Əsas Səhifə > Partiya, Güney Press > YAP-dan Elnur Aslanov və Əli Abbasov barədə yeni açıqlama
YAP-dan Elnur Aslanov və Əli Abbasov barədə yeni açıqlama25-11-2016, 08:39 |
Keçmiş hakimiyyətyönlü deputat, hazırda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli özünün facebook səhifəsində Yeni Azərbaycan Partiyasını Siyasi Şurasında Fetö-çülərə şərait yaratmaqda ittiham edib. Gültəkin Hacıbəyli fikrini belə əsaslandırıb: “AXCP sədrinin köməkçisi Faiq Əmirlini guya maşınının baqajından Fətullah Gülənin bir kitabı çıxdığı üçün həbs ediblər. Sonra da məlum olub ki, kitaba ön sözü YAP-ın yaradıcılarından biri, baş prokuror Zakir Qaralovun əmisi, YAP İdarə Heyətinin üzvü Zahid Qaralov yazıb. Zahid müəllim haqq dünyasındadır, Allah ona rəhmət eləsin, onunla işimiz yoxdur. Bəs Azərbaycan gülənçilərinin lideri, imamı, əsas adamı olan Elnur Aslanovun bu günün özündə də YAP Siyasi Şurasının üzvü olmasına nə deyirsiniz, ay yapçılar?! Gülən imamı YAP-ın rəhbər orqanında-Siyasi Şurasında təmsil olunduğu halda, siz hansı üzlə və hansı haqla təmiz insanları şərləyirsiniz?!” Qeyd edək ki, Elnur Aslanov Prezident Administrasiyasında siyasi təhlil və informasiya şöbəsinin müdiri vəzifəsindən çıxarılan zaman mediada onun Fətullah Gülən Hərəkatının Azərbaycanda təmsilçisi olduğu və buna görə vəzifəsindən azad edildiyi barədə çoxsaylı xəbərlər yayılıb. E.Aslanov Prezident Administrasiyasındakı vəzifəsindən xaric edildikdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri təyin edilmişdi. Təxminən iki il orada işlədikdən sonra E.Aslanov keçən həftə həmin vəzifədən də azad edilib. Elnur Aslanovun YAP Siyasi Şurasının üzvü olub-olmadığını araşdırdıq. YAP-ın mətbuat katibi Hüseyn Paşayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Elnur Aslanov hazırda Siyasi Şuranın üzvüdür: “Elnur Aslanovun hansısa terrorçu təşkilat və ya fəaliyyəti qadağan olunmuş təşkilatla bağlılığı, fəaliyyəti barədə deyilənlər yalnız söz-söhbət səviyyəsindədir. Bu söz-söhbətin heç bir əsası yoxdur. Elnur Aslanova qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. Onun haqqında hüquq-mühafizə orqanları tərəfindən hər hansı bir cinayət işi qaldırılmayıb. Mediada Elnur Aslanovun işdən çıxarılmasına ehtimallardan biri kimi hansısa qadağan olunmuş təşkilatla əlaqəsinin olduğu yazılıb. Bu cür ehtimallar isə fakta söykənmir. Sadəcə olaraq, kimlərinsə ehtimalıdır. O cümlədən Gültəkin Hacıbəylinin də ehtimalıdır. Gültəkin Hacıbəyli və onun müdafiə etdiyi adamlar bu gün düşdükləri bataqlıqdan çıxış yollarını arayırlar. Bataqlıqda batan saman çöpündən də yapışar və ya suda boğulan meymun balasını da ayaq altına qoyar. Gültəkin Hacıbəylinin bugünkü hərəkəti də suda batan meymunun hərəkətlərinə bənzəyir”. H.Paşayevdən keçmiş rabitə naziri Əli Abbasovun YAP-dan xaric ediləcəyi barədə son günlər yayılan xəbərlərə də münasibət bildirməsini istədik. O qeydi etdi ki Əli Abbasovun YAP-dan xaric edilməsi barədə hər hansı proqnoz verə bilməz. Xatırladaq ki, “Rabitə işi” ilə bağlı yayılan məlumatlarda diqqətçəkən məqamlardan biri də Rabitə Nazirliyinin korrupsiyada ittiham edilərək həbs olunan vəzifəli şəxslərinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri olmasıdır. Məsələn, “Azetelekom” MMC-nin keçmiş baş direktoru uzun müddət YAP-ın Mərkəzi Həzarət Təftiş Komissiyasının sədri olub. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş rəisi Beytulla Hüseynov da YAP üzvü olub. Bu şəxslər istintaqa ifadələrində “paket” aldıqlarını bildiriblər və bununla da korrupsiyaya bulaşdıqlarını etiraf ediblər. Onların hər ikisi artıq YAP-dan xaric edilib. Keçmiş rabitə naziri Əli Abbasov isə uzun müddətdir YAP-ın Siyasi Şurasının üzvüdür. Onun müavinləri (indi də nazir müavinidirlər-red) hər ay “paket” aldıqlarını deyən Elmir Vəlizadə və İltimas Məmmədov da YAP-ın üzvləridir. YAP-ın şöbə müdiri Aydın Mirzəzadə isə modern.az-a açıqlamasında YAP-dan hansı formada uzaqlaşdırılmağın mümkün olduğu barədə danışıb: “Yeni Azərbaycan Partiyasından 3 halda çıxmaq mümkündür. Birinci halda, şəxsi təşəbbüslə. Bu zaman partiyadan çıxmaq barədə ərizə ilə müraciət olunur. İkinci halda, cinayət hadisəsi törədərsə, üçüncü halda isə partiyanın imicinə xələl gətirən hərəkətə yol verərsə. Bu hallarda şəxsin partiyadan çıxarılması mümkündür”. YAP-çı deputatın sözlərinə görə, hələ ki Əli Abbasovun YAP-dan çıxmaq məsələsi gündəmdə deyil: “Düzdür, Əli Abbasovla bağlı mətbuatda çox yazılar yazılır. Hələ ki onun haqqında nə məhkəmə qərarı, nə də cinayətlərdə iştirakı barədə rəsmi bir açıqlama var. Ona görə də partiya Əli Abbasovun üzvlük məsələsinə hələ ki baxa bilməz. Bu baxımdan prosesin gedişatından asılı olaraq, qərar da qəbul edilə bilər. Amma hələ ki bu məsələ gündəmdə deyil”. Geri qayıt |