Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət daha ABŞ-a inanmır?
Müxalifət daha ABŞ-a inanmır?8-09-2018, 09:17 |
ABŞ prezidenti Donald Tramp Azərbaycana səfir postuna Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviri İrli Litsenberqenin namizədliyini irəli sürüb. Əvvəlki illərdə ABŞ-ın səfir təyin etməsi, səfirin kimliyi Azərbaycan cəmiyyətində maraqla izlənər, uzun müddət müzakirə edilərdi. Müxalifət düşərgəsində məsələyə xüsusi önəm verilirdi, səfir təyinatı, səfirin kimliyi müxalifətin marağında olan əsas məsələlərdən biri kimi gündəmi zəbt edirdi. Bəs bu dəfə ABŞ səfirinin kimliyi müxalifəti maraqlandırırmı? VİP sədri Əli Əliyev bildirdi ki, onları ABŞ-ın Azərbaycana yönəlik siyasətinin prioritetləri maraqlandırır. Səfirlər həmin direktivləri, siyasi iradəni həyata keçirən şəxslərdir. Onlar qoyulan vəzifələrin icrası ilə məşğul olurlar: “Əlbəttə ki, səfirin peşəkarlıq səviyyəsi mühüm amildir. Son illərdə göndərilən diplomatlar daha çox neft və ticarət sahələrindən gəlmişdilər. Enn Dersi və Riçard Morninqstarı nəzərdə tuturam. ABŞ vacib və həlledici dövlətdir. Onun istənilən dövlət barədə siyasi prioritetləri həllini tapır. SSRİ kimi super dövlətin çöküşü, sosialist düşərgəsinin və Varşava hərbi blokunun dağılması, kommunizm mərəzindən dünyanın xilası rəsmi Vaşinqtonun işləridir. ABŞ Gürcüstanın və digər ölkələrin demokratikləşməsinin həlledici vəsiləsidir. Bu işdə səfirlərin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Ona görə də peşəkar diplomatın göndərilməsini alqışlamaq, hansı tapşırıqla gəldiyini isə gözləmək lazımdır”. AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, səfirin kimliyi onları maraqlandırmır: “Ümumiyyətlə, diqqət etsək görərik ki, bu günə qədər Azərbaycanda fəaliyyət göstərmiş demək olar ki, bütün Amerika səfirləri ya zamanında Amerika siyasətində önəmli vəzifələr tutub, ya da buradan getdikdən sonra daha önəmli postlara irəli çəkilib, məsələn, Metyu Brayza kimi və s. Düşünürəm ki, Amerika üçün Azərbaycan bir çox məsələlərə görə regionda önəmli rola malikdir. Təbii ki, bu amillərin başında İran məsələsi və Azərbaycanın Pentaqonun yükdaşımaları üçün istifadə etdiyi hava marşrutu öndə gəlir. Son zamanlar Qarabağ məsələsi fonunda Rusiyanın Azərbaycanda artan nüfuzu, hətta KTMT-yə qoşulmaq məsələlərinin geniş müzakirəsi, üstəlik, Türkiyə-Rusiya yaxınlaşması fonunda Azərbaycanın da bu birliklə isti münasibətləri Amerikanı regiona diqqətini artırmağa məcbur edən səbəblərdəndir. Odur ki, Trampın səfir postuna yüksək çinli diplomatı təyin etməsində qeyri-adi bir hal görmürəm. Müxalifətin səfirlərin kimliyi ilə maraqlanmaq məsələsinə gəldikdə isə AĞ Partiya olaraq mən deyə bilərəm ki, bizim üçün səfirin kimliyi önəmli deyil. Çünki istər Amerika, istərsə də Avropa Azərbaycan müxalifətinə qarşı heç zaman səmimi olmayıb. Onların müxalifətlə istənilən əməkdaşlığı iqtidarla alver etmək üçün ləvazimat rolu oynayıb. Mən düşünmürəm ki, şəxsən biz AĞ Partiya olaraq Qərbin Azərbaycandakı korporativ maraqlarını hazırkı iqtidardan daha çox təmin edək. Hətta Amerika səfirlərindən biri zamanında bizə etiraf etmişdi ki, hazırkı iqtidarla onların əlaqələri ən yüksək səviyyədədir və onlar bu münasibətləri nə müxalifətə, nə də xalqa görə təhlükəyə atmaq niyyətində deyillər. Bizi partiya olaraq xalqımızın istək, maraq və tələbləri daha çox maraqlandırır, nəinki hansısa ölkənin səfirinin kimliyi. Biz artıq Amerikadan və ya Avropadan ağ atlı qəhrəman gözləməyəcək qədər reallıqların fərqindəyik. Bilirik ki, Azərbaycana öz xalqından və öz siyasilərindən başqa heç kim heç bir xoş gələcək təmin edə bilməz”. Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, yalnız ABŞ deyil, bütün ölkələrin təyin etdikləri səfirlərin keçmişi və bioqrafiyası onları maraqlandırır: “Səfiri tanımaq lazımdır ki, onunla hansı yöndə danışmaq lazım olduğunu bilək. ABŞ səfirinin zəngin təcrübəsi olduğu görünür. İnanıram ki, o Azərbaycanda yadda qalan səfirlərdən biri olacaq. Həm də inanmaq istərdim ki, yeni səfir siyasətçilər arasında fərq qoymayacaq və onların hamısı ilə görüşəcək. Əslində, səfirlə görüşmək elə bir həyati məsələ deyil, amma fikir mübadiləsi aparmaq, narahatedici suallara cavab tapmaq baxımından faydalıdır. Amerika böyük və qüdrətli dövlətdir. Buna görə də onların bu və ya digər məsələ ilə bağlı fikirlərini öyrənmək önəmlidir”. ADP sədrinin müavini Taliyət Əliyev qeyd etdi ki, ABŞ kimi dövlətin Azərbaycandakı səfirinin kimliyi əhəmiyyət daşıyan məsələdir: “Verilən məlumatlardan aydın olur ki, İrli Litsenberqer daha çox hərbi-siyasi məsələlər üzrə ixtisaslaşan peşəkar diplomatdır. ABŞ-ın Azərbaycandakı maraqları sırasında həmişə regional təhlükəsizlik məsələlərinin birinci yerdə olmasını, son illər regiondakı hərbi-siyasi gərginliyi, xüsusilə Azərbaycan-Ermənistan arasındakı münasibətlərin hərbi ritorika müstəvisinə keçməsini və bu iki dövlət arasında müharibə riskinin böyük olmasını nəzərə alsaq, ABŞ-ın bu təyinatını başa düşmək mümkündür. Bu təyinat onu deməyə əsas verir ki, növbəti mərhələdə də ABŞ regionda təhlükəsizlik məsələlərinə daha çox önəm verəcək. Belə olacağı təqdirdə demokratiya, insan hüquq və azadlıqları sahəsi yenə də kölgədə qalacaq. Əgər ABŞ-ın təhlükəsizlik maraqları Dağlıq Qarabağın hərbi və ya siyasi yolla işğaldan azad edilməsinə də mane olacaqsa, sözsüz ki, bu təyinatın Azərbaycan üçün əhəmiyyəti qalmayacaq”. “Yeni Müsavat” Geri qayıt |