Əsas Səhifə > Partiya, Güney Press > Meydan hərəkatının liderlərinin “agent” qalmaqalı bitmir

Meydan hərəkatının liderlərinin “agent” qalmaqalı bitmir


19-11-2016, 09:29
Meydan hərəkatının liderlərinin “agent” qalmaqalı bitmir
17 noyabr Milli Dirçəliş Günü ilə bağlı meydan hərəkatının liderlərindən olan Ənvər Əliyev “Yeni Müsavat”a verdiyi müsahibədə ciddi ittihamlar səsləndirib. Ə.Əliyev meydan hərəkatının lideri olduğunu bildirərək, o zamankı liderlərin hamısının sovet hakimiyyəti ilə əlaqələrinin olduğunu deyib. Bundan əlavə, o qeyd edib ki, 28 il öncənin məlum hadisələri ilə bağlı həbs edilərkən, meydan hərəkatında iştirak edənlərin hamısı onun üzünə durub və hadisələri onun təşkil etdiyini deyiblər.

Ə.Əliyevin əsas ittihamları meydan hərəkatının digər öncül isimlərindən biri olan Nemət Pənahlı ilə bağlı olub. O, N.Pənahlının 13 dəfə meydan hərəkatı dövründə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirovla görüşdüyünü və onun təşəbbüsü ilə meydanda yığılan milyonlarla pulun taleyinin necə olduğunu bilmədiyini qeyd edib.

Barəsindəki ittihamlarla bağlı qəzetimizə açıqlamasında N.Pənahlı sərt danışdı: “Onun nə deməsinin əhəmiyyəti yoxdur. O dövrdə mitinqlərin ilk iki gününü həqiqətən də hakimiyyət təşkil etmişdi və onun da təşkilatçısı Ənvər Əliyev idi. O, Fətulla Hüseynov və Fuad Musayevin tapşırıqlarını icra edirdi. Ona görə çalışdıq ki, mitinqləri dağıdaq. 17 noyabr mitinqi yeganə mitinqdir ki, onun təşkilatçılığında iştirak etməmişəm. Hakimiyyət nümayəndələrinin heç bir müqaviməti olmadan meydana gəlmişik. Ənvər Əliyev o zaman çıxış etdi ki, şəhər rəhbərliyi ilə danışmışıq oturaq aksiya keçirək, yemək, paltar veriləcək, kişilikləri çatsa pulsuz verəcəklər, çatmasa pul yığıb özümüz alacağıq. Onun bu çıxışlarından şübhələndik. Həmin vaxt Sumqayıt hadisələri baş vermişdi. Planlar qurulurdu ki, bu hərəkatı qan içində beşiyindəcə boğsunlar. Ona görə də Məhəmməd Hatəmi və mən 17-18 noyabrda qərara gəldik ki, dağılışaq və bir həftədən sonra yenidən toplaşaq. Onların məqsədini öyrənmək istəyirdik. 18-dən 19-na keçən gecə gördüm Ənvər Əliyev Fətulla Hüseynov və Fuad Musayevin qarşısında hesabat verir ki, təhlükə getdikcə artır, insanlar sel kimidir. Tələb edirdi ki, onu 360 manat cərimə etsinlər və bu yolla məsuliyyətdən azad olsun. Amma onlar da Ənvər Əliyev təkid edirdilər ki, bu mitinqi apar, heç yerə qaça bilməzsən. Bunları görəndən sonra onun üstünə hücum çəkib dedim ki, xalqı hakimiyyətin əli ilə bura yığıb, indi də aradan çıxmaq istəyirsən, sonra da xalq qırılsın?! Ondan sonra mən onu meydandan qovdum, təşəbbüsü ələ aldım. 22 noyabrdan 23-nə keçən gecə bəyan etdim ki, bura milli azadlıq hərəkatıdır”.

N.Pənahlı Ə.Əliyevin həbsinə səbəb olan ifadəsindən də söz açdı: “Sonradan biz həbs edildik. Guya mafiya axtarırdılar. Mən o zaman bildirdim ki, nə mafiya axtarırsız, mafiya mənəm, yoxsa Hatəmidir? Onu da bildirdim ki, Azərbaycandakı sovet rəhbərliyi belə bir hadisə təşkil etdi ki, Sumqayıt hadisələrinə bənzər hadisə törətsin. Biz də buna imkan vermədik və qarşısını aldıq. Onda Ənvər Əliyevin çıxışından sitat gətirdim, onun konkret üç mitinqi apardığını və sizə dediklərimi istintaqda da dedim. Söylədim ki, bu şəxs deyib ki, Bakı şəhər rəhbərliyi ilə danışıqlar aparılıb və sizlərə yemək, paltar veriləcək. O zaman da Bakı şəhərində rəhbər Fuad Musayev və Fətulla Hüseynov idi.

Məlum oldu ki, Ənvər Əliyevin meydandakı çıxışlarının hamısı yazılıb, videoçəkilişlər olub. Bizim mafiya onun çıxışını həmin yerdən çıxarıb. Mən bilmədən bu sözü deyəndə onlar tələb etdilər ki, bu çıxış hardadır. Çıxış isə əsas yerdən yoxa çıxarılmışdı. Mənim istintaqdakı bu ifadəmdən sonra həqiqətən onu həbs elədilər. O bizdən 3-4 ay sonra həbs edildi. Açığı, bilsəydim ki, mənim bu sözlərimə görə onu həbs edərlər, heç vaxt bunları deməzdim. O zamandan o mənə qarşı düşmənçilik edir.

Onun dediyi 17 noyabr mitinqində təşkilatçı olması ilə bağlı fikirlər tamamilə doğrudur. Biz, sadəcə, dövlətin təşkil etdiyi mitinqi ələ keçirmişik, Ənvər kimi tipləri meydandan qovmuşuq, ondan sonra da prosesləri milli azadlıq hərəkatına çevirmişik. Pul yığmaq təxribatını da o ortaya atıb. Hətta 3-4 gün təbliğat aparmışam ki, bura pul gətirməyin. Bunun qarşısını ala bilməyəndən sonra inandığım şəxslərdən olan Rəsul adlı birisini bu işə cəlb etdim. Yığılan pulların qəpiyinə qədər hesabat vermişəm.

KQB-nin o zamanlar nə qədər pul yığdığını dəqiq bilmirəm. Amma KQB və bizim təxmini hesablarımıza görə, orada 10 milyona yaxın pul yığılıb. Sonradan türmədə olarkən öyrəndim ki, həmin pulları Rəsuldan qapazlayıb alıblar. O puldan 130 min Rəsul KQB-yə verdi. Həbsxanadan çıxandan sonra cəmi oradan mənə 3 min manat pul verildi, onun da son qəpiyinə qədər hesab vermişəm”.

Geri qayıt