Əsas Səhifə > Partiya, Güney Press > "Onlara prezident təqaüdü də ayırmaq olar"

"Onlara prezident təqaüdü də ayırmaq olar"


8-10-2018, 08:39
"Onlara prezident təqaüdü də ayırmaq olar"
Gələn həftə 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününü qeyd edəcəyik. Artıq 27 ildir ki, Azərbaycan özünün müstəqilliyini bərpasını qeyd edir. Tariximizin şərəfli səhifəsi olan Müstəqillik günü bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə təsadüf edib.

Xatırladaq ki, ölkə prezidentinin sərəncamı ilə “2018-ci il Cümhuriyyət ili” elan olunub və bu münasibətlə bir sıra vacib, həmçinin möhtəşəm tədbirlər, o cümlədən iki hərbi parad, parlamentin 100 illiyi və s. keçirilib. İllərdir danışılan bir məsələ yenə də açıq qalır. Söhbət müstəqilliyə səs vermiş, ona imza atmış deputatların problemlərinin həlli, onlara xüsusi statusun verilməsindən, eyni zamanda 18 oktyabrın qeyri-iş günü elan edilməsi ilə bağlı təşəbbüslərə hələ ki müsbət cavab verilməməsindən gedir.

İstiqlalçı deputat Vahid Əhmədov bununla bağlı “Yeni Müsavat”a deyib ki, 18 oktyabr Azərbaycanın müstəqillik tarixində ən önəmli günlərdən biridir: “Məhz həmin gün Azərbaycan müstəqilliyini bərpa edib və dünya dövlətlərinin rəhbərləri də daha çox həmin gün bizi təbrik edirlər. Müstəqillik Aktına imza atan insanların müəyyən problemləri var, biz dəfələrlə bu barədə müraciətlər etmişik. Amma çox təəssüf ki, həmin insanlar bu gün də öz haqlarını ala bilməyib. Mən cənab prezidentdən xahiş edirəm, bu il Cümhuriyyətimizin yaranmasının da 100 illiyidir, odur ki, müstəqilliyimizə səs verən insanların xidmətləri nəzərə alınsın. Onların pensiya təminatı məsələsi də açıq qalıb, onlara prezident təqaüdü də ayırmaq olar”.

V.Əhmədov qeyd etdi ki, Azərbaycan dövlətinin imkanları kifayət qədər böyükdür: “Cənab prezident də humanist insandır, bu sahədə də müəyyən addımlar atmasını ondan xahiş edirəm. Bu insanların əksəriyyəti dünyasını dəyişib, amma sağ qalan, həyat şəraiti çox ağır olanlar da var. Mən ABŞ-da olarkən baxdım, vaxtilə ölkənin müstəqilliyinə səs verən 56 nəfərin hər biri barədə kitab yazılıb. Müstəqillik elə bir məfhumdur ki, ona səs verən insanları nəzərdən qaçırmaq olmaz, bu, bizim tariximizdir. Həmçinin 18 oktyabrın bayram günü kimi qeyd olunması da vacibdir, yəqin ki, gec-tez biz Azərbaycanın Müstəqillik gününü bayram kimi edəcəyik. Müstəqillikdən qiymətli heç nə yoxdur”.

Geri qayıt