Əsas Səhifə > Partiya, Güney Press > “50 min depozit qoyulması ilə bağlı tələb səhvdir, onun heç bir iqtisadi göstəricisi yoxdur”
“50 min depozit qoyulması ilə bağlı tələb səhvdir, onun heç bir iqtisadi göstəricisi yoxdur”26-09-2018, 08:52 |
YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovla müsahibəmizdə aktual olan bir sıra məsələlərdən danışdıq. - Siyavuş bəy, parlamentin payız sessiyasına necə hazırlaşırsınız? - Təbii ki, hazırlıq gedir. Bu il ölkə və region üçün olduqca vacib il olub. Həm Xalq Cümhuriyyətinin, həm parlamentin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib. Elə bu yaxınlarda parlamentin 100 illiyi ilə əlaqədar 40-dan artıq ölkədən nümayəndə gəlmişdi, böyük bir tədbir keçirildi. 12 ölkənin parlament sədri, 16 ölkənin parlament sədrinin müavini, 16 ölkədən dostluq qrupunun rəhbərləri, komitə sədrləri, 9 beynəlxalq təşkilatdan nümayəndələr gəlmişdi. Hərtərəfli şəkildə fikir mübadiləsi aparıldı. Həmçinin yeni qanunların qəbul olunması məsələsi gündəmə gəlir. Yəni həyat və regiondakı vəziyyət dəyişdikcə qanunlara da müvafiq əlavə və dəyişikliklərə ehtiyac yaranır. Bu baxımdan da payız sessiyasında hər bir komitə özünün qanunvericilik təşəbbüsü ilə müxtəlif məsələləri ortaya çıxarır və komitədə təsdiqlənəndən sonra parlamentin gündəliyinə təqdim olunacaq. - Parlamentdə Qarabağ dinləmələrinin keçirilməsi ilə bağlı ənənəvi təklif yenə də səslənməkdədir. Azərbaycanın ən ciddi problemi Milli Məclisdə müzakirəyə çıxarıla bilərmi? - Bir dəfə 2001-ci ildə belə bir müzakirə keçirildi, ümummilli lider tərəfindən müzakirələr aparıldı. Bütün ictimaiyyət, parlamentdə təmsil olunan, olunmayan siyasi partiyaları, QHT-lər, beynəlxalq qurumlar, ölkə ziyalıları iştirak edirdi. Orada təklif olundu ki, hər kəs bu münaqişənin həlli ilə bağlı özünün yazılı şəkildə təkliflərini təqdim etsin. Sonradan mən cidd-cəhdlə maraqlandım. Bir qrup ziyalılar və digərləri qeyd etmişdilər ki, ümummilli liderin qəbul etdiyi qərardan yaxşısını heç kəs qəbul edə bilməz. Digərləri, qatı müxalifətdə olanlar və başqaları isə bir səhifə də olsun yazılı şəkildə bu münaqişənin həlli, yaxud aparılan danışıqlarla, danışıqların formatı ilə bağlı hər hansı bir təklif verməmişdilər. O baxımdan Qarabağ məsələsi elə bir məsələdir ki, onunla bağlı tək bir parlament iclası kifayət etmir, gündəlik bununla məşğul olurlar, özü də bütün strukturlar. Hansı struktura nəzər salsaq, görərik ki, orada ilboyu Qarabağ müzakirələri gedir. - Prezidentin mövqeyi bəllidir və bütün səviyyələrdə keçirdiyi görüşlərdə Qarabağla bağlı prinsipial mövqeyini bəyan edir. Bu mənada parlamentdəki müzakirələr və qəbul olunan hər hansı qərar ümumi işin xeyrinə olardı, elə deyilmi? - Təbii ki, parlament prezidentin mövqeyini, aparılan danışıqları və qəbul olunan qərarları dəstəkləyir. Əgər cənab prezident, Ali Baş Komandan tərəfindən hər hansı bir qərar qəbul olunacaqsa, parlament buna tam öz dəstəyini verəcək. - Sentyabrın 26-da Rusiya prezidenti Vladimir Putin Bakıya səfər edəcək. Necə bilirsiniz, Rusiya ilə hazırkı münasibətlər Qarabağı işğaldan azad etməyimizə təkan verəcəkmi? - Bu münasibətlərin inkişafı ölkəmiz üçün vacib məsələdir. Rusiya bu gün regionun aparıcı, ən iri dövlətlərindən biridir. Azərbaycanla Rusiya arasındakı münasibətlər yüksələn xətlə inkişaf edib. Bu, həm prezidentlər, həm xalqlar, həm də dövlətlər arasında olan münasibətlərdir. Doğrudan da vaxtilə biz necə düzgün yol seçmişiksə, o yolla bu proseslərin davam etdirilməsi məqsədəuyğundur və bu əlaqələr daha da dərinləşməlidir. Təbii ki, Rusiyanın regionda olan münaqişələrə təsiri çox güclüdür. Bu təsir nəticəsində də bu münaqişələrin düzgün, ədalətli həll olunmasına yaxından dəstək verə bilər. O baxımdan da bu cür münasibətlərin qurulması və inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi, iki günlük səfərdə biznes-forumların keçirilməsi, bir sıra müqavilələrin imzalanması nəzərdə tutulub ki, bunlar hər iki ölkə üçün vacib amillərdir. Burada ölkənin böyüklüyündən, yaxud kiçikliyindən söhbət getmir. Bu gün Rusiyaya qarşı dünyada embarqoların tətbiq olunduğu bir şəraitdə Azərbaycan bu məsələlərə qarışmadı, əksinə, orada ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yarananda özünün daxili imkanları hesabına bacardığı qədər öz köməkliyini göstərdi, digər dövlətlərdən fərqli olaraq. O cümlədən Rusiya da Azərbaycanla bağlı bütün məsələlərdə öz köməkliyini, yardımını göstərir və hesab edirəm ki, bundan sonra da göstərəcək. Bu yaxınlarda Gürcüstanda prezident seçkiləri keçiriləcək. Bununla bağlı verilişlərə baxırdım, məni namizədlərdən birinin - Burcanadzenin çıxışı çox maraqlandırdı. Demək olar ki, Rusiya ilə münasibətlərin əvvəlki vəziyyətə qayıtması ilə bağlı öz fikirlərini söyləyirdi. Hansı ki, Şevardnadze dövründəki münasibətlərə qayıtmaq istədiyini bildirirdi və ondan sonrakı dövrü o, itirilmiş illər kimi qeyd edirdi. Qulaq asdım və bir daha əmin oldum ki, biz öz siyasətimizi çox düzgün qurmuşuq. - Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar var. Yaxud heç olmasa 6 boş yerə seçkilərin keçiriləcəyi bildirilir. Sizdəki məlumatlar nədən ibarətdir? - Parlament seçkilərinin keçirilməsi Azərbaycan Konstitusiyası ilə müəyyən edilir. Parlament bir neçə halda, bir neçə dəfə hökumətin hesabatı, yaxud baş nazir vəzifəsinə təqdim olunan şəxsin namizədliyinin qəbul olunmaması halında, yaxud parlament özü-özünü buraxırsa, o halda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Qalan hallarda isə konkret vaxt müddət konstitusiyada göstərilib. Əgər növbədənkənar parlament seçkiləri keçirilməli olsa, ya bu hallardan biri baş verməli, ya da referendum keçirilməli, konstitusiyada dəyişiklik edilməlidir. - Belə çıxır ki, siz də konkret olaraq seçkinin olub-olmayacağını dəqiq bilmirsiniz? - Mən prosedur qaydalarını qeyd etdim. Boş qalmış yerlərə seçkilər isə Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə müəyyən olunur. Burada da açıq şəkildə göstərilib ki, parlamentə boş qalan yerlərə seçkilərin keçirilməsi Azərbaycan prezidenti tərəfindən elan olunur. -Siz adətən deyirsiniz ki, YAP seçkilərə bir il qalmış hazırlıqlara başlayır. Bu mənada indi hansı seçkiyə hazırlaşırsınız? - Biz hələ ki bələdiyyə seçkilərinə hazırlıq görürük, ilin sonunda prosesə start verəcəyik. Parlament seçkiləri ilə bağlı hələlik hazırlıq işləri yoxdur. - Bu günlərdə Bakıda sel-daşqınların olması geniş müzakirələrə səbəb oldu. Siz bu vəziyyət barədə nə deyə bilərsiniz? - Dünyanın hər yerində, ABŞ, Yaponiya, Çin, Avropa ölkələrində belə hallar baş verir. Normadan artıq yağıntı düşür, ekoloji tarazlıq pozulub və bunun nəticəsində yağıntılar olur. Bizdə bəzi insanlar bu cür halları faciə kimi qələmə verməyə çalışırlar. Elə ölkələr olur ki, daşqınlar nəticəsində 8-10 nəfər dünyasını dəyişir. Allaha şükür ki, bizdə bu hallar baş verməyib. Normadan artıq yağış yağıb, yaxud səhlənkarlıq nəticəsində su-kanalizasiya sistemində problem yaranıb. Bunu da qloballaşdırıb, şişirdib faciə kimi təqdim etmək olmaz. Çünki dünyada təbii fəlakətin qarşısını hələ heç kəs ala bilməyib. Ən yüksək texnologiyalarla inkişaf edən Yaponiyadır, bu ölkə də onun qarşısını ala bilmədi. - Siyavuş bəy, Məhərrəmlik ayında söhbət edirik. Siz də komitə sədrisiniz. Yəqin ki, Aşura günü məscidə getdiniz... - Məscidə də getdim, bu aksiyaların hamısında iştirak da etdik. Ondan öncə Azərbaycanın bir sıra rayonlarında görüşlər keçirdik, dindarları, ziyalıları topladıq. Bu mərasimlərin dini əhəmiyyəti və düzgün istiqamətləri haqqında Dini Komitə və Qafqaz Müsəlmanları İdarəsi ilə, yerlərdəki məscidlərin axundu, imamı ilə birlikdə insanlarla izahat işləri aparıldı. Bildirildi ki, dinə zidd olan, dində olmayan, hansısa ölkələrdən ixrac olunan addımları atmaq olmaz, bu, qadağandır və sırf Quranın, şəriətin müəyyən etdiyi yolla insanlar istədiyi dini ayinləri yerinə yetirə bilərlər. Bu baxımdan gördüyünüz kimi, Azərbaycanda bu məsələlər tam qaydasındadır. - Hakim komandadakı dəyişikliklər hər zaman gündəmdə olur. Növbəti dəyişikliklər gözləniləndirmi? - Bu dəyişikliklər icra sisteminə aiddir, bu strukturun başında cənab prezident durur. Odur ki, bu məsələ sırf cənab prezidentin səlahiyyətinə aiddir. Kim yaxşı işləyirsə, daha da irəli çəkilir, işində nöqsanlara yol verirsə, tutduğu vəzifədən azad olunur, yerinə başqası təyin edilir. - Dollar kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərarını siz necə qarşıladınız? - Bu qərarın tam mahiyyəti ilə yaxından tanış deyiləm. Amma ümumiyyətlə, kreditlər məsələsinə həmişə dövlət büdcəsi ilə bağlı müzakirələrdə baxmışıq, yəqin ki, budəfəki büdcə müzakirələrində də bu məsələ diqqətimizdə olacaq. Ən əsas şərt vətəndaşdır, vətəndaşın hüquqları birinci növbədə qorunmalıdır. - Amma belə görünür ki, budəfəki qərar vətəndaşı razı salmayıb. Dollar kreditləri köhnə deyil, yeni kursla qaytarılmalıdır. - Mülkiyyətin formaları mövcuddur. Hər bir mülkiyyət qorunan mülkiyyətdir, şəxsi mülkiyyət də, dövlət mülkiyyəti də, özəl mülkiyyət də. O baxımdan da qəbul olunan qərarda mülkiyyət formalarının hər bir tərəfi nəzərə alınmalıdır ki, ortaq nöqtə tapılsın. - Konkretləşdirsək? - Bilirsiniz, özəl banklar var ki, bu dövr ərzində kifayət qədər pul qazanıblar. Məsələn, dollarla depoziti 3 faizə götürürlər, amma krediti 11-12 faizə verirlər. Uzun illər ərzində bundan banklar qazanıb. Özəl banklar indi bunu dövlətin üstünə yükləməməlidir, özləri də məsuliyyətlərini dərk etməlidir və ortaya çıxmalıdırlar. İkinci tərəfdən, vətəndaşlarla bağlı fikrimi bildirim. Vətəndaş var ki, bu krediti zərurətdən götürüb. Deməli, o nəzərə alınmalıdır, bu, böyük təhlilə ehtiyac olan məsələdir. Kredit götürüb ki, iş yerləri açsın, fermer təsərrüfatı yaratsın. Biri də kefdən kredit götürüb ki, 100 minlik maşın alsın. Bununla digər vətəndaş tərəzinin eyni gözünə qoyula bilməz. O gəlib zəhmət çəkməli, həmin pulu ödəməlidir. Deyir “yağmadı yağış, bitmədi qamış”. Tutaq ki, quraqlıq olub, yaxud təsərrüfatına xəstəlik düşüb və nəticədə krediti qaytara bilmirsə, bunlar sığortalanmalı və nəzərə alınmalıdır. Bank da buna güzəştə getməlidir. Ancaq kim ki, maşınını dəyişib, daha bahalısını sürmək istəyib, bunun üçün kredit götürüb, zəhmət çəksin, gedib kreditini ödəsin! Biz təhlillər aparmışıq, Azərbaycanda kreditlərin böyük hissəsi, 50 faizindən çoxu məhz ikinci hissəyə aiddir. Əmək haqqının miqdarına, dolanışıq səviyyəsinə baxmayaraq, bəhsə girib daha yaxşı maşın almaq istəyib. Burada əhalinin bütün təbəqələrinə aid olan şəxslər var. Gedib maşın alıb, banka girov qoyub, indi də bankla üz-üzə qalıb. - Valyutadəyişmə məntəqələri ilə bağlı qərar verilsə də, məsələ həllini tapmır. Bu barədə nə deyə bilərsiniz? - Bu, vacib məsələdir. Mən də bu məsələnin həllinin tərəfdarıyam. Onların bağlanması da səhv idi. Valyutadəyişmə məntəqələri açılmalıdır. İlk növbədə bu, iş yeri idi. 10 minlərlə insan çalışırdı. Elə Bakının özündə 3 mindən artıq belə məntəqələr var idi, hərəsində 2-3 nəfər çalışırdısa, bu, 3 ailənin dolanışığı demək idi. Biz keçən dəfə büdcədə də məsələ qaldırdıq, yenə buna diqqət çəkəcəyik ki, problem həllini tapmalıdır. Həm vətəndaşın rahatlığı, həm turizmin inkişafı, həmçinin də yeni iş yerləri olaraq məsələnin həllinə ehtiyac var. 50 min depozit qoyulması ilə bağlı tələb də səhvdir, onun heç bir iqtisadi göstəricisi yoxdur. Lisenziyanı alır, gətirib pulunu manatla verir, dollarını götürüb gedir. Bu vəsaiti yandıracaq, ya ucuz verəcək, bu, artıq həmin şəxsin problemidir. - Ayın sonunda Qarabağ mitinqinin keçirilməsi planlaşdırılır. Sizin bu aksiyaya münasibətiniz necədir? - Qarabağ Komitəsi bu məsələni qaldırıb və mütəmadi olaraq həmişə diqqət mərkəzində saxlayır. Bu, artıq onların nizamnamə tələblərinə daxil olan məsələdir. - Siz həmin mitinqə qatıla bilərsiniz? - Biz bütün mətbuatda, internet mediasında mövqeyimizi bildiririk, milyonlarla insan bizim mövqeyimizlə tanış olur. İndi ola bilsin orada 3-5 min, ya ondan çox insan iştirak edəcək. “Yeni Müsavat” Geri qayıt |