Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanda belə bir qarşıdurma yoxdur"

"Azərbaycanda belə bir qarşıdurma yoxdur"


18-07-2016, 10:24
"Azərbaycanda belə bir qarşıdurma yoxdur"
Məlum olduğu kimi, İŞİD terror təşkilatının əsas hədəflərindən biri də şiələrin ziyarətgahları və məscidləridir. İraqda, Suriyada şiə məscidlərinin tez-tez partladılması və yüzlərlə müsəlmanın həlak olması da bunun göstəricisidir.

Bütün bu faktlar ölkəmizdə də şiə ziyarətgahlarının və məscidlərinin mühafizəsini gücləndirməyin vacib olduğunu göstərir. Çünki Azərbaycan da İŞİD-in hədəfində olan və bu terror təşkilatından təhdid almış ölkələrdən biridir. Bəs, görəsən Azərbaycanda məscidlər, kütləvi ibadət yerləri, ziyarətgahlar necə qorunur?

Bu suala cavab tapmaq üçün Azərbaycandakı ən qədim müqəddəs ocaqlardan biri olan, Bibi Heybət ziyarətgahına baş çəkib, oranın necə mühafizə olunması ilə maraqlandıq.
Qeyd edək ki, Bibi Heybət ziyarətgahı XIII əsrdə Şirvanşah II Fərruxzad tərəfindən tikilib. Buradakı 4 məzarda şiələrin VII imamı Museyi Kazımın (ə) qızı, VIII İmam Rzanın (ə) bacısı Həzrəti Həkimə xanım və imam Museyi Kazımın (ə) daha 3 nəvəsi yatır. Bura Bakının ən böyük məscidlərindən biri olmaqla yanaşı, həm də müqəddəs ziyarətgahdır.
Təhlükəsizlik tədbirlərinə gəlincə, ziyarətgahın həyətinə daxil olarkən qapının ağzında dayanan mühafizəçi gələnlərə nəzarət edir. Əlindəki dedektorla şübhəli görünən iri çantaları yoxlayır. Digər mühafizəçi isə ziyarət yerində müşahidə aparır. Bundan başqa demək olar ki, məscidin hər yerində müşahidə kameraları var. Həm ziyarətgahın həyətində, həm də içəridə, dəstəmaz yerlərinin girişində, koridorlarda, giriş qapısında müşahidə kameraları yerləşdirilib. Bu kameralar isə ümumi müşahidə otağında, mühafizə sisteminin rəhbəri tərəfindən izlənilir. İçəridəki monitorlardan təxminən 10-dan artıq monitor eyni zamanda izlənilir. Bundan əlavə məscidin öz işçiləri də mülki geyimdə nəzarət həyata keçirir.

Həmin işçilərdən birinin sözlərinə görə, hər həftənin cümə günü camaat namazı qılınarkən və ya dini bayramlarda, Aşura məclislərində məscidə mühafizə xidmətindən əlavə polis də nəzarət edir. Bir sözlə, insanların kütləvi olduğu günlərdə polis təhlükəsizliyi təmin edir.
Qafqaz Müsəlmanları İdarəsindən rəsmi icazə almadığımız üçün məscid rəhbərliyindən açıqlama ala bilməsək də, ümumi mühafizə sistemi ilə bağlı bunları öyrənə bildik.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin nəzarətində olan digər böyük məscidlər də xüsusi qaydada, həm mühafizə sistemi, həm də təhlükəsizlik kameraları ilə qorunur. Həmçinin, bu məscidlərdə kütləvi ibadətlər zamanı təhlükəsizliyi dövlətin hüquq-mühafizə orqanları təmin edir. Bu baxımdan Bibi Heybət Məscidində də son hadisələrdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Ekspertlər də məscidlərin mühafizə edilməsinin vacibliyindən danışsalar da, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac duymurlar. Hesab edirlər ki, bu insanlarda səbəbsiz yerə xof və narahatlıq yaradacaq.

Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təhlükəsizlik tədbirləri təkcə məscidlərdə yox, hər yerdə artırılmalıdır: “Mən məscidlərin daha çox hədəfdə olduğuna inanmıram. Terrorçular daha çox insanların kütləvi toplaşdıqları hava limanlarında, parklarda öz əməllərini həyata keçirməyə üstünlük verirlər. O baxımdan bəzi ölkələrdə bu məscidlərdə baş verənlərin hamısını İŞİD-lə əlaqələndirmək olmaz. Hər şeyin İŞİD tərəfindən edilməsi də bir az inandırıcı görünmür. Həmin dövlətlərin özlərinin hansısa təxribatlarının olması da istisna deyil. Suriyada, İraqda daha çox məzhəblərarası konfliktlər var, Azərbaycanda belə bir qarşıdurma yoxdur. Ola bilər ki, şifahi olaraq söz səviyyəsində mübahisələr ola bilər, lakin ciddi bir problem yoxdur. Bu mənada mühafizə hər yerdə təşkil olunmalıdır, məscidlərin xüsusi qaydada qorunmasına ehtiyac görmürəm”.

Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl isə qeyd etdi ki, İŞİD tərəfindən məscidlərin hədəfə alınması Azərbaycan üçün aktual deyil: “Mən özüm də İŞİD təhlükəsindən yazmışdım, ancaq Azərbaycan bu dəqiqə İŞİD-in hədəfində deyil. Hədələri var, bizə hədələr göndərirlər, fərdi olaraq da polis işçilərinə hədələr göndərirlər. Lakin bu saat özləri də bilirlər ki, Azərbaycanda şiə məscidini hədəfə götürsələr, çox pis reaksiya ilə qarşılaşa bilərlər. Təhlükəsizlik tədbirləri isə təkcə məscidlərdə yox, hər yerdə olmalıdır. Bütövlükdə Azərbaycanın İŞİD təhlükəsindən qorunması üçün tədbirlər görülməlidir. Lakin yalnız məscidlərin mühafizəsinin gücləndirilməsi həm əlavə maliyyə imkanları tələb edir, həm məscidlər elə dindarlar tərəfindən, öz işçiləri tərəfindən qorunur. Ona görə də xüsusi bir informasiya olmadan mühafizəni gücləndirmək əhalidə çaşqınlıq yarada bilər. Bu səbəbdən hər yer üçün ümumi mühafizə lazımdır”.

Geri qayıt