Əsas Səhifə > Partiya, Güney Press > Milli Şurada qopmalar

Milli Şurada qopmalar


2-07-2018, 12:01
Milli Şurada qopmalar
Guya müxalifəti birləşdirdiyini iddia edən Milli Şura adlı dərnəkdəki qopmalar bu qurumun nə qədər qeyri-peşəkar və məqsədli yaradıldığını bir daha ortaya qoydu.

Metbuat.az xəbər verir ki, yarandığı gündən parçalana-parçalana gedən bu qurumda indi Əli Kərimli və ətrafından başqa heç kim qalmayıb.
Xatırlayırsızsa, KXCP qurumdan çıxdığnı açıqlamışdı. Partiyanın sədri Mirmahmud Mirəlioğlu bu addıma ciddi səbəb göstərməsə də, sədr müavini Xəzər Teyyublu bildirib ki, partiyasının bu addımı atmasına səbəb AXCP-nin Milli Şura daxilindəki hərəkətləridir. X. Teyyublu deyib ki, Mirmahmud Mirəlioğlunun və bir neçə partiyadaşının atdığı addıma AXCP sədri Əli Kərimlinin Milli Şura üzvlüyünə təqdim etdiyi siyahı səbəb olub. Daha dəqiqi, siyahının ancaq AXCP Ali Məclisinin üzvlərindən ibarət olması məlum vəziyyətə gətirib çıxarıb. KXCP funksionerinin szölərinə görə, Milli Şuranı genişləndirmək adı altında bir siyasi partiyanın üzvlərini kütləvi şəkildə Milli Şuraya gətirmək, bir partiyanın maraqlarını önə çıxarmaq düzgün deyil.

Daha sonra Asəf Quliyev də bu qurumu tərk etdi.

AXCP sədrinin müavini Asəf Quliyev partiyadan və Milli Şuradan istefa vermişdi.

Qeyd edək ki, A.Quliyev Facebook səhifəsindəki statusunda bunları yazmışdı: "Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan MŞ fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların Milli Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum... Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa edirəm".

Əlavə edək ki, A.Quliyev həm də Milli Şuranın Mitinq Komitəsinin sədri olub.
Modern.az Milli Şura ilə bağlı dərc etdiyi bir yazıda qeyd edir: "Milli Şuranın əsas həlqələrindən olan, İbrahimbəyovun yaxın müttəfiqi, “El” Hərəkatı sədri Eldar Namazovu qurumun fəaliyyəti üçün formal aktivliyə sövq etdi. Siyahıya ALP sədri Əvəz Temirxanı və onun lideri Lalə Şövkəti, eks spiker Rəsul Quliyevi də əlavə etmək olardı. Bu siyasilərin Cəmil Həsənli üçün “səyləri” heç də səmimi hisslərin ifadəsi deyildi. Adlarını çəkdiyimiz aparıcı fiqurların qurumdan getməsi və istefası üçün bəhanələr lazım idi. Əlqərəz! Seçki də oldu, bitdi və Milli Şura qələbə qazana bilmədi, lakin R. İbrahimbəyov amili yenə də müzakirəyə çıxarıldı və qazanılan uğursuzluqlara rəğmən ona “fəxri sədr” statusu verildi. Ən maraqlı anlar isə İbrahimbəyova “fəxri sədr” statusu verilməmişdən öncə Milli Şuradan olan qopmalar idi. ALP lideri L. Şövkət, ardınca partiyanın sədri Əvəz Temirxan, İslam Partiyasının sədri Mövsüm Səmədov kimi şəxslərin Milli Şuradan istefa vermələrini bəyan etmələri bir daha onu göstərdi ki, onları bir araya gətirən İbrahimbəyov faktoru imiş.

Bundan sonra İbrahimbəyovun “adamları” Milli Şuradan payız yarpaqları kimi tökülməyə başladı. Seçkilər ərəfəsində də Azərbaycana gəlməyən İbrahimbəyovun “fəxri sədr” statusuna Müsavat partiyasının etirazı Milli Şurada daxili siyasi gərginliyin bir az da dramatikləşdirdi. Müsavat partiyası qurumdan çıxdığını bəyan etdi. Bundan sonra AXCP-Müsavat, AXCP-“Yeni Müsavat” arasındakı münasibətlər Elçibəyin vəfatından sonrakı vaxtlara qayıtdı. İ. Qəmbərə qədər Milli Şuradan qopmalar olsa da, Müsavatın qurumdan çıxması siyasi əsəbləri tarıma çəkdi. Arqument olaraq “Dostu yarı yolda qoymaq” kimi fikirlər meydan sulamağa başladı."

Zaman-zaman Eldar Namazov, Arif Hacılı və digərlərinin də getməsi ilə bu qurum artıq tamamilə Əli Kərimlinin qrantyuma mərkəzindən başqa bir şey deyil. Əli Kərimlinin siyasi ambisiyaları daha bir "müxalifət birliyi"ni bu hala gətirdi.

Geri qayıt