Əsas Səhifə > Partiya, Güney Press > Qarabağ Komitəsi bəyanat yaydı, mitinqi ləğv etdi

Qarabağ Komitəsi bəyanat yaydı, mitinqi ləğv etdi


24-11-2018, 10:07
Qarabağ Komitəsi bəyanat yaydı, mitinqi ləğv etdi
Qarabağ Komitəsinin 24 noyabra təyin etdiyi mitinq təxirə salınıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mitinq müraciətinə rədd cavabı verməsi aksiya ətrafında müzakirələr açmışdı. Xüsusilə, komitənin təşkilatçılarının bəzilərinin adından saxta profillərin yaradılması və mitinqə çağırış edilməsi məsələni böyüdüb.

Komitənin 23 noyabrda növbədənkənar iclası keçirilib. İclasda mitinqlə bağlı bəyanat qəbul edilib. Həmin bəyanatı təqdim edirik: “Qarabağ Komitəsi 24 noyabr 2018-ci il tarixində Bakı şəhərində "Erməni işğalına son", “Qarabağa Azadlıq”, şüarları ilə mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdi. BŞİH Azərbaycan Konstitusiyasında təsbit edilmiş sərbəst toplaşma hüququnu kobud şəkildə pozaraq qanunsuz və əsassız olaraq həmin mitinqin keçirilməsinə qadağa qoyub. Qanunvericiliyə müvafiq olaraq Komitə həmin qərardan məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Sərbəst toplaşma azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu şikayətə 2 gün ərzində baxmalı olduğu halda baxışı 7 dekabr 2018-ci il tarixinə təyin edib. Bundan sonra təşkilatçılar hüquqi müstəvidə qalmış imkandan istifadə edərək ərizə yazıb xahiş edib ki, məhkəmə öz qərarını ləğv etsin, baxış 24 noyabra qədər keçirilsin, BŞİH-nin mitinqi qadağan edən qərarını ləğv edərək mitinqin keçirilməsinə icazə qərarı çıxarsın. Lakin mitinqin keçirilməsi üçün müəyyən edilmiş tarixə qədər məhkəmə bu ərizəyə baxmayıb".

Komitə hesab edib ki, məhkəmə bununla Azərbaycan Konstitusiyası və qanunlarının müddəalarını pozsa da, 24 noyabrda mitinq keçirilməsinə qadağa barədə BŞİH-nin qərarının de-fakto qüvvədə olması situasiyasını yaradıb.

Qarabağ Komitəsi işğalçı Ermənistan hakimiyyətinin davakar bəyanatları və meydan oxumalarının gücləndiyi, işğal olunmuş torpaqlarımzın düşmən tərəfindən məskunlaşmasının sürətləndiyi, bir sıra beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hərəkətlərinin artdığı, qondarma işğal rejiminin sözdə nümayəndələrinin rəsmi vizalarla dünya paytaxtlarında qəbul olunduğu haqqında xəbərlərin gəldiyi və Azərbaycan hakimiyyətinin bunlara qarşı təsirli addımlarının müşahidə olunmadığı bir məqamda 2-ci Qarabağ mitinqinə münasibətdə tutulan bu mövqeyə qətiyyətlə etiraz etdiyini bildirib.

Bəyanatda daha sonra qeyd edilib ki, Qarabağ Komitəsi BŞİH və 1 saylı inzibati iqtisadi məhkəməsinin qərarları nəticəsində yaranmış hüquqi vəziyyəti, həmçinin təxribat planlarını, region və ölkədəki hərbi-siyasi situasiyanı dəyərləndirərək, habelə Komitənin mövcud durumda razılaşdırılmamış kütləvi aksiyalar keçirmənin məqsədəuyğun olmadığı barədə qərarı olduğunu nəzərə alaraq 24 noyabra təyin edilmiş mitinqi təxirə salmaq haqqında qərar qəbul edib. Sənəddə deyilir ki, 2-ci Qarabağ mitinqinin yeni tarixi haqqında məlumat yaxın müddətdə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qarabağ Komitəsinin üzvü Sahib Kərimli “Yeni Müsavat”a açıqlamasında bir daha dedi ki, komitə mitinqi təxirə salır və növbəti müzakirədən sonra mitinqlərin keçirilməsində israrlıdır: “Komitə üçün təşkilatlanma və kütləvi tədbirlərin keçirilməsi hər gün aktualdır. Gələn həftənin 3-cü günü növbəti iclasımız keçiriləcək. Komitəyə axın var və yeni üzvlərin qəbulu davam edir. Regionlarda təşkilatlanma işləri də başlayıb. Komitə bəyanatında göstərdiyi kimi mitinqi təxirə salır və hər hansı bir təxribata görə məsuliyyət daşımır. Təxribat cəhdlərinin qarşısını almaq hüquq-mühafizə orqanlarının vəzifəsidir”.

Geri qayıt