Əsas Səhifə > Partiya, Güney Press > Sabiq MTN zabitindən İŞİD təhlükəsi ilə bağlı ilginc açıqlamalar

Sabiq MTN zabitindən İŞİD təhlükəsi ilə bağlı ilginc açıqlamalar


13-07-2016, 09:03
Sabiq MTN zabitindən İŞİD təhlükəsi ilə bağlı ilginc açıqlamalar
Türkiyənin “Milliyet” qəzetinin İŞİD terror təşkilatının üzvlərini Avropaya göndərmək üçün Azərbaycan, Gürcüstan və Kipr ölkələrini yeni marşrut xətti kimi seçdiyi, Azərbaycan və Türkiyəni hədəfə aldığı barədə verdiyi xəbər hər iki dövlətdə ciddi narahatlıq doğurub. Ekspertlər xəbərin ardından həyəcan təbili çalırlar.

Azərbaycanın İŞİD təhlükəsini önləmək üçün ciddi tədbirlər görməsi, dünyanın öndə gedən xüsusi xidmət orqanları ilə əməkdaşlığı genişləndirməsinin vacibliyi vurğulanır. Qəzetin xəbərində İŞİD-ın Azərbaycan və Türkiyədə terror aktları törətmək üçün Azərbaycan və Şimalı Qafqaz terrorçularından istifadə edəcəyi barədə xəbərin verilməsi təhlükəni daha da artırır.

Xüsusilə, İŞİD-ın tərkibində azərbaycanlıların olduğunu nəzərə alsaq, təcili addımların atılması çox vacibdir.

Keçmiş MTN rəhbərlərindən olan, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər terror təhlükəsinin gücləndiyini bildirdi: “İndiyə qədər etdiyimiz xəbərdarlıqlara baxmayaraq, Azərbaycan hakimiyyəti lazımı tədbirlər görməyib. Bu istiqamətdə atılan addımları hələ ki, yetərsiz hesab edirəm. Çünki terrorla mübarizə aparmaq üçün ilk növbədə, ölkənin güclü kəşfiyyat xidməti olmalıdır. Nəzərə alsaq ki, MTN ləğv edilib və bu kəşfiyyat xidməti yenidən qurulur, onda mənzərə aydın olar. İŞİD-lə sözdə deyil, realda ciddi mübarizə aparan dövlətlərin xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq etmək lazımdır. Burada Azərbaycan, ilk növbədə, qardaş Türkiyə ilə sıx əməkdaşlıq etməlidir. Bundan əlavə, ABŞ, İsrail, Almaniya, Fransa, Böyük Britaniyanın da kəşfiyyat orqanları ilə yaxın əlaqələr qurulmalıdır. O cümlədən, Pakistan kəşfiyyatı ilə də yaxından əməkdaşlıq çox vacibdir. Çünki onların terrorla mübarizədə böyük təcrübələri var. Sadaladığım ölkələrlə Azərbaycan qısa zamanda sıx əlaqələr qurmağı bacarmalıdır. Özü də qura bilməsə, burada Türkiyənin yardımından istifadə etməlidir. Çünki Türkiyənin qeyd etdiyim ölkələrlə uzun illərdir sıx, praktiki əlaqələri var. Bir amili unutmaq olmaz ki, terrorla mübarizədə kəşfiyyat çox önəmlidir. Terror təşkilatları qloballaşıblar. Yüzlərlə Azərbaycan vətəndaşı İŞİD sıralarında döyüşür. Eyni zamanda, ölkə daxilində İŞİD-lə bağlı olan şəxslərin həbsləri, məhkəmələri keçirilir. Terror təşkilatı artıq Türkiyə və Azərbaycanı özünün əsas hədəflərindən biri kimi elan edib”.

S.Əkbər türk kəşfiyyatının dünyanın aparıcı kəşfiyyat xidmətlərindən olmadığını qeyd etdi: “Yalnız Türkiyəyə arxalanmağımız yetərsiz olar. Unutmaq olmaz ki, dünyanın qabaqcıq kəşfiyyat xidmətləri belə terrorun qarşısını ala bilmirlər. İŞİD gizli, radikal şəkildə mübarizə aparır və öz sıralarında təmizləmə işi aparmağı bacarır. Buna görə onların sıralarına adam yerləşdirmək çətindir. Aşağı səviyyələrdə agentlər ola bilər. Amma unutmaq olmaz ki, qərarların siyasi, strateji, praktiki və operativ kimi səviyyələri var. İŞİD terror qruplaşması olduğundan, burada siyasi və strateji qərarlar vahiddir. Burada rəhbərliyə adam yerləşdirmək çətindir. Azərbaycan və Türkiyə imkanlarını birləşdirməlidir. Siyasi, strateji və operativ səviyyələr güclü olmalıdır. Çünki hansı ölkədə terror törədiləcəyi bu səviyyəli qərarlarla verilir. Rus kəşfiyyatının bu sahələrdə imkanları çoxdur. Çünki İŞİD rəhbərliyi keçmiş ”əl-Qaidə" üzvləri və Səddam Hüseynin generallarından ibarətdir. O generallar da Rusiyada təhsil alıblar. Rus dairələri ilə yaxından əlaqələri var. Rusiyanın bu informasiyaları bizimlə bölüşüb-bölüşməməsi mənim üçün sualdır".

Sabiq MTN-çi azərbaycanlı İŞİD-çinin Türkiyədə həbs edilməsi, birinin də axtarışda olmasına bu cür şərh verdi: “İŞİD Türkiyə və Azərbaycanı hədəf seçibsə, demək bu ölkənin vətəndaşlarından istifadə edəcək. Dünyada baş verən terrorlar bunu sübut edir. Bu baxımdan gözləniləndir. MDB ölkələrinin vətəndaşlarından da istifadə oluna bilər. İŞİD strateji düşüncəyə sahib şəxslər tərəfindən idarə olunur. Bu amansız terror təşkilatından gələn hər bir informasiyanı ciddiyə almaq lazımdır. Əks halda nəticələri ağır ola bilər”.
Partiya sədri Azərbaycanın hədəf seçilməsinə də aydınlıq gətirdi: “Türkiyənin hədəf seçilməsi bəllidir. Çünki uzun zamandır aktiv şəkildə İŞİD-lə mübarizə aparır. Azərbaycana gəldikdə isə, bunun səbəblərini dəqiq bilmirik. Əgər İŞİD burada terror törətmək istəyirsə, təkcə Azərbaycanla bağlı ola da bilməz, digər ölkələrə yönəlik siyasət də ola bilər. Azərbaycanda bir çox xarici ölkələrin nümayəndəlikləri var. Yəni İŞİD harada mümkünsə, orada da mübarizəsini aparacaq. Bu, sərhəd mübarizəsi deyil. Hər istiqamətdən təhlükə gözləmək olar. Azərbaycan və Türkiyə arasında sıx əlaqələr var, strateji müttəfiqlik mövcuddur. Eyni zamanda, ölkə daxilində İŞİD-la ciddi mübarizə gedir. Bunu həbs edilmələr, keçirilən məhkəmələr sübut edir. Bu baxımdan hədəfə gələ bilərik”.

Müsahibimiz sonda Azərbaycanın İŞİD təhlükəsindən sovuşmaq üçün hansı istiqamətlərə diqqət yetirməsindən də söz açdı: “Təhlükəsizlik orqanı İŞİD təhdidi ilə mübarizəni narıncı səviyyəyə qaldırmalıdır. Narıncı qırmızı rəngdən öncəsidir. Qırmızı səviyyə o zaman elə olunmalıdır ki, artıq kəşfiyyat orqanının təhlükə barədə əlində informasiya olsun. Yəni terror olması, harada törədiləcəyi barədə dəqiq məlumat olur. İndi ümumi məlumat olduğuna görə, narıncı səviyyəyə qaldırılmalıdır. Belə halda təhlükəsizlik xidməti hazır vəziyyətdə olur. Açığı panika yaratmağa da ehtiyac yoxdur. Azərbaycan hazırlıqsız yaxalanmamalıdır. Deyilməməlidir ki, terror gözlənilmirdi. Azərbaycan hakimiyyəti və cəmiyyəti bilməlidir ki, belə hadisə gözlənilir”.

Geri qayıt