Əsas Səhifə > Partiya, Güney Press > Hansı partiya sədri check-up müaynədən keçə bilir?
Hansı partiya sədri check-up müaynədən keçə bilir?9-02-2017, 08:45 |
İnsan üçün ən dəyərli nemət sağlamlıqdır. Sağlamlığı qorumaq üçün isə vaxtı-vaxtında tədbirlər görmək lazımdır. Dünyanın bir çox ölkəsində insanlar sağlamlığının qayğısına qalmaq üçün ildə bir-iki dəfə check-up (xəstəliklərdən qorunma və erkən diaqnoz məqsədi ilə edilən analizlər toplusu) müayinədən keçirlər. Amma ölkəmizdə bu vəziyyət tamamilə fərqlidir, azərbaycanlıların sağlamlığının qayğısına qalmaq istəyi adətən xəstələnən vaxt meydana gəlir, bu isə gec olur. Əhalimiz bu məsələdə nəyə görə laqeydlik edir? Modern.az saytı bu sualla öncə partiya liderlərinə müraciət edib. Bəs onlar necə, vaxtaşırı check-up müayinədən keçirləmi? Müsavat partiyasının sədri Arif Hacılı: “Azərbaycanda insanların check-up müayindən keçməməsi onların bu məsələyə səhlənkar yanaşmasından deyil, ümumiyyətlə ölkədə səhiyyə sisteminin düzgün qurulmaması ilə bağlıdır. Bir çox Avropa ölkəsində check-up müayinəsi pulsuz olaraq həyata keçirilir, çünki orada sığorta sistemi tətbiq olunub və insanların yalnız müayinə yox, həm də müalicə xərcləri sığorta vasitəsilə ödənilir. Azərbaycanda insanların maddi vəziyyətinin ağır olması və bu cür xidmətlərin insanların maddi imkanlarına uyğun gəlməməsi check-up müayinədən keçmələrin qarşını alır. Mən özüm sonuncu dəfə əhatəli müayinədən həbsxanadan çıxdıqdan sonra, 2012-ci ildə keçmişəm. Səhhətimdə olan müəyyən problemlərlə bağlı isə Türkiyədə Cərrahpaşa xəstəxanasında müəyyən müalicələr almışam. Türkiyə səhiyyəsi Azərbaycan səhiyyəsi ilə müqayisə edilməyəcək dərəcədə inkişaf edib. Ona görə də Türkiyədə olduğum müddətdə fürsətdən yararlanaraq müayinə olunmuşam. Normalda 6 aydan bir müayinədən keçmək zəruridir”. Azadlıq partiyasının sədri Əhməd Oruc: “Səhhətimdə problem olduğu üçün vaxtaşırı həkimə müraciət edirəm. Doğrusunu deyim, səhhətimdə problem olmadığı vaxtlarda illərlə həkimə müraciət etməmişəm. Vaxtında müayinədən keçməmək belə hesab edirəm, öncə mentalitetdən irəli gəlir. Dünyanın çox ölkəsində insanlar vaxtaşırı müayinədən keçir, maraqlanır, bu proseslərə cəlb edilir. Xaricdə insanların səhiyyə savadı yüksək olur, bizdə isə insanların demək olar ki, məlumatı yoxdur. Biz ancaq sağlamlığımızı itirəndə sağlamlıqla bağlı düşünürük. Bundan başqa da həkim, müalicə ciddi xərc tələb etdiyi üçün insanlar müayinəyə getməyə çəkinirlər. Vaxtında istirahət etmək, müayinədən keçmək bizim əməkhaqlarımıza da uyğun deyil”. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Axırıncı dəfə müayinədən nə zaman keçdiyim yadıma gəlmir. Müayinələr o qədər bahadır ki, adam heç xəstəxananın həndəvərinə hərlənə bilmir. Bizim çox pulumuz yoxdur ki, gedib yalançı müayinələrdən keçək. Mənim heç müayinədən keçmək fikrim yoxdur, çünki burada nə yaxşı həkim, nə də yaxşı aparat var. Açılan xəstəxanaların hamısı xalqı soymaq üçün atılan addımlardır. Azərbaycanda səhiyyə deyilən bir şey yoxdur, əgər səhiyyə naziri özü gedib xaricdə müayinədən keçirsə, müalicə olunursa, insanlar necə səhiyyəyə inansın?... Səhiyyə sistemi yaxşı olsa nazir özü ölkədə müalicə olunardı. Hər bir xəstəxanada ayrı-ayrı rəylər verilir. Xəstəxanalarda istədikləri qiymətləri qoyurlar, əhalinin əksəriyyətinin buna gücü çatmır. Savadlı həkimlər olsa, qiymətlər ucuz olsa, düzgün diaqnoz qoyulsa, əlbəttə ki gedib müayinə olunarıq. Hamımız xəstəyik, ərzaqların tərkibinə nə qatırlarsa, yuxu gətirir. Ona görə də müayinəyə getməyin tərəfdarı deyiləm öləndə də ayaqüstü öləcəyik”. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Səhhətimdə problem hiss etmədiyim üçün heç vaxt müayinəyə getməmişəm. Tibbi baxımdan 40 yaşından sonra 6 aydan bir müayinədən keçmək tövsiyə olunur. Azərbaycanda və dünyanın hər yerində hərtərəfli müayinə bahalıdır. Ona görə də Azərbaycanda xəstə olduqda belə chek-up müayinə olmurlar, sadəcə şübhəli olan sahənin müayinəsi ilə birtəhər yoluna qoyurlar. Elmin tələb etdiyi imkanla, real həyatın verdiyi imkan tamamilə fərqlidir. İndiki şəraitdə Azərbaycan əhalisinin böyük əksəriyyətinin müayinəyə və başqa məsələlərə imkanı yoxdur”. Ümid Partiyasının sədri İqbal Ağazadə: “Çalışıram ki, il ərzində an azı 1 dəfə müayinədən keçim. İmkansızlıqdan əhalinin böyük qismi check-up müayinədən keçmir. Bu, səhiyyə sisteminin düzgün olmamasından qaynaqlanır. Əgər icbari tibbi sığorta olsaydı, insanlar ən azı ildə bir dəfə müayinədən keçərdi, xəstəliklər bu qədər artmazdı”. Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli: “Bir il bundan öncə cərrahiyyə əməliyyatından qabaq müayinədən keçmişəm. Açığı deyim ki, əməliyyat olmasaydə heç müayinədən də keçməyəcəkdim. Tövsiyə olunur ki, insanlar il ərzində check-up müayinədən iki dəfə keçsin. Bizim belə bir adətimiz var ki, xəstələnməsək müayinədən keçmirik. Mənim müəyyən qədər tibbi sığortam var, amma əhalinin əksəriyyətinin sığortası yoxdur. Düşünürəm ki, vətəndaşlarımızın əksəriyyətinin vaxtaşırı müayinəyə getməməsinin səbəblərindən biri də maddi çətinlikdir. Əhalinin maddi vəziyyəti yaxşılaşdırılmalıdır ki, onlar belə müayinələrdən vaxtında keçə bilsinlər”. Liberal Partiyasının sədri Əvəz Temirxan: “SSRİ zamanında mən sağlam idim, indi isə ümumiyyətlə Azərbaycan təbabətinə inamım olmadığı üçün müayinəyə getmirəm. Check-up müayinəyə getmək lazımdır, amma hazırkı vəziyyətdə bu çətindir. İnsanlar ağır xəstə olanda belə, həkimə müraciət etmək istəmirlər. Ona görə yox ki, Azərbaycan vətəndaşları səhhətinə, həyatına biganədir, ona görə ki, pulları yoxdur. Adam 10 manat tapmır ki, özünü həkimə göstərsin, həkim də 10 manatı almasa, evinə çörək apara bilməyəcək. Həkimlərə verilən maaş heç kommunal xərcləri ödəmir, qaldı ki, o pula çörək alsın. Bütün Azərbaycan xalqı canının hayındadır, amma müayinəyə getməyə pul tapmır”. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu: “Dünyanın çox ölkəsində insanlar ildə bir və ya iki dəfə müayinədən keçir, amma Azərbaycanda tamilə fərqlidir. Mən də müayinədən nə vaxt keçdiyimi xatırlamıram. Vaxtaşırı müayinə olmamağımız səbəbi maddi durumla əlaqəlidir”. Ədalət partiyasının sədri İlyas İsmayılov: “Arabir müayinədən keçirəm. Ümumilikdə ölkə vətəndaşlarının niyə müayinədən keçmədiyi haqda heç nə deyə bilmərəm”. Geri qayıt |