Əsas Səhifə > Partiya, Güney Press > REAL-la AXCP arasında dava yenidən qızışdı
REAL-la AXCP arasında dava yenidən qızışdı22-11-2018, 09:41 |
AXCP və REAL arasında dava yenidən qızışıb. Buna səbəb AXCP sədri Əli Kərimlinin şənbə günü saxlanılıb, iki gündən sonra azadlığa buraxılması və bununla bağlı REAL-ın sərgilədiyi mövqedir. Cəbhəçilər iddia edirlər ki, REAL AXCP sədri həbs edilərkən onu gözlənildiyi kimi müdafiə etməyib. Sosial şəbəkələrdə açılan müzakirələrdə REAL rəhbəri İlqar Məmmədov həbsdə olarkən Ə.Kərimlinin sona qədər onu müdafiə etdiyi bildirilir. AXCP-yə ittihamlardan biri də budur ki, Əli Kərimli məqsədli şəkildə belə şou düzəldib və bununla gündəmə gəlib. Bu məsələlərlə bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli ilə əlaqə saxladıq. Partiya funksioneri “Yeni Müsavat”a açıqlamasında dedi ki, İlqar Məmmədov Əli Kərimlinin saxlanılması ilə bağlı sosial şəbəkələrdə öz fikirlərini bildirib: “Bunun doğru olmadığını qeyd etdi. Eyni zamanda bunun Azərbaycan üçün beynəlxalq aləmdə, o cümlədən Avropa Birliyi və Şurası ilə danışıqlarda müəyyən problemlər yarada biləcəyi ilə bağlı mövqeyini sərgilədi. Əli bəy İlqar Məmmədov həbs edilərkən onu müdafiə etmişdi. Biz bunu danmırıq. Buna görə dəfələrlə təşəkkür bildirmişdik. Amma onu da bildirim ki, İlqarın məhkəməsi başlayandan bir il sonra Əli Kərimli onun məhkəməsində iştirak etdi. REAL-ın rəsmilərinin hər biri Əli Kərimlinin saxlanılması ilə bağlı öz mövqeyini bildirib. Partiya olaraq bəyanat verməməyimizin səbəbi iqtisadi terminlə desək, bəyanatın devalvasiyaya uğramasıdır. Çünki bəyanatın arxasında hər hansı bir hərəkətlilik yoxdursa, bəyanat sözünün anlayışı ciddi mənada gözdən düşüb. Bu baxımdan bəyanat verməyə lüzum görmədik. AXCP üzvləri tərəfindən səsləndirilən ittihamların heç bir əsası yoxdur. Burada heç bir problem görmürəm”. N.Cəfərli AXCP sədrinin həbsinin nəyə və kimə lazım olduğu barədə gedən müzakirələrə bu cür izah verdi: “Bu həbs kimə və nəyə lazım idi? Açığı, bununla bağlı müxtəlif fikirlərin dolaşdığının mən də şahidiyəm. Əslində REAL olaraq biz ölkədə ciddi bir platforma, təşəbbüslə çıxış etdik. Azərbaycan Konstitusiyasının müvafiq maddəsinə uyğun olaraq qanun layihələri təklifləri hazırlayıb parlamentin müzakirəsinə təqdim etməyi düşündük. Bununla bağlı ilkin açıqlamalarımız da oldu. Artıq bununla bağlı 40 min imza üçün imzatoplama kampaniyamız da başlayıb. Biz çalışırıq ki, siyasəti, iqtidar-müxalifət münasibətlərini sivil çərçivəyə salaq. Bununla da ölkədə proqramlar, qanun layihələri, siyasi təkliflər üzərindən oturuşmuş bir siyasi abı-hava yaransın. Bu da cəmiyyət tərəfindən çox ciddi qarşılanmışdı. Böyük bir dəstək də görürdük. İmzatoplama kampaniyamız artıq 4 gündür başlayıb. İnsanların aktivliyini açıq şəkildə görürük. Təkcə bir faktı deyim ki, imza toplamaq üçün qeydiyyatdan keçən könüllülərin sayı yüzlərlədir. Biz siyasəti yeni bir platformaya gətirmək üçün sona qədər çalışacağıq. Əli Kərimlinin həbs edildiyi gün gündəm əsasən bundan ibarət idi. Sosial şəbəkələrdə də bu əsas müzakirə mövzusuna çevrilmişdi. Hətta çox yaxşı bir hal idi ki, dövlət qurumlarından, nazirliklərdən bu məsələ ilə bağlı adımızı çəkməsələr də, müxtəlif reaksiyalar gəldi. Siyasi bir gündəm, diskussiya abı-havası yaranmaq üzrə idi. Sanki bu vəziyyət kimlərinsə xoşuna gəlmirdi”. REAL funksioneri düşünür ki, belə bir vəziyyətdə Əli Kərimlinin məlum olay üzrə saxlanılması düşünülmüş plan və məqsədi gündəmi dəyişmək olub: “Siyasi təkliflərlə çıxış edən müxalifət liderinin deyil, başqa bir siyasi gücün önə çıxmasını sanki lazımlı bildilər. Belə bir addımlar atılmaqla REAL-ın siyasəti konstruktiv çərçivəyə və siyasi müstəviyə gətirmə cəhdləri sanki kölgədə saxlanılmağa çalışıldı. Bu cür vəziyyətin yaradılması Azərbaycan siyasəti üçün elə də yaxşı hal deyil. Biz bu gün də, sabah da çalışacağıq ki, siyasətin dili, üslubu, danışığı, gündəmi proqramlar, sənədlər, qanun təklifləri üzərində olsun. Yəni siyasət forması bu yöndə diskussiyalara səbəb olsun. Siyasəti qorxulu bir sənət, iş, həbslər, təqiblər kimi təqdim etməyi artıq 25 ildir görürük. Bu cür hallar xalqın siyasətdən daha da kənarda qalmalarına səbəb olur. Ona görə də biz çalışacağıq ki, cəmiyyətə verdiyimiz mesajlara, gördüyümüz işlərə uyğun şəkildə siyasəti yenidən mədəni bir çərçivəyə salaq. Bu qanun layihələrindən sonra növbəti təkliflərimiz, mövqe sənədlərimiz və qanun layihələrimiz olacaq. Çalışacağıq ki, iqtidar-müxalifət münasibətləri bu qanunlar, sənədlər üzərində sivil qaydada diskussiyalara səbəb olsun. Hazırda müxalifətdəki abı-hava kimlərəsə sərf etsə də, REAL-a əsla sərf edə bilməz”. Geri qayıt |