Əsas Səhifə > Partiya, Güney Press > “Biz kiminlə dostluq edəcəyimizi kimlərinsə diktəsi altında yox, öz maraqlarımıza uyğun tənzimləməliyik”
“Biz kiminlə dostluq edəcəyimizi kimlərinsə diktəsi altında yox, öz maraqlarımıza uyğun tənzimləməliyik”4-08-2018, 09:05 |
“Azərbaycanın Gürcüstanda keçirilən NATO hərbi təlimlərində iştirakına çox müsbət baxıram. Bu təlimlərdə təcrübə yığmaq lazımdir. Bizim hərbçilərimizin müxtəlif döyüş bilgilərinə yiyələnməsində nə qəbahət var?” Sabiq prezident Ayaz Mütəllibov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirib. O, ölkəmizin NATO təlimlərinə qatılmasına şimal qonşumuzdan sərt reaksiyanın olacağını da zənn etmədiyini vurğuladı: “Azərbaycanın bu təlimlərdə iştirakı niyə Rusiyanın açığına gəlməlidir? Bu qeyri-ciddi, gülüş doğuran söhbətlər haradan qaynaqlanır, maraqlıdır. Biz kiminlə dostluq edəcəyimizi kimlərinsə diktəsi altında yox, öz maraqlarımıza uyğun tənzimləməliyik. Azərbaycan bir müstəqil dövlət kimi istədiyi ölkə ilə öz maraqlarına uyğun münasibətlər qurmalıdır. Yetər ki, bu digər ölkələrin əleyhinə olmasın”. Eks-prezident Azərbaycan daxilində vəziyyəti qarışdırmaq istəyən qüvvələrin yenidən hərəkətə keçə biləcəyi barədə fikirlərə də münasibət bildirdi: “Bütün bunlar hamısı Azərbaycanın müstəqil siyasət yeritməsini gözü götürməyən qüvvələrin təxəyyülünün məhsuludur. Fikirləri, məqsədləri şayiə yaratmaqla çaxnaşma salmaqdır. Bir şeyi nəzərə alın ki, fitnəkarlar üçün mövsümü maneə yoxdur. Bir balaca şərait hiss edən kimi öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Niyə məhz payızda? Hesab edirəm ki, bu fikir, sadəcə, müəyyən qüvvələr tərəfindən qəsdən yayılır. Onlara imkan versələr, günü bu gün hərəkətə keçərlər, daha payızı gözləməzlər. Necə ki, hər zaman uğursuz cəhdlər edirlər”. A.Mütəllibov bu arada TANAP-TAP layihəsinə qarşı maneələrlə bağlı da münasibətini açıqladı: “TANAP-a barmaq uzadan məlum qüvvələrdir, yenə də Azərbaycanın rifahını, inkişafını gözü götürməyən mərkəzlər. İtaliyanın öz marağındadır ki, bu layihə həyata keçsin. Elə buna görə də İtaliya prezidenti Bakıya xahışə gəlmişdi. Bizim üçün fərq etməz İtaliya olsun və ya digər Avropa ölkəsi. Narahatçılığa heç bir əsas yoxdur, heç bir şey edə bilməyəcəklər, necə ki, 1994-cü ildə ”Əsrin müqaviləsi" imzalananda az qala müharibə anonsunu verirdilər, amma nə baş verdi? Tam əksi. Düşünürəm ki, yenə də belə maneələr varsa da, zaman keçdikcə öz gücsüzlüklərini dərk edib sakitləşəcəklər. İndi daha nə dövran o dövran deyil, nə də Azərbaycan xalqı həmin xalq. Bizim müstəqil dövlətimiz, peşəkar təcrübəli ordumuz, aslan kimi əsgərlərimiz var. Allah Azərbaycan əsgərini qorusun!" Geri qayıt |