Əsas Səhifə > Partiya, Güney Press > “Əslində dinsiz olan radikallar var ki, müxtəlif dövlətlərə xidmət edirlər”
“Əslində dinsiz olan radikallar var ki, müxtəlif dövlətlərə xidmət edirlər”8-09-2018, 09:21 |
3 gün sonra Məhərrəm ayı başlayır. Sentyabrın 11-də Aşura günü qeyd olunacaq. Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası “Fətva” verərək Məhərrəmlik mərasimlərinin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayında təxribata cəhdlərin ola biləcəyi ehtimalının mümkünlüyünü dilə gətirib. Şeyx deyib ki, bunu edənlər “xaricdən tapşırıq alan və maliyyələşən bəzi qruplar”dır. Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də Məhərrəmlik ayı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə tədbir keçirilib. Komitənin sədr müavini Səyavuş Heydərov bildirib ki, əvvəlki illərdə bir neçə dəfə qanunvericilikdə müəyyən olunduğu kimi mərasimləri məscidlərdən kənarda keçirmək tələbini pozma halları olub. Lakin o, ümid etdiyini deyib ki, bu il belə neqativ hallar baş verməz. Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında deyib ki, bizim milli mənəvi dəyərlərimizdə dini dəyərlər xüsusi yer tutur: “Baxmayaraq ki, 73 il sovetlər dövründə yaşadıq və bu dövr dinsizlik dövrü idi, ateizm təbliğatı gedirdi, məscidlər bağlanmışdı. Kommunist olanlar məscidlərə, dini ibadət yerlərinə gedəndə sərt cəzalandırılırdılar, hətta partiya sıralarından xaric edilirdilər. Orta məktəbdən tutmuş ali məktəblərə qədər hər yerdə dinin əleyhinə təbliğat aparılırdı. Bütün bunlar xalqımızın qəlbində Allaha inamı sarsıtmadı, xalq bu inamı qəlbində yaşatdı. Xalq dini untmadı, gizli də olsa dini ayinləri icra etdi. Xəlvət də olsa, məscidlərə, dini ibadət ocaqlarına getdi. Bu dəyərlər bizim içimizdədir və bunu bizdən almaq mümkün deyil. ”Qırmızı terror"la bizi dindən ayrı sala bilmədilər. İndi isə heç mümkün deyil. Müstəqillik dövründə isə həqiqi demokratiya, həqiqi prülarizmdir və şəxsiyyət azaddır. Bizim dövlətimizin rəhbərləri - prezident olduğu müddətdə mərhum Heydər Əliyev, indi isə cənab prezident İlham Əliyev məscidlərə, ibadət yerlərinə baş çəkir, yeni məscidlərin tikintisi aparılır, bütün məscidlər təmir olunub. Fəaliyyət olan məscidlərin sayı xeyli artıb. Azərbaycanda insanlar istədikləri vaxt məscidə gedir, ibadət edir, namazını qılır, xütbələri dinləyir. Amma dini ayinlərin icrasında biz dünyəvi dövlətik. Dünyaya, Avropaya inteqrasiya edən dövlətik. Burada da bir norma olmalı, əndazə gözlənilməlidır. Məhərrəm ayında məscidə gedən orada mərsiyəyə qulaq asa, nəzirini verə, dini tədbirdə iştirak edə bilər. Əvvəllər şəbeh şəklində yaranmış xalq tamaşaları din tərəfinə bir qədər nüfuz etməsi nəticəsində zəncir vurmaq, baş yarmaq, məscidlərin kənarlarına çıxıb yolları bağlamaq, çadırlar qurmaq kimi ənənələri ortaya çıxarıb. Belə hərəkətlər bugünkü Azərbaycana yaraşmır. İslam dinində bu ayinlər əvvəldən bu şəkildə olmayıb. Sonradan qondarılmış, şişirdilən mərasimlərdir. İlk növbədə övladlarımızı qorumalı, onları dini ayinləri necə icra etmək lazım olduğu barədə maarifləndirməliyik. Qəbul olunmayan, İslama yaraşmayan hərəkətlərə yol verilməməlidir. Çox yaxşı bir haldır ki, şeyximizin təşəbbüsü ilə illərdir ki, zəncir vurmaq, baş yarmaq əvəzinə qanvermə aksiyası keçirilir. Bu praktika bir çox dünya ölkələrinə də yayılıb. Əgər Məhərrəmilik vaxtı savab iş görmək istəyirsənsə, ən yaxşısı qan verməkdir. Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Əsgərlərimiz tez-tez yaralanır, travma alır. Ümumilikdə qana ehtiyacı olan xəstə insanlar var. Qan həmin insanlar, əsgərlərimiz üçün vacibdir. Qan verənlər də savab qazanır, ehtiyaclar da qarşılanır. Nümayişkaranə küçələrə çıxmaq, haray-həşirlə küçələrə çıxmaq bu kimi addımların vaxtı keçib. İslam dini kiminsə özünə xətər-xəsarət yetirməsinə qarşıdır. İslam dini insanın özünə əziyyət verməsini qəbul etmir. Qəbul olunmayan bir işi Aşura günündə təkrar etmək nəyə gərəkdir?" Deputat Qafqaz Müsəlmanları İdarəsinin verdiyi “Fətva”ya riayət olunmasının vacib olduğunu bildirdi. Hər kəsi həmin fətvaya əməl etməyə çağırdı: “Övladlarımızı, gənclərimizi bu ruhda tərbiyə edib dinini sevməklə bağlı, dini ayinləri necə icra etməklə bağlı maarifləndirməli, münasib formasını onlara aşılamalıyıq”. Bəxtiyar Sadıqov deyir ki, Nardaranda, Gəncədə baş verən hadisələr və bu hadisələrin araşdırılması göstərib ki, Azərbaycanda dini-radikal qruplar var: “Əslində dinsiz radikallar var ki, müxtəlif dövlətlərə xidmət edir, ayrı-ayrı qruplardadırlar. Onlar din pərdəsi altında gizlənmiş və antiazərbaycançı şəbəkəyə xidmət edən insanlardır. Kütləvi tədbirlər zamanı, xüsusən Məhərrəmilik ayı ərzində bu cür tədbirlər keçirilən vaxtlar onlar öz əməllərini həyata keçirməyə çalışırlar. Müxtəlif təxribat, terror hərəkətləri də ola bilər. Azərbaycanın hüquq-mühafizə orqanları bu məqamları heç vaxt nəzərdən qaçırmırlar. Ona görə də hüquq-mühafizə orqanlarının atdığı addımları anlayışla qarşılamalıyıq. Hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşlarının asayişini təmin edir, təhlükəsizliklərini qoruyurlar. Əgər bu gün Bakı Şəhər Baş Polis İdarəsi, Dini Komitə açıqlama verib ayinlərin küçələrdə icrasının məqsədəuyğun olmadığını açıqlayırlarsa, vətəndaşlar buna riayət etməlidirlər. Azərbaycana qarşı hər hansı bir qəsdin alınmasında da vətəndaş kimi iştirak etməliyik”. Geri qayıt |