Əsas Səhifə > Partiya, Güney Press > “Leyla Yunusdan hər şey gözləyin, o, bir faşistdir”

“Leyla Yunusdan hər şey gözləyin, o, bir faşistdir”


31-10-2018, 09:46
 “Leyla Yunusdan hər şey gözləyin, o, bir faşistdir”
Polşanın Vrotslav şəhərindəki “KEW” nəşriyyatı Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların “Sovet düşərgəsindən Azərbaycan həbsxanasına” kitabını rus dilində nəşr edib. 496 səhifəlik kitab iki hissədən ibarətdir.

Birinci hissənin - “MTN-in təkadamlıq kamerasındakı dustağın qeydləri”nin müəllifi Arif Yunusdur. Kitabda MTN-in təcridxanasında təkadamlıq kamerada saxlandığı 16 ayın xatirələri və üzləşdiyi problemlər əksini tapıb.

Müəllif keçmiş MTN-in (artıq ləğv edilib-red.) istintaq təcridxanasını təsvir edir, orada hökm sürən vəziyyətdən danışır.

İkinci hissənin müəllifi Leyla Yunusdur. O, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda baş verənlərdən və ondan sonrakı dövrdən yazıb. O, Azərbaycandakı siyasi məhbuslar haqda danışır. Vrotslavda kitabın təqdimatı keçirilib. Kitab həmçinin alman dilinə tərcümə edilib və Beynəlxalq PEN Klub tərəfindən nəşr olunub.

Noyabrın 8-də Almaniyanın Esslingen şəhərində kitab festivalının açılışı olacaq. Festivalı Leyla və Arif Yunuslar açacaqlar. Onlar Almaniya ictimaiyyətinə öz kitabları barədə məlumat verəcəklər.

Beynəlxalq PEN Klub noyabrın 15-də Vyanada KİV və ictimaiyyətin iştirakı ilə kitabın xüsusi təqdimatını keçirəcək.

Hazırda kitab ingilis dilinə tərcümə edilir. Kitabın Londonda və Brüsseldə təqdimatı planlaşdırılıb. Həmçinin kitabın fransız və holland dillərində tərcüməsi nəzərdə tutulub.

Kitab başdan-ayağa Azərbaycan əleyhinədir. Ər-arvad ölkəmiz əleyhinə Avropada mənfi imic yaratmağı sanki qarşılarına məqsəd qoyublar. Kitabın müxtəlif ölkələrdə nəşri və kitaba açıq şəkildə verilən dəstəklər bunu sübut edir. Azərbaycan hakimiyyətinin Yunusların qarayaxma kampaniyasının qarşısını almaq üçün hansı addımları atmalı olduğu barədə müxtəlif müzakirələr açılıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında kitab əleyhinə kifayət qədər sərt danışdı: “Leyla Yunusu heç zaman həmkarım saymamışam. Onunla daim mübarizə aparmışam. Yalançı olduğunu hər zaman ifşa etmişəm. O, Müdafiə Nazirliyində vəzifədə olduğu vaxtlar qanunsuzluğu aşıb daşırdı. Özünü mülayim göstərdiyinə fikir verməyin. Nazirlikdə işləyərkən yanımıza bir ərizəçi gəldi. Leyla Yunus onun başına dəhşətli oyunlar açmışdı. Səbəb də evində suyun gəlməməsi olmuşdu. Bunların hamısının şahidiyik. Vəzifəsindən necə sui-istifadə etdiyini yaxşı bilirik. Özünü sülhpərvər kimi göstərib, əsl üzünü gizlədir. İndi bəzi məmurlar özlərini necə aparırlarsa, o vaxt Leyla Yunus da belə aparırdı. O, heç vaxt Azərbaycanı sevməyib, ölkəmizi vətən bilməyib. Biz Leyla Yunus həbs ediləndə beynəlxalq təşkilatlara müraciət etdik, keçirdiyimiz görüşlərdə məsələni önə çəkdik.

Amma sonluq ortadadır. Leyla Yunus heç zaman düzəlməyəcək. Nə həbsxana, nə də digər amillər onu düz yola gətirə bilmədi. Bu adamın yalnız bir məqsədi var, pul qazanmaq. O kitabı da məhz pul qazanmaqdan ötrü yazıb. Azərbaycanı fikirləşən adam elə yazılar yazmaz. Tənqid etmək olar. Biz ölkəmizdə olub mənfi halları necə tənqid ediriksə, o cür olmalıdır. Daha Leyla Yunus kimi deyil. Hələ harasıdır, o insan qarşıdakı zamanda daha ikrah hissi doğuracaq fəaliyyət aparacaq. Çalışacaq ki, ölkəmizdə yaşayan millətləri qarşı-qarşıya qoysun.

Bunu hökumətə də deyirəm. Artıq belə fəaliyyətə başlayıb da. Hər addımında Azərbaycanda yaşayan etniklər arasında nifaq salmaq istəyir. O şəxsdən hər şey gözləyin. Bu şəxs faşistdir. Allah eləməsin ki, belə şəxslər həmkarım olsun. Ancaq yalan-böhtanla yaşayıb. Elə bilirsiniz ki, o, siyasi məhbusları müdafiə edir? Sadəcə, pul qazanmağın yolunu tapıb. Üzülməyə dəyməz. Çünki Yunuslar kimilər olduqca azdırlar. Dövlətimizi, millətimizi sevənlərin çoxluğu hər zaman bizlərə təskinlik olub”.

Hüquq müdafiəçisi Azərbaycan tərəfin atmalı olduğu addımlardan da söz açdı: “Azərbaycan hökumətinin onun bu cür fəaliyyətinin qarşısını almaq imkanları var idi. Azərbaycan tərəfi komissiya yaradıb, kitabda yazılanlarla bağlı araşdırma aparıb onu ifşa edə bilər. Eyni zamanda hakimiyyət birdəfəlik siyasi məhbuslar məsələsini həll etməlidir ki, Leyla Yunus kimilərin ağzı bağlansın. İstənilən halda komissiya yaradıb onun hər bir ittihamına cavab verməliyik”.

Geri qayıt