasi romantizm xəstəliyidir”


13-06-2016, 08:48
“Əli İnsanovdan Mandela düzəltmək siyasi romantizm xəstəliyidir”
Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin deyib ki, “Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə müzakirələr qeyri-müəyyən müddətədək təxirə salınıb. Onun sözlərindən belə çıxıb ki, Azərbaycanın üzvlüyünün müzakirəsinin təxirə salınmasına səbəb Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasıdır. Deyilənlərdən belə aydın olur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son Bakı səfərində bununla bağlı səsləndirdiyi fikirlər əbəs deyilmiş, Moskva Bakını yeni SSRİ-də görmək istəyir və hətta gizli proses də gedir, müzakirələr aparılırmış. Deputat, Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya məsələləri komitəsinin üzvü Zahid Orucla söhbətimizdə ilk olaraq bu mövzudan başladıq:

- Zahid bəy, Vladimir Lepexinin son açıqlamasını necə izah edirsiniz? İndiki durumda Azərbaycanın Avrasiya İttifaqına qoşulması mümkündürmü? Hansısa şərtlər daxilində buna getmək olarmı?

- Yeni İttifaq qurmaq üçün Lenin kimi dahi inqilabçı olmaq belə yetərli deyil. Çünki Rusiyanın imperiya quracağını deyib Şərqi Avropada və Baltikyanı ölkələrdə hərbi çəkisini artıran NATO, sadəcə, genişlənməyə və hərbi mövcudluğuna əsas qazanmağa çalışır. İndi Putinin hər bir addımını Hitlerlə paralelləşdirmək Qərb üçün əla bir startap olub. Lakin heç kəs sual etmir - Avrasiya İqtisadi Birliyi ilə Qərb arasında ticarət dövriyyəsi necədir, yəni ayrıca götürülmüş İtaliya, Almaniya və Fransa ilə hansı əlaqələr hər şeyi izah edir. Doğrudur, bolşeviklərin zamanında, yaxud Stalinin hökmranlıq illərində də imperialist sayılan ölkələrlə böyük iqtisadi əməkdaşlıq mövcud idi. Lakin indi Putin özü elə bir ideologiya kəşf edə bilməz ki, yenidən xalqları total idarəçiliyi və ya köləliyi altında hər hansı birliyə qoşsun. Deməli, SSRİ ideyası Qərbin əlində qorxu aləti və antirusiya cəbhəsini ayaqda saxlamaq texnologiyasıdır. Azərbaycan heç vaxt vahid iqtisadi və hərbi ittifaqda olmayacaq.


- Belə fikirlər var ki, Qarabağla bağlı razılaşmaların fonunda Avrasiya blokuna qoşulmaq olar...

- Azərbaycanın hətta Qarabağı öz nəzarəti altına qaytarması belə, geopolitik konsensus yaratmayacaq. Əksinə, kim Xankəndinə nəzarət edirsə, onun müstəqilliyi daha çox təhlükə altına düşür. Belə mürəkkəb beynəlxalq şəraitdə təhlükəsizlik zolağı yaradıb onun içərisində yaşamaq hədsiz çətindir. Təsəvvür edin ki, Rusiya planı münaqişənin çözümünə səbəb olur və Obama Putinlə birgə vahid sənədə imza edirlər, hər halda bundan sonra Qafqazın gələcəyini təsəvvür etmək yenə də asan deyil. Çünki iqtisadi olaraq Qərbin partnyoru olan Azərbaycan Qarabağa sahib olmaq üçün bütün Qərb kompaniyalarını qovub burada ikinci Ermənistana bərabər bir rus koloniyası yaradası deyil. İlham Əliyev tarixdə bir qarış torpaq itkisinə yol verməmiş lider kimi qalmaq istəyərkən regional qüvvələr arasında hansı addımlar atmağın gərək olduğunu bilən ən böyük sərkərdədir. Ona görə də bizim dövlətimiz məhz ölkə başçısının sayəsində statik olaraq şərt gözləyən tərəf deyil, öz maraqlarının tələb etdiyi şəraiti formaşaldıran mühüm beynəlxalq aktyordur. Məsələn, bu günlərdə Rusiya da Cənub Qaz dəhlizi ilə bağlı Azərbaycanla eyni konsepsiyanı bölüşəndə heç kəs təəccüblənmir.

- Azərbaycandakı vəziyyətlə bağlı bir neçə ay öncəyədək ciddi tənqidi fikirləriniz oldu. Düzdür, sonrakı dönəmdə deyəsən, özlüyünüzdə “sükut ayları” elan etdiniz və susmağa üstünlük verdiniz. Bu müddətdə tənqid hədəfinizdəki hansısa sahələrdə irəliləyişlər oldumu?

- Devalvasiya fonunda ənənəvi iqtisadi inkişafdan qopmuş və sosial sabitlik atmosferindən kənarlaşmaq yolunu tutmuş insanları görərkən ona biganə qalmaq nəinki millət vəkili adına, eləcə də müdafiə etdiyim siyasi kursun mahiyyətinə və onun gələcək davamlılığı ideyasına zidd olardı. Mənim dilə gətirdiyim tənqidi fikirlər ulu öndər ideallarına sədaqətimdən doğurdu və yeni çağırışlar qarşısında olan ölkəmin taleyinə biganə olmadğımızı göstərirdi.

Halbuki, əlimizi sıxıb bizimlə həmrəylik göstərənlər hər vəchlə susmaqla hara xidmət etdiklərini özləri bilmirdilər. Onlar qazandıqlarını itirməmək üçün istənilən rejimlə müqavilə bağlayarlar. Onlar bir vaxtlar Napoleon Fransasında olduğu kimi, royalistlər və yakobinçilərin, digər cərəyanların arasında gedən qanlı savaşlarda, termidor inqilablarında başları kötüyə gəlməsin deyə, min cür hiyləyə əl atanlara bənzəyirlər. Əslində parlamentdə normal müzakirə mühitində prezident İlham Əliyevin elan etdiyi yeni kursun mahiyyətini daha yaxşı izah etmək, onun hansı hədəfləri qarşıya qoyduğunu daha müfəssəl çatdırmaq mümkün idi. Lakin bəzən sükutu mövqeyə çevirənlərin çoxluğu fonunda fərqli tribunalarda söylənilən fikirlərimizə fərqli libas geyindirənlər olur.

Hər bir halda prezidentin məhz xalqa söykənərək inqilabi islahatları davam etdirməsi hər cür devalvasiya şokunu adlatmağa imkan verdi və yalnız birinci şəxsin dayanıqlı, yüksək etimada malik olması kəskin sosial toqquşmalardan yan keçməyə şərait yaratdı. Dövlət başçısı problemləri imkana çevirməyi bacardı. Ona görə həmin dövrdə ən sərt leksikona malik olan İlham Əliyevi müxtəlif hakimiyyət dəhlizlərində dərindən təhlil edənlərin hamısı bizim kimi düşünürdü.

Faktiki olaraq instusional islahatların dərinləşməsi və dəyişilən siyasətin keyfiyyət fərqi dediklərimizə sübutdur. Xalqdan gələn çağırışları ən yaxşı dinləyən lider məhz prezidentin özüdür. “Sükut mövqeyi”nə çəkilməyə gəldikdə isə, hər halda siyasət birxətli və təkməchullu tənlik deyil. Onu matrisa kimi qəbul edərək bir çox beyinlərin sakitləməsini gözləmək lazım idi. Lakin mən parlament üzvü kimi heç zaman əqidəmdən və siyasi yolumdan dönməmişəm.

- Necə bilirsiniz, çevik hökumət modeli bizdə niyə reallaşmır? Kadr bankımız zəifdir, yoxsa məmur maneəsi kifayət qədər güclüdür ki, yeni, gənc kadrlara “yaşıl işıq” yandırılmır?

- Çevik hökumət modelini indi həyata keçirənlər təkcə “Asan Xidmət”çilər deyil. Hər halda idxal və ixrac əməliyyatlarının şəffaf əsaslarla həyata keçirilməsi, sosial təminat sektorunda və hərbi sistemdəki dəyişikliklər, o cümlədən, sahibkarlıq sinfinə qarşı aparılan haqsız rəqabət mühitinin ortadan qaldırılması üçün son 9 ayda həyata keçirilən genişmiqyaslı tədbirlər yeni Azərbaycan quruculuğunun tərkib hissəsidir. İndi hətta bir il əvvəlki dönəmdən fərqli olan onlarla köklü dəyişilim proqramlarının reallığa çevrildiyini söyləyə bilərik. Gənclər idarəçiliyin mühüm nüvəsini təşkil etsə, idarəçiliyi nəsillər arası davaya çevirmək olmaz. Həyat hansı harmoniyada mövcuddursa, dövləti də həmin mexanizmdə ayaqda tutmaq mümkündür. Lakin prinsiplərin daimiliyinə hər hansı yaş amilindən daha çox önəm verilməlidir.

- Sabiq səhiyyə naziri Əli İnsanov deyib ki, 4 aydan sonra həbsdən çıxandan sonra hakimiyyətlə hesablaşacaq. Onun azadlığı şəraitində nələr ola bilər, proqnozunuz necədir?

- Əli İnsanovun həbsi və ya oradan çıxması ətrafında ajiotaj onun həqiqi siyasi və elmi çəkisindən xeyli artıq aparılır. Halbuki o, nə regional lider, nə də milli cəfakeşdir. Kiminsə dəmir barmaqlıqlar arxasından iddialı bəyanatlar verməsi azadlıqdan məhrum edilmiş bir insanın qəzəbindən başqa bir şey deyil. Ötən illər ərzində dəyişilmiş və yeni düşüncə reallığı içərisində yaşayan bir ölkədə bolşevizm və revanişimzmlə xalqın dəstəyini qazanmaq qeyri-mümkünüdür. Cəmiyyət kəskin keçidləri qəbul etmir. Radikalizm sovetlərdən sonrakı illərin siyasi trendi idi, indi hətta ən populyar avantüraları belə toplumun ağıllı və dayanıqlı vəziyyəti fonunda irəlilətmək bir kimsəyə nəsib olmur. Baxın, köhnə siyasi qvardiya və cəbhə şinelini geyinərək vitrinə çıxan hər kəs xalq tərəfindən test edilib və cəmiyyəti təəccübləndirmək elə də asan deyil. Ona görə də kiminsə Əli İnsanovdan Nelson Mandela düzəltməsi yalnız siyasi romantizm xəstəliyidir. Hər halda millətimizə bir müqəddəs Əli adı bəllidir - o da İmam Əli Əleyhissəlamdır.

- Necə bilirsiniz, bu gün Azərbaycanın Qarabağdan sonra ən böyük problemi nədir, manatın devalvasiyası, korrupsiya, məhkəmələrin qeyri-müstəqilliyi, yoxsa məmur özbaşılnalığı?

- Qarabağdan sonra ifadəsi çox maraqlıdır. Əslində uzun illərin işğal reallığı müxtəlif idarəçilik problemlərinin yaradıcısı olub. Lakin cənab prezidentin “asan inqilab layihəsi” sübut etdi ki, bu xalqla ən yaxşı hüququ dövlətini qurmaq və ilahi ədaləti təmin etmək mümkündür. Lakin cəmiyyətin sosial və siyasi orqanizmi daha mürəkkəbdir. Maraqları tapdalanan xarici və daxili qüvvələri nəzərə almadan bütün mənfilikləri bir günün içərisində yox edə bilməzsən. Pislərin ittifaqı yaxşıların alyansından daha mütəhərrik olur. Ona görə də ən böyük problemimiz “hamı üçün yaxşı olan modeli qura bilməyənlərin, heç kəs üçün ayrılıqda cənnət yarada bilməzliyi” düşüncəsinə gəlib çatmasıdır. Biz kollektiv düşüncəni hakim olaraq qəbul edən qərblilərdən fərqli olaraq fərdiyətçiyik. Ona görə birinci şəxsin liderlik istedadı və müasir dünyanın aparıcı axınlarını bilmək qabiliyyəti ən yaxşı çıxış yolumuzdur.

- Özünüz futbol həvəskarısınız və parlamentin futbol komandasında da oynayırsınız. Maraqlıdır, Avropa Çempionatında hansı komandaya azarkeşlik edirsiniz?

- Əslində dünyada Kameruna azarkeşlik edirəm. Lakin Avropa komandaları arasında ispanların azarkeşiyəm.

- Çempion kim olacaq, sizcə?

- Məncə, çempion ingilislər olacaq.

- Bəs, Türkiyə millisindən nə gözləyirsiniz?

- Təəssüf ki, Türkiyə 8 il əvvəlki deyil...

Geri qayıt