Əsas Səhifə > Partiya, Güney Press > “SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”

“SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”


20-10-2018, 09:39
“SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”
Hər il olduğu kimi, bu il də ölkəmizin müstəqillik qazanması ilə bağlı bir-birinə zidd fikirlər var. Məsələn, bəzi şəxslər bildirir ki, ötən əsrin sonlarına yaxın dünyada və SSRİ məkanında baş verən siyasi-iqtisadi və hərbi proseslər sosialist düşərgəsini dağıtmağa istiqamətlənmişdi. Ona görə də SSRİ-nin dağılması müttəfiq respublikaların və başqa sosialist ölkələrin müstəqillik qazanması üçün fürsət oldu.

Bu fikrin tərəfdarlarının mövqeyi belədir ki, xalq hərəkatlarının, milli azadlıq mübarizələrinin müstəqillik qazanılmasında ciddi rolu olmayıb. Bu, tarixi zərurətdən meydana çıxmış bir hadisədir.

Başqa fikir isə bundan ibarətdir ki, Azərbaycan və digər respublikalar müstəqilliyə xalqların mübarizliyi və milli azadlıq hərəkatı liderlərinin fədakarlığı sayəsində qovuşub.

Bəs, əslində gerçəklik nədən ibarətdir?

Milli azadlıq hərəkatının liderlərindən biri, istiqlalçı deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a mövzunu bu cür şərh edib: “Diqqət edin, 1918-1920-ci illərdə qurulub mövcud olan respublikanın memarı Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Müsavat Partiyası, müsavatçılar idi. 1988-ci ildən başlanan proseslərdə Xalq Cəbhəsi yaranana qədər o mitinqlərin əsas liderləri şair Sabir Rüstəmxanlı ilə fəhlə Nemət Pənahlı idi. Arxa planda şübhəsiz hələ ortaya tam çıxmasa da Əbülfəz Elçibəy də var idi. Amma Xalq Cəbhəsi yaranandan sonra təşkilat olaraq proseslərə Xalq Cəbhəsi rəhbərlik edirdi. 1991-ci ildə müstəqilliyin bərpasının memarı Xalq Cəbhəsi idi. Sonrakı dövrdə Heydər Əliyev gəldi və onun da öz xidməti var. Müstəqilliyin bərpasının əsas müəllifi xalqın gücü idi. Milyondan artıq insan meydanlara yığışırdı, 43 millət vəkili isə xalqa arxalanıb parlamentdə mübarizə aparırdı. Parlamentin binasını xalq əhatəyə almasaydı və xalqın təzyiqi olmasaydı müstəqilliyə nail ola bilməzdik. Bu işlərin heç birini xalqsız görmək mümkün olmazdı”.

Sabir Rüstəmxanlı qeyd etdi ki, SSRİ-dən qopan digər respublikalarda da “Müstəqilliyin əldə olunması SSRİ-nin dağılmasının nəticəsi idi” təbliğatı gedir. Ruspərəst qüvvələr belə təbliğat aparırlar ki, xalq hərəkatlarının, Xalq Cəbhələrinin heç bir rolu olmadı, onsuz da SSRİ dağılmağa məhkum idi və müstəqilliyi də bizə məcməyi də hazır verdilər: “Bu cür fikrilər tamamilə yanlış təbliğatdır və xalq hərəkatını, xalqın azadlıq mübarizəsini gözdən salmaq cəhdidir. Bu cür fikirlər birmənalı şəkildə rədd edilməlidir. Əgər xalq hərəkatı olmasaydı, Azərbaycanda, Baltikyanı respublikalarda SSRİ-nin apardığı yanlış siyasətə qarşı mübarizə olmasaydı, hansısa kosmetik dəyişikliklərlə SSRİ-ni saxlayacaqdılar. Əslində SSRİ-nin dağılması həm Baltik respublikalarında, həm də Qafqazda, xüsusən Azərbaycanda illər uzunu aparılan işin bir tərəfdən nəticəsi idi. 1988-ci ildən Azərbaycanda başlanan proses, ermənilərin Dağlıq Qarabağ iddiaları, sonra Moskvanın erməniləri dəstəkləməsi, Azərbaycanda əhalidən ov tüfənglərinin də alınması, Ermənistandan azərbaycanlıların qovulması, bunun ardınca başqa respublikalarda da baş verən hadisələr artıq SSRİ-yə, mərkəzi hakimiyyətə inamı sarsıtmışdı. Bu vəziyyət ciddi bir etiraz dalğası yaratmışdı. Azərbaycanda 1988-ci ilin fevralından başlayaraq az qala hər ay mitinqlər keçirilirdi. 1988-ci ilin sonunda 18 günlük mitinq əslində SSRİ-ni sarsıdan mitinq idi”.

S.Rüstəmxanlı bəyan etdi ki, SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu: “Azərbaycan parçalandığı gündən öz bütövlüyünü, müstəqilliyini arzulayıb, buna çalışıb. 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin qurucuları, onların varisləri bu mübarizəni xaricdə aparıblar. 1988-ci ildən isə azadlıq mübarizəsi meydanlarda açıq görünməyə başladı. Bir çox faktorlar gəldi bir nöqtədə birləşdi ki, artıq SSRİ dağılmalıdır və dağıldı. Onun dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu. Azərbaycanda inqilab səviyyəsində proses gedirdi. SSRİ-ni o inqilabi proseslər çökdürdü. Azərbaycanın müstəqilliyə qovuşmasını Moskvadan təyin olunan rəhbərlər yubatmağa çalışırdılar, qarşısını almaq istəyirdilər. Onlar da bunu Moskvanı sevdiklərindən etmirdilər, Moskvanın əli ilə Qarabağı xilas eləməyi düşünürdülər. Bizimkiləri Moskvadan asılı eləyən əsas səbəb o idi. Ona görə də Müstəqillik Aktının qəbulu bizdə bir az yubandı. Əslində isə prinsip etibarilə SSRİ məkanında azadlıq hərəkatı ilk növbədə Azərbaycandan başlamışdı”.

Geri qayıt