Əsas Səhifə > Partiya, Güney Press > "Bu konfliktin arxasında dayanan və indiyədək həll olunmasına imkan verməyən Rusiyadır"

"Bu konfliktin arxasında dayanan və indiyədək həll olunmasına imkan verməyən Rusiyadır"


28-01-2017, 10:43
"Bu konfliktin arxasında dayanan və indiyədək həll olunmasına imkan verməyən Rusiyadır"
DİA.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq Cəbhəsi” qəzetinə müsahibəsininin bəzi məqamlarını təqdim edir:

- Qüdrət bəy, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Lider TV-nin sabiq əməkdaşı Anar Həsənovun sualına verdiyi cavab Azərbaycanda ciddi rezonansa səbəb oldu və artıq xeyli müddətdir ki, müzakirə olunur. Həm jurnalistin sualına, həm də Lavrovun cavabına müxtəlif rakurslardan yanaşanlar var. Maraqlıdır, siz bu sual-cavaba hansı rakursdan yanaşırsınız?

- Zənnimcə, sual-cavabdan daha çox məsələnin mahiyyətinə diqqət yetirmək lazımdır. Doğrusu, Lavrovun cavabının bu qədər resonans doğurduğuna təəccübləndim. Bəzi insanlar elə bir yanaşma ortaya qoydular ki, sanki Lavrovun belə bir cavab verəcəyini gözləmirdilər. Əslində Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ortalıqdadır və hamı bilir ki, münaqişənin həll olunmamasının yeganə səbəbkarı Rusiyadır. Bu səbəbdən də biz partiya olaraq hər zaman bəyan etmişik ki, Azərbaycan əgər münaqişəni sülh yolu ilə həll etmək istəyirsə, danışıqları Rusiya ilə aparmalıdır. Lavrov da "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil” deməklə əslində dolayısıyla onu nəzərə çatdırmaq istəyib ki, bizimlə danışmalı və razılığa gəlməlisiniz. Sualın uğurlu, yaxud uğursuz olması barədə söylənilən fikirlərə gəldikdə isə, düşünürəm ki, məsələn, jurnalist Lavrova sualı bu cür də verə bilərdi: Rusiya öz suverenliyini qorumaq üçün Çeçenistanda antiterror əməliyyatı həyata keçirdi. Anoloji addımı Azərbaycan da atarsa, buna Rusiyanın və beynəlxalq birliyin münasibəti necə ola bilər? Misal üçün deyirəm. Sualı çoxsaylı və daha uğurlu variantlarda səsləndirmək olardı. Bununla yanaşı hesab edirəm ki, sualın qoyuluşunda bir problem axtarmaq lazım deyil. Bu hadisə mənə məşhur bir lətifəni xatırlatdı: Mollanın danasını oğurlayırlar. Bütün qonşular mollaya irad bildirirlər. Deyirlər ki, tövlənin qapısını möhkəm bağlasaydın, ayıq yatsaydın, işıqları yanılı qoysaydın, həyətdə it saxlasaydın... dananı oğurlaya bilməzdilər. Kəsəsi, hərənin ağzından bir avaz gəlir. Molla da sonunda dözə bilməyib deyir: “İndi nə deyirsiniz? Belə çıxır ki, dana oğrusunun heç günahı yoxdu?” İndi Lavrov qalıb bir kənarda, hamı düşüb jurnalistin üstünə... Əlbəttə ki, sual uğurlu da ola bilər, olmaya da... Əsas məsələ Lavrovun konkret fakta olan münasibətidir. Bunu da biz hamımız bilirik. İndi bəzilərimiz özlərini elə aparırlar ki, guya Rusiya vasitəçidir. Amma reallıqda bu konfliktin arxasında dayanan və indiyədək həll olunmasına imkan verməyən Rusiyadır.

“Bu siyasət Rusiyanın öz başında çatlayacaq”

- Səbəb nədir? Nə üçün Rusiya münaqişənin həll olunmasına imkan vermək istəmir?

- Düşünürəm ki, Rusiya münaqişənin həllinə imkan verməməklə hər iki ölkəni öz təsiri altında saxlamağa çalışır. Amma bu da çox yanlış siyasətdir. Bu yanaşma köhnə təfəkkürdən ayrıla bilməməkdən qaynaqlanır. Müasir, modern dünyanın nizamı tələb edir ki, ayrı-ayrı xalqlarla yaxın olmaq, onlardan dost münasibəti görmək üçün həmin xalqların sevgisini, etimadını qazanmaq, onlarla dost kimi davranmaq lazımdır. Amma Rusiya bu yolu seçməyib. Rusiya yalnız qorxutmaqla xalqları özünə tabe etdirmək yolu ilə gedir. Bu da XIX əsrə, XX əsrin əvvəllərinə xas olan bir siyasətdir. Bu da ona görədir ki, Rusiya özü modernləşə, yeniləşə bilmir. Bu siyasət isə sonunda Rusiyanın özü üçün ağır nəticələr doğuracaq. Rusiyanın etnik separatizmi dəstəkləməsi 20-dən artıq milli respublikanın, muxtar bölgənin yerləşdiyi bir ölkə üçün heç də xoşagələn bir siyasət deyil. Və Rusiyada yaşayan xalqlar da bunu görürlər. Ola bilsin ki, bu gün qorxurlar və bu səbəbdən səslərini çıxara bilmirlər. Lakin bir az tez, bir az gec - bu siyasət Rusiyanın öz başında çatlayacaq.

“Rusiyanın nə istədiyindən məlumatsızam”

- Lavrovla bağlı suala cavabınızda qeyd etdiniz ki, Rusiyanın xarici işlər naziri dolayısıyla onlarla danışmağın və razılığa gəlməyin vacibliyini bildirib. Nə istəyir Rusiya? Heç olmasa Rusiyanın istəklərinin konturları bəllidirmi?

- Sözün doğrusu, bəlli deyil. Mən dəfələrlə demişəm ki, bir millət vəkili olaraq, Rusiyanın nə istədiyindən məlumatsızam. Əgər mən millət vəkili kimi məlumatsızamsa, o zaman belə anlaşılır ki, vətəndaşlarımız tamamilə məlumatsızdırlar. Ayrı-ayrı ekspertlər, jurnalistlər bu barədə müxtəlif fərziyyələr irəli sürürlər. Amma Rusiya öz istəklərini heç vaxt açıq şəkildə dilə gətirməyib. Azərbaycanda rəsmi qaydada Rusiyanın nə istədiyini bəyan etməyib. Bu halda təbii ki, Rusiyanın nə istədiyin bilməyimiz də mümkün deyil. Amma qeyri-rəsmi sızan informasiyalarda belə söhbət gedirdi ki, Rusiya sərhədlərin birgə qorunması da daxil olmaqla Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında, Avrasiya İttifaqında görmək istəyir. Biz də söylədik ki, sərhədlərin birgə müdafiəsi istisna olmaqla – bu artıq suverenliyin itirilməsidir – digər məsələlərdə Rusiya ilə yaxından əməkdaşlıq edə bilərik. Hətta bizim xarici işlər naziri səviyyəsində bu, dilə gətirilib, amma qarşılığında Rusiya tərəfindən hələlik bir açıqlama yoxdur. Ona görə də mən hər zaman deyirəm, hökumətin borcudur ki, Rusiyanın bizdən nə istədiyi barədə Azərbaycan ictimaiyyətinə məlumat versin. Fakitiki olaraq, hökumət özünü elə aparır ki, guya Rusiya vasitəçidir. Bir çox hallarda Dağlıq Qarabağ probleminin həllində göstərdiyi səylərə görə Rusiyadan razılıq ifadə olunur. Ona görə də cəmiyyət baş verənlərin mahiyyətini bütün gerçəkliyi ilə başa düşə bilmir. Hesab edirəm ki, biz ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq.

“Azərbaycana ciddi hərbi müttəfiqlər lazımdı”

- 2017-ci ilin ilk günlərində yaşanan bu hadisələrdən sonra bu il ərzində problemin həlli ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Heç bir gözləntim yoxdur. Aprel hadisələrindən sonra müəyyən gözləntilər var idi, amma indi onlar tamamilə puça çıxıb. 2 apreldən sonra Rusiya yenə destruktiv mövqe sərgiləməyə başladı. Ermənistana təzyiq etmək əvəzinə bu ölkəyə “İsgəndər” və digər müasir raket kompleksləri verdi. Dolayısıyla Ermənistanı geri çəkilməmək üçün ruhlandırdı. Daha sonra isə Bordyujanın və Lavrovun məlum açıqlamaları və s. Bütün bunlar bir daha sübuta yetirdi ki, Rusiya bu münaqişədə tərəfdir. İndiki halda həll variantlarından biri budur ki, biz hər şeyi göz önünə alıb, yəni Ermənistana “özüm yansam da, səni də yandıracağam” deyib, böyük müharibəyə başlamalıyıq. Bunun üçün Azərbaycana ciddi hərbi müttəfiqlər lazımdı. Hələlik belə müttəfiqlərimiz yoxdur. Bildiyiniz kimi, Azərbaqcan Qoşulmayanlar Hərəkatının üzvüdür. İndiki reallıqlar çərçicəsində Azərbaycanın ata biləcəyi yeganə addım Ermənistanın atəşkəsi pozmasından istifadə edib işğalçı orduya çoxsaylı canlı qüvvə itkisinə səbəb olan dəqiq zərbələr endirməkdir. Bu, hər atəşkəs rejimi pozulduqda, mütəmadi olaraq baş verməlidir. İşğalçı əsgərlər Azərbaycan torpaqlarında öldürülməlidir. Belə olduğu təqdirdə Ermənistan cəmiyyətində gərginlik xeyli arta bilər. Bildiyiniz kimi, müstəqillik əldə etdikdən sonra Ermənistanın əhalisi 30 fazidən çox azalıb. Yəni ölkə əhalisinin 1/3-i bir daha geri qayıtmamaq şərti ilə Ermənistanı tərk edib. Bu BMT-nin açıqladığı rəsmi statistik göstəricilərdir. Bu illər ərzində hər il Ermənistanı 60 mindən 90 minədək insan həmişəlik tərk edib. Bunun ən böyük, bəlkə də 90 faiz səbəbi Qarabağdakı müharibə və savaşın yenidən başlamaq təhlükəsizdir. 10 faizi isə sosial ədalətsizlik, qanunun aliliyinin təmin olunmaması, hüquqların tapdanması və s. problemlərlə bağlıdır. Ermənilərin 10 faizi bu səbəblərdən ölkəni tərk edirsə, 90 faizi uşaqlarının müharibədə ölməməsi üçün çıxıb gedir. Ona görə də Azərbaycan çalışmalıdır ki, hər gün heç olmasa bir neçə erməni əsgəri öldürülsün. Genişmiqyaslı hərbi əməliyyatlara başlamasaq da belə, qeyd etdiyim məsələ ilə bağlı Silahlı Qüvvələrimizin qarşısında vəzifə qoyulmalıdır. Şübhəsiz ki, bununla yanaşı ordumuz daha da gücləndirilməlidir. Eyni zamanda çalışmalıyıq ki, Azərbaycan daha da sivil və cazibədar bir ölkəyə çevrilsin. Çox yaxşı haldır ki, son zamanlar ermənilər ölkəmizə gələrək Dağlıq Qarabağın Azərbayacana məxsus olduğu barədə bəyanatlar verirlər. Xocalı soyqırımı abidəsi önündə baş əyirlər. Biz Azərbaycanı gözəl bir dövlətə çevirməliyik. Buna nail ola bilsək, hesab edirəm ki, bu, münaqişənin həllinə mütləq öz ciddi töhfəsini verəcək.

“Bu, Ermənistana ünvanlanan yeni bir mesajdır”

- Qüdrət bəy, Azərbaycan prezidentinin Zəngilan rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı fərmanına münasibət bildirməyinizi istəyərdim.

- Prezident bir məqamı çox gözəl tutub... Yəni, bu məcburi köçkünlərin sosial problemlərinin həlli ilə yanaşı, siyasi-psixoloji yükü böyük olan bir məsələdir. Hesab edirəm ki, bu, həm Ermənistana, həm vasitəçi ölkələrə, həm də dünya birliyinə ünvanlanan yeni bir mesajdır: Azərbaycan bundan sonra yalnız öz torpaqlarını azad edəcək. Bu çox mühüm bir addımdır. Düşünürəm ki, Cocuq Mərcanlı kəndinin sakinləri də çox böyük həvəslə öz torpaqlarına qayıtmalıdırlar. Doğrudur, bunadək ərazi yaşayış üçün əlverişli vəziyyətə gətirilməlidir.

Geri qayıt