Əsas Səhifə > Partiya, Güney Press > "İrəvanı çox ciddi cəzalar gözləyir"

"İrəvanı çox ciddi cəzalar gözləyir"


20-09-2018, 09:06
"İrəvanı çox ciddi cəzalar gözləyir"
Paşinyanın Azərbaycana qarşı təxribat xarakterli son çıxışları Ermənistanın səhv yolda olduğunu göstərir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqini şərh edən millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra Paşinyanın sələflərinin cinayətkar fəaliyyətindən nəticə çıxaracağına, onun bütün enerjisini ölkəsinin ağır sosial iqtisadi problemlərinin həllinə yönəldəcəyinə ümidlər var idi:

“Ancaq son proseslər göstərdi ki, Paşinyan Köçəryan və Sərkisyanın cinayətkar əməllərindən nəticə çıxarmaq fikrində deyil. Bir gün belə hərbi xidmətdə olmayan Paşinyanın Ermənistan silahlı qüvvələrinin ali baş komandanı vəzifəsini yerinə yetirməsi bu ölkədə vəziyyəti daha da ağırlaşdırır. Ermənistanın ağır iqtisadi vəziyyəti, strateji inkişafının düzgün seçilməməsi hərbi qüvvələrə də təsir göstərir. Hakimiyyət dəyişsə də, Ermənistanın Dağlıq Qarabağ məsələsinə mövqeyi qətiyyən dəyişmir. Dövlət başçısı çıxışında Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarına hər an cavab verməyə hazır olduğunu və Aprel hadisələri bir daha təkrarlanarsa, bunun Ermənistanda əvvəlkindən də ağır nəticələrə səbəb olacağını vurğuladı. Bir neçə gün öncə Silahlı Qüvvələrimizin cəbhə xəttində Ermənistana ağır zərbələr endirməsi bu qəbildən olan məsələlərdəndir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin bu çağırışı Ermənistana çox ciddi mesajdır:

“Ermənistan bu gün dərin iqtisadi böhran içərisindədir, əhalisi durmadan ölkəni tərk edir, sosial vəziyyət ağırdır, ordu dilənçi vəziyyətindədir. Əgər Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymasa, İrəvanı çox ciddi cəzalar gözləyir”.

Geri qayıt