Əsas Səhifə > Partiya, Güney Press > “Dövlətin siyasi qərarı olandan sonra bu məsələnin hüquqi bazasını hazırlamaq çətin deyil”

“Dövlətin siyasi qərarı olandan sonra bu məsələnin hüquqi bazasını hazırlamaq çətin deyil”


5-09-2018, 09:03
“Dövlətin siyasi qərarı olandan sonra bu məsələnin hüquqi bazasını hazırlamaq çətin deyil”
Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında hərbi baza qurmağa hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyənin “Sözçü” qəzetinin köşə yazarı Zeynep Gürcanlı yazısında bildirir. Gürcanlının yazısı Türkiyə-Rusiya münasibətləri, xarici işlər naziri Mövlut Çavuşoğlunun Rusiyanı “strateji tərəfdaş” adlandırması barədədir. Müəllif hesab edir ki, Türkiyə ilə Rusiya arasında bütün yaxınlaşmaya baxmayaraq bu ölkələr xüsusən regional məsələlərdə rəqib olaraq qalacaq. O cümlədən Qafqazda.

“Ankarada son günlər siyasi dairələrdə müzakirə olunan çox önəmli bir məsələ var. Türkiyə Somali və Qətərdən sonra xaricdəki üçüncü hərbi bazasını Naxçıvanda qurmaq üçün hərəkətə keçmiş durumdadır. Sizcə, Naxçıvanda Türkiyə hərbi bazası məsələsində ən yeni ”strateji ortağımız" Rusiyanın mövqeyi necə olar?"-müəllif sual edir.

İstefada olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsi indiki halda nəzəri baxımdan mümkündür. Məsələyə nəzəri baxımdan yanaşılsa, Türkiyənin Naxçıvanda hərbi bazasının yerləşməsi zaman məsələsidir. Bu, bir həftədən sonra da, bir aydan sonra da, bir ildən sonra da ola bilər: “Yəni bu məsələnin reallaşması hadisələrin gedişatından asılıdır. Sözsüz ki, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət Qars müqaviləsinə və hazırkı reallığa əsasən həm də Türkiyənin üzərinə düşür. Bunu Rusiya da, Ermənistan da yaxşı bilir. Sentyabrın 8-də Ermənistan-Rusiya rəsmi danışıqlarından sonra hansısa bir fikir söyləmək olar. Amma mən düşünmürəm ki, Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələsi indi reallaşacaq. Düzdür, Rusiya ilə Türkiyənin arasında münasibətlər heç kimin gözləmədiyi şəkildədir, çox yaxındır. Bəli, Türkiyənin Naxçıvanda hərbi bazası gec-tez olacaq. Ancaq bu, yaxın müddətdə reallaşması mümkün olmayan məsələdir. Ermənistanla bağlı Rusiyanın hələ konkret fikri yoxdur. Əgər Rusiya-Ermənistan münasibətləri pozulsa, Moskva Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsi məsələsinə loyal yanaşa bilər”.

Bəs Azərbaycan ərazisində başqa bir dövlətin hərbi bazasının yerləşdirilməsinə konstitusiya və digər qanunlarımız yol verir?

Üzeyir Cəfərov qeyd etdi ki, qanunda buna yasaq mövcuddur. Lakin Azərbaycan istəsə, qanunda müəyyən düzəliş və ya dəyişiklik etmək problem deyil: “Bu məsələnin həll olunması üçün Milli Məclisin bir neçə saatlıq iclas keçirib qanuna dəyişiklik etməsi kifayət edər. Yəni dövlətin siyasi qərarı olandan sonra bu məsələnin hüquqi bazasını hazırlamaq çətin deyil, qanunvericiliyə və Hərbi Doktrinamıza dəyişiklik edilməsi mümkündür. Lazım olsa konstitusiyada dəyişiklik etmək üçün referendum da keçirmək asan məsələdir”.

Geri qayıt