Əsas Səhifə > Partiya, Güney Press > "Türkiyə və Rusiyanın milli maraqları yaxşı münasibət saxlamağa sövq edir"

"Türkiyə və Rusiyanın milli maraqları yaxşı münasibət saxlamağa sövq edir"


30-06-2016, 10:04
"Türkiyə və Rusiyanın milli maraqları yaxşı münasibət saxlamağa sövq edir"
İyunun 28-də İstanbulda Atatürk Hava Limanında törədilən terakt dünyanın diqqətini yenidən Türkiyəyə yönəldib. Ankara ilə Moskva və İsrail arasında “buz”ların əridiyi vaxtda İstanbulda 42 nəfərin öldürülməsi ortada ciddi suallar qoyur.

İstanbulda terror törədənlərin əsas məqsədi nədir? Bu suala Azərbaycanlı deputatlar cavab tapmağa çalışıb.

Millət vəkili Rasim Musabəyov İstanbulda törədilən terror aktının Türkiyənin Rusiya və İsraillə münasibətləri bərpa etmə cəhdinə qarşı yönəldiyini istisna etmədiyini bildirib: “İŞİD İsraili və onunla yaxın münasibətləri olan hər bir dövləti bütün müsəlman dünyasının düşməni hesab edir. Rusiya isə İŞİD-ə qarşı olan Əsədi dəstəkləyir və onları bombalayır. Ona görə də Rusiya-Türkiyə yaxınlaşması İŞİD tərəfindən mənfi qəbul olunur. Bu baxımdan istisna etmirəm ki, İstanbul Atatürk Hava Limanında törədilən terror aktı bilavasitə İŞİD tərəfindən törədilib. Amma, terror aktının hansı təşkilatın törətdiyini hadisə ilə bağlı başladılan istintaqın yekunları göstərəcək”.

R.Musabəyov qeyd edib ki, Türkiyə-Rusiya, Türkiyə-İsrail yaxınlaşmasının gələcək inkişaf sürəti terror aktı ilə bağlı olmayan məsələdir: “Türkiyə və Rusiyanın milli maraqları yaxşı münasibət saxlamağa sövq edir. Hesab edirəm ki, bu əsas məsələdir”.

Millət vəkili Sahib Alıyev qeyd edib ki, Yaxın Şərqdə qlobal savaşı başladanlar Türkiyəni hədəf halına gətirməyə çalışırlar: “Guya PKK-nın Suriya qanadı PYD İŞİD-ə qarşı vuruşur. Amma, hansısa bir sehrli çubuğun təsiri ilə bir-birinə qarışanlar eyni zamanda Türkiyəyə saldırırlar. Bu necə olur? Bunun arxasında hansı məntiq durur? Necə olur ki, bir-birinə qarşı vuruşanların hər birinə göydən silah-sursat, hərbi texnika atılır? Sonra da deyirlər ki, səhv olub. Yəni, bütün bunlar göstərir ki, İŞİD, PKK əslində terror təşkilatı olmaqdan daha çox bəlli qurumların əlində terror alətidir. Bu alətlər vasitəsilə Yaxın Şərqdə xaos yaradırlar, altını üstünə çevirirlər. Amma, Türkiyə Yaxın Şərqin altının üstünə çevirdikləri dövlət deyil. Türklər 20-yə yaxın imperiya yaratmış millətdir və kim olduqlarını dəfələrlə göstəriblər. Ümid edirəm ki, Türkiyə bütün bu terror basqılarından azad olacaq və terrorun kökünü kəsməyi bacaracaq”.

S.Alıyev bildirib ki, terror aktının Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətlərinin düzəlməsi fonunda baş verməsi sadəcə bir elementdir: “Türkiyənin hədəfə götürüldüyü, onu gözü götürməyənlərin ölkəni təcrid vəziyyətində saxlamaq istədikləri göz önündədir. Rusiya və İsrail məsələsi sadəcə bir elementdir. Terror aktları isə Türkiyəni təcrid vəziyyətinə salmaq istəyənlərin planlarını pozmasına verdikləri reaksiyasıdır”.

Millət vəkili Elman Nəsirov bildirib ki, Türkiyənin beynəlxalq terrorçu qruplaşmaların hədəfinə çevrilməsi bu ölkənin fəal xarici siyasət kursu həyata keçirməsi ilə bağlıdır: “Əgər Türkiyə 20 il əvvəl Yaxın Orta Şərq regionunda anoloji proseslər baş verəndə Türkiyə “bu bizim işimiz deyil” deyirdisə, indi konkret hədəfləri var. Türkiyə cümhuriyyətin 100 illiyinin qeyd olunacağı 2023-cü ilə çox böyük nailiyyətlərə imza atmaqla getmək istəyir. Son günlər Rusiya və İsraillə münasibətləri bərpa etmək siyasəti göstərir ki, Türkiyənin xarici siyasət kursu daha da intensivləşib. Eyni zamanda Rusiya və İsraillə münasibətlərin bərpası nəticə etibarilə Türkiyəyə yay mövsümündə yenidən çox böyük turist axının gəlməsi və büdcəyə milyardlarla əlavə valyutanın daxil olması deməkdir. Belə olan vəziyyətdə Türkiyəni sevməyən, müstəqil xarici siyasəti kursunu qəbul etməyən qüvvələr fəallaşıblar və onların da ənənəvi silahı terrordur. Turistlərin yenidən Türkiyəyə axın etməyə başladığı bir məqamda onu təhklükəli ölkə kimi təqdim etmək istəyirlər. Ona görə də belə bir qanlı hadisəni törədiblər”.

E.Nəsirov qeyd edib ki, Türkiyədə ard-arda törədilən terror aktları sivil dünya üçün də bir mesajdır: “Türkiyədə törədilən terror aktları sivil dünya üçün ibrət dərsi olmalıdır. Çünki, bir çox hallarda Avropa ölkələrində, son olaraq Brüsseldə terror aktı törədilərkən, qitənin bütün dövlətlərinin liderləri həmrəylik nümayiş etdirdilər. Fransada oxşar hadisə baş verəndə Avropa liderləri əl-ələ verib Paris küçələrinədə gəzdilər və beynəlxalq terrorizmə qarşı müharibə elan etdilər. Lakin Türkiyəyə münasibətdə anoloji halın şahidi olmamışıq.

Hesab edirəm ki, bütün bunlardan dünya liderləri dərs almalı və bilməlidirlər ki, beynəlxalq terrorizmə qarşı mübarizə hər yerdə, hər zaman olmalıdır. Bir yerdə mübarizə aparılsın, başqa yerdə susulsun, bu qəbuledilməzdir. Bu mövqe beynəlxalq terrorizmin mənafeyinə işləyir. Ona görə də İstanbuldakı son terror olayı sivil dünya üçün həyəcan siqnalı olmnalıdır”.

Qeyd edək ki, iyunun 28-də İstanbul Hava Limanında törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb.

İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır.

Geri qayıt