Əsas Səhifə > Partiya, Güney Press > “Qəmbərlər siyasətdən getməlidirlər”
“Qəmbərlər siyasətdən getməlidirlər”29-08-2018, 12:37 |
Angela Merkelin Bakı səfəri bir neçə gündür ki, başa çatıb. Amma müzakirələr hələ də davam edir. Dünyanın aparıcı dövlətinin liderinin Azərbaycana səfəri əlbəttə ki, mühüm hadisədir. Və bu hadisə ətrafında hər hansı bir formada sağlam müzakirələrin aparılması normal haldır. Amma ənənəvi müxalifət nümayəndələri, eləcə də müxtəlif bəhanə və variantlarla xarici ölkələrə sığınan dırnaqarası mühacirlər yenə də öz ampulalarında qalaraq Merkelin bu səfərinin ölkə üçün əhəmiyyətini deyil, onun Bakıda ictimaiyyət nümayəndələri ilə görüşdüyünü çeynəyirlər. Bu formada ki, Merkel niyə məhz müxalifət liderləri ilə görüşməyib və ya görüşdüyü ictimaiyyət nümayəndələrinin arasında niyə ictimaiyyət liderləri yoxdur... Bir sözlə, məhz bu görüş müxalifət düşərgəsində yeni qarşılıqlı ittihamların əsası qoyub. Bir tərəfdən Əli Kərimlinin dəstəsi, digər tərəfdən, xaricə sığınan “vayşüvənlər, o biri tərəfdən də İsa Qəmbərin adamları. Xüsusən də, Müsavat Partiyasının lideri İsa Qəmbərin oğlu Turqut Qəmbərin bu görüşdə iştirak etməsi digər cinahlar üçün yaman “yandırıcı” olub. Bununla bağlı hələ bir neçə gündür ki, Əli Kərimlinin tərəfdarlarının sosial şəbəkələrdəki hay-küylərini demirik, Hollandiyada oturub jurnalist adı altında min cür hoqqadan çıxan Fikrət Hüseynlinin “Facebook”-da paylaşdığı statusa baxmaq kifayətidir ki, onların bir-birini, əsasən də Qəmbərləri necə aşağıladılarını görək. Fikrət yazır: “Merkel xanım vətəndaş cəmiyyəti adıyla belə bir görüş keçirib gələcək xəritəni bəlli etdi. Müxalifət liderliyində də varislik davam edəcək. İsa Qəmbəri Turqut Qəmbər əvəz edəcək. Yox cənablar, biz bu rüsvayçı durumu dəyişəcəyik. Şəxsən bir azərbaycanlı olaraq bu görüşü ayıb sayıram. Və əminliklə bildirirəm ki, bu cür düzəni pozacağıq...”. Bu paylaşımın altından yazılan şərhlərdə isə İsa Qənbərin Azərbaycan dövlətinin bir nömrəli xəyanətkarı və onun Müsavat lideri olaraq bacarıqsız olduğu vurğulanır. Bildirilir ki, İsa Qəmbər 2003-cu ildə milləti meydanda qoyub, polis maşınına oturub aradan çıxmışdı. İsa Qəmbər gərək 2003 cu ildən sonra elədiyi səhvi etiraf edib üzr istəməli və siyasi meydandan birdəfəlik yoxa cixmalı idi. İsa Qəmbər həmçinin siyasi müxalifətliyi övladına ötürməkdə ittiham edilir. Müsavatçı Valeh Hümmətoğlunun fikirlərinə qarşı Fikrət Hüseynli yazır ki, İsa bəy 25 ildir Müsavat lideridir. 25 il ərzində nəticə olaraq siyasi müxalifliyi övladına buraxmaq sevinci yaşayırsa, deməli, mübarizəsinin gücü ancaq buna yetirmiş. Turqut və Xədicə özlərində güc tapıb o görüşdən ya imtina etməli, ya da o görüşdə müxalifət liderlərinin görüşə dəvət edilməsini tələb edə bilərdilər… Sonra Kamal İsmayılov adlı digər sosial şəbəkə istifadəçisi qeyd edir ki, 2013-cü ildə seçkilərdə yaxından istirak edib: “o vaxt çox güclü, savadlı gənclərimiz vardı, onlar deyirdilər ki, gəlin müxalifəti savadlı gənclərə devr edək. İsa Qəmbər 20 ili keçib ki, partiya lideridir. Axı, bu adam, necə demokratiyanı müdafiə edirəm deyir də uzun illər kresloda oturur, anlamiram. Axı, demokratiya da bir siyasi lider dəfələrlə seçkidə uduza bilməz, bu o deməkdir ki, həmin siyasi lider başarısızdır və o, mütləq istefaya getməlidir. Müxalif olmaq çox böyük məsuliyyətdir… 2013-cü ildə “Milli Şura” 20 min manat büdcə ilə seçkiyə qatıldı. Gah İbrahimbəyov, gah da Cəmil Həsənlini ortaya atdılar, o Cəmil Həsənli ki, YAP-ın yığıncaqlarında video kadrlara düşüb. Mən müxalifət düşməni deyiləm, dediklərimi tam olaraq anlayanlar başa düşər”. Buradan bir daha belə bir nəticə çıxır ki, ənənəvi müxalifətin ənənəvi eqosu tükənmir. Əksinə, gün keçdikcə hər kəs öz iç üzünü daha çılpaq şəkildə göstərir. Nəticədə, dövlət, millət və onun maraqları arxa, şəxsi ambisiyalar isə ön planda qərar tutur. Geri qayıt |