Əsas Səhifə > Partiya, Güney Press > Siyasi partiyaların 2017-ci il hazırlığı

Siyasi partiyaların 2017-ci il hazırlığı


25-11-2016, 08:13
Siyasi partiyaların 2017-ci il hazırlığı
Artıq 2016-ci ilin 11 ayı demək olar ki, arxada qalıb. Yola salmaqda olduğumuz il bir sıra siyasi partiyalar üçün səsli-küylü keçdi. Bir qrup siyasi partiya isə “adı var, özü yox” prinsipinə sadiq qalaraq ölkədə baş verən siyasi-iqtisadi, ictimai-sosial məsələlərə biganəlik nümayiş etdirdi.

Bəs ölkədə fəaliyyət göstərən siyasi partiyalar 2017-ci ilə necə hazırlaşırlar? Onların növbəti il üçün fəaliyyət planı hazırdırmı? Hansı partiyalarda 2017-ci il həm də qurultay ilidir?

Bir sıra partiya rəhbərləri və funksionerləri hafta.az-ın suallarını cavablandırmağa çalışıb:

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Calaloğlu:

“Hazırda dünyada və Azərbaycanda ağır sosial-iqtisadi böhran var ki, 2017-ci ildə dövlətlərin hansısa sahədə uğur əldə etməsi çox çətin olacaq. Bu baxımdan 2017-ci ilin siyasi partiyalar üçün çətin olacağını indidən qeyd etmək istəyirəm. Düşünürəm ki, 2017-ci ilin ağırlığı Azərbaycan Demokrat Partiyasından da yan keçməyəcək. Siyasi partiyalarda hər il üçün fəaliyyət proqramı təsdiqlənmir. Faktiki olaraq qeydiyyatdan keçərkən bir fəaliyyət proqramın olur və o mərhələli şəkildə həyata keçirilir. ADP-də də bu baxımdan işlər davam etdiriləcək. İl ərzində dünyada və ölkədə baş verənlər isə cari məsələlərdir. Təbii ki, onlar da nəzərə alınacaq”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə:

“2017-ci ildə ADİP qurultay keçirməyəcək, çünki qurultayın vaxtı deyil. Bizim hər il üçün müəyyən proqramlarımız olur. Yeni ilin ilk həftəsindən başlayaraq, idarə heyəti tərəfindən qəbul edilmiş həmin proqramın icrasına başlanacaq. Partiya üzümüzə gələn ildə bir sıra sosial, siyasi proqramlar hazırlamağı qarşısına məqsəd qoyub. 2017-ci ildə də Azərbaycan Demokratik İslahatlar Partiyası əvvəlki kimi ölkənin sosial, ictimai, mədəni həyatında fəal iştirak edəcək”.

Azərbaycan Sosial Demokratlar Partiyasının (ASDP) sədri Araz Əlizadə:

“Bizim üçün təqvimin dəyişməsinin fəaliyyətimizə, planlarımıza heç bir təsiri yoxdur. Biz ardıcıl və davamlı şəkildə öz xəttimizlə gedirik. Partiyada işlər əvvəlki qaydada davam etdiriləcək. 2017-ci ildə nizamnaməyə əsasən növbəti qurultayımız keçirilməlidir”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan:

“Hazırda partiyanın Qurultay Təşkilat Komitəsi fəaliyyətdədir. 2017-ci ildə görüləcək işlərlə bağlı fəaliyyət planı hazırlanır. Çox güman ki, biz gələn il növbəti qurultayımızı keçirəcəyik”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev:

“2017 seçkisiz il olduğu üçün daha çox cari fəaliyyətlə məşğul olacağıq. 2018-ci ildə isə Aərbaycanda çox vacib seçkilər var. Bu seçkilərə hazırlaşmaq üçün ilk növbədə təşkilati işlər genişləndirilməlidir. 2017-ci ildə bu məsələlərə də diqqət ayrılacaq. Həmçinin qeyd edim ki, 2017-ci ildə Vətəndaş və İnkişaf Partiyasının qurultayı da keçirilməlidir. Nə vaxt keçiriləcəyi isə hələlik dəqiq deyil, planlaşdırmamışıq. İlin sonuna kimi qurultayın vaxtına aydınlıq gətiriləcək. Partiyanın 2017-ci il üçün fəaliyyət planı da dekabrın sonu, yanvarın əvvəlinə planlaşdırılır”.

Müsavat Partiyasının (MP) başqan müavini Elman Fəttah:

“Müsavat Partiyası hazırda 2017-ci illə bağlı fəaliyyət planını hazırlayır. Divanda müzakirələr gedir. Yanvar ayında Müsavat Partiyasının məclisi toplanacaq. Həmin məclisdə 2017-ci il üzrə fəaliyyət planı təsdiq olunacaq. Qəbul olunmuş plana əsasən partiyanın görəcəyi işlər, qarşıda duran vəzifələrin hər biri öz əksini tapacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:

“2017-ci il üstümüzə ağır şəkildə gəlir. Sosial iqtisadi problemlər, regionda baş verən hadisələr siyasi partiyaların üzərinə də müəyyən məsuliyyətlər qoyur. Çalışacağıq ki, 2017-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasını aktiv fazaya keçirək. 2017-ci ildə qurultayımızın keçirilmə ehtimalı da qalır. Gələn il üçün ilkin hədəflərimiz artıq məlumdur. AMİP-in regional təşkilatlarının fəaliyyəti daha da gücləndiriləcək. Gənclər təşkilatları ilə mərkəzləşdirilmiş qaydada iş aparılacaq. Bundan başqa partiyamız beynəlxalq əlaqələrə də həmişəki kimi diqqətlə yanaşacaq. Yeni əlaqələrin qurulmasına çalışacağıq”.

Geri qayıt