Əsas Səhifə > Partiya, Güney Press > "Bilinmir ki, Azərbaycandasan, yoxsa Avropada"
"Bilinmir ki, Azərbaycandasan, yoxsa Avropada"7-11-2018, 08:35 |
Azərbaycan prezidenti İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasının vacibliyi məsələsinə də yer ayırıb. Prezident bildirib ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir: “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır”. Ölkə başçısının dövlət dilinin qorunması məsələsinə bir daha toxunması cəmiyyətdə və mediada müsbət qarşılanır və dəstəklənir. “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması, dövlət dili səviyyəsində işlədilməsinə daim diqqət və qayğı göstərir, dəfələrlə bununla bağlı çox mühüm fərmanlar verib, dövlət proqramları, sərəncamlar imzalayıb: “Doğrudan da Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra dünyaya açılıb. Əgər sovet dövründə biz yalnız Rusiya vasitəsilə dünya ilə əlaqə saxlayırdıqsa və dilimizə ən çox rus dilinin təsiri var idisə, dilimizdə ən çox işlənən terminlər Rusiyadan gəlmə terminlər idisə, bu gün Azərbaycan dünyaya açıqdır. Dünyanın yüzlərlə dövləti ilə ünsiyyət qurulub və hər birindən müxtəlif sözlər, terminlər eşidirik, işlədirik. Ona görə hər kəs ana dilinin qorunmasına çalışmalıdır. Əlbəttə, dil daim inkişaf etməlidir, müxtəlif terminlərlə zənginləşməlidir. Amma bu, ana dilinə əcnəbi sözlərin daxil olması hesabına olmamalıdır. Çox təəssüf ki, bu sahədə müəyyən problemlər görürük. Cənab prezident də məhz problemlərin aradan qaldırılması üçün bu məsələyə çıxışında xüsusi yer ayırıb. Əcnəbi dil bilmək yaxşıdır. Ancaq əcnəbi dildəki sözləri götürüb ana dilimizə qatmaq və dilimizi korlamaq olmaz. Bakının bir sıra küçələrindəki reklamlara baxanda bilmir ki, Azərbaycandasan, yoxsa Avropada. Baxmayaraq ki, reklamlarda Azərbaycan dilindən kənara çıxmaq qanunda qadağan olunub, amma yenə də əcnəbi sözlərdən ibarət reklamlar şəhəri bürüyüb. Bəzən kütləvi informasiya vasitələrində də ana dilimizə kənar sözlərin daxil edildiyi müşahidə olunur. O cümlədən telekanalarda bu məsələdə durum yaxşı deyil. Televiziyada danışılanlar, işlədilən sözlər bir çox insanlarda ana dilimizin məhz bu olduğu rəyini yaradır. Beləliklə, Azərbaycan dilinin çirklənməsi baş verir. Çayxana söhbətləri, bazar söhbətləri, səviyyəsiz adamların işlətdiyi ifadələr baş alıb gedir. Adam ekrana baxmaq, dinləmək istəmir. Cənab prezidentimizin ana dilimizlə bağlı söylədikləri qeyd etdiyim sahələrdə çalışanlar və həmin sahələrin rəhbərləri tərəfindən nəzərə alınmalıdır. Müşahidə olunan qüsurlar aradan qaldırılmalıdır”. Baş redaktor qeyd etdi ki, prezidentin Azərbaycan dilinin saflığına, qorunmasına xüsusi diqqət ayırdığını hər birimiz öz işimizdə unutmamalıyıq: “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması barədə prezident İlham Əliyevin fərman verməsi dövlət başçısının bu məsələyə nə dərəcədə mühüm əhəmiyyət verdiyini əyani göstərir. Monitorinq Mərkəzində təcrübəli mütəxəssislər çalışacaq və Azərbaycan dilinin qorunmasına dövlət nəzarəti ciddiləşəcək, monitorinqlər keçirəcəklər. Ana dilimizi hər birimiz qorumalıyıq. Dilə sevginin əlamətlərindən biri də onu yad və lazımsız ifadələrdən qorumaqdır”. Geri qayıt |