Əsas Səhifə > Partiya, Güney Press > "Sifarişlə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyənlər var"

"Sifarişlə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyənlər var"


22-09-2016, 09:12
"Sifarişlə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyənlər var"
"Azərbaycanla Rusiya arasında olan yeni, keyfiyyətcə yüksək olan münasibətlərin ilk səbəbi dövlətlərimizin həm dünyada, həm də regionda güclənməsi və artan nüfuzudur. Bu baxımdan çox ciddi məsələlər həll olunur, çox ciddi müqavilələr imzalanır".

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bildirib.

Azərbaycan və Rusiya əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hər zaman yüksək səviyyədə olduğunu nəzərə çatdıran deputat son illər bu münasibətlərin keyfiyyətcə yeni mərhələsini müşahidə etdiyimizi qeyd edib.

"Bəziləri yalnışlıqla düşünür ki, Azərbaycan öz xarici siyasətində dəyişiklik edir. Rusiya-Azərbaycan münasibətləri həmişə yüksək səviyyədə olub, baxmayaraq ki, bu münasibətlərin əleyhinə çalışan qüvvələr var. Azərbaycan müstəqil dövlətdir, Avropa Şurasının üzvüdür, bir çox ölkələrlə ikitərəfli, strateji münasibətləri var. Amma Azərbaycanla Rusiyanın keyfiyyətcə indiki yüksək olan münasibətlərinin bir sıra səbəbləri var. Biri, Rusiyanın son zamanlar dünyada artan nüfuzudur, Azərbaycanın isə regionda xüsusi nüfuzu var və bu artmaqdadır, həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından", - deyən Əli Hüseynli Bakıdakı Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşünə diqqət çəkib. Deputat bildirib ki, bu görüş göstərmiş oldu ki, Azərbaycan nə qədər əhəmiyyətli bir dövlətdir. Təbii ki, kənardan baxanda düşünmək olur ki, əvvəllər baş verməyən hadisələr baş verir. Bəli, baş verir. Ona görə ki, gücümüz artır. Heç bir regional proyekt bizim iştirakımız olmadan həyata keçirilə bilməz"

Əli Hüseynli onun da qeyd edib ki, münasibətlərimizin belə olması hər iki dövlət üçün faydalıdır: "Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə müstəsnalıq var. Rusiyada minlərlə tələbəmiz təhsil alır. Milyonlarla azərbaycanlı yaşayır və Rusiyanın rifahına çalışır. Buna görə də bizim münasibətlər başqa cür ola bilməz".

Deputat Azərbaycan-Rusiya münasibətlərinə sifarişlə kölgə salmaq istəyənlərin olduğunu da vurğulayıb: "Təəssüflər olsun ki, bəzi qüvvələr Azərbaycanla Rusiya münasibətlərinə kölgə salmağa çalışırlar. Sifariş yerinə yetirirlər. Ancaq prezidentlərimizin fəaliyyətləri buna yol vermir. Göstərirlər ki, hər şey millətin, xalqın rifahı üçün olmalı və cəmiyyət naminə çalışılmalıdır. Azərbaycan-Rusiya münasibətləri sülhə doğru yönəlib və dünyada da sülhü dəstəkləyir. Bununla biz dünyaya göstəririk ki, fərqli dinə, fərqli dilə, hətta fərqli mədəniyyətə malik olan iki qonşu dövlət dostluq və qardaşlıq şəraitində yaşaya bilər".

Geri qayıt