Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanda yaşanan İslamın Hz. Məhəmmədin təbliğ etdiyi İslamla bir əlaqəsi yoxdur"

"Azərbaycanda yaşanan İslamın Hz. Məhəmmədin təbliğ etdiyi İslamla bir əlaqəsi yoxdur"


21-11-2018, 08:48
"Azərbaycanda yaşanan İslamın Hz. Məhəmmədin təbliğ etdiyi İslamla bir əlaqəsi yoxdur"
“Orta məktəblərdə dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar çox olacaq”.

Bunu "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib. O qeyd edib ki, mütləq şəkildə orta ümumi təhsil müəssisələrində din tədris olunmalıdır:

“Elə bir zaman gələcək ki, peşman olacaqsınız. Görəcəksiniz ki, nə qədər gənc İŞİD kimi təşkilatlara qoşulacaq. Onların beyni elə orta məktəb dövründən zəhərlənməyə başlayır. Yalnız sağlam dini təhsili olmayanlar düşmənə tərəf ola bilərlər. Əgər dini biliklər tədris olunarsa, uşaqlar düzgün tərbiyə ediləcəklər. Məktəblərdə fizika, riyaziyyat kimi dəqiq elmlər də tədris olunur. Mən də şagirdlərə, yalnız İslamın öyrədilməsinin tərəfdarı deyiləm”.

Millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında F. Nurullayevin fikirlərinə münasibət öyrənib:

"Azərbaycanda dini maarifçilik ən vacib məsələlərdən biridir. Ancaq söhbət hansı dindən gedir? Əgər ənənəvi dindən söhbət gedirsə, bunun təbliği uşaqların gerçək İslama nifrət etməsinə səbəb olacaq. Çünki Azərbaycanda yaşanan İslamın Hz. Məhəmmədin təbliğ etdiyi gözəl əxlaq dini olan İslamla bir əlaqəsi yoxdur. Bu cür uydurma din anlayışına sahib olan uşaqlar potensial terrorçu və yaxud özünə xəsarət yetirən əzadar kimi yetişəcəklər. Azərbaycan dövləti və millətimiz üçün İŞİD-çı də, din adına özünü döyən, ağlayan-sızlayan da eyni səviyyədə təhlükəlidir. Bizə sağlam din anlayışına sahib müasir qafalı nəsil lazımdır. Ona görə də Quranın insana humanizm təlqin edən ideyalarını “Həyat bilgisi” fənni daxilində tədris etmək indiki mərhələdə daha məqsədəuyğundur. Dini maarifçiliyin məqsədi dindar yetişdirmək deyil, sağlam din bilgisi olan, tolerant və müasir dəyərlərə açıq insanın formalaşmasına yardım etməkdir".

Geri qayıt