Əsas Səhifə > Partiya, Güney Press > "Mən xəbərdarlıq etmişdim ki, anti-Azərbaycan mövqeli xarici şəbəkə 3 istiqamətdə ölkəmiz əleyhinə kampaniya aparacaq"

"Mən xəbərdarlıq etmişdim ki, anti-Azərbaycan mövqeli xarici şəbəkə 3 istiqamətdə ölkəmiz əleyhinə kampaniya aparacaq"


14-12-2018, 09:26
"Mən xəbərdarlıq etmişdim ki, anti-Azərbaycan mövqeli xarici şəbəkə 3 istiqamətdə ölkəmiz əleyhinə kampaniya aparacaq"
Məlumat verdiyimiz kimi, Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) beynəlxalq platforması Azərbaycanla bağlı qərarını açıqlayıb. Beynəlxalq təşəbbüsün Rəhbər Komitəsinin dekabrın 5-də verdiyi qərarla Azərbaycana üzvlüyünü bərpa üçün müəyyən şərtlərlə daha 2 il zaman verilib. Bu müddət ərzində Azərbaycan hökuməti bütün maraqlı tərəflərin iştirakı ilə 2019-2021-ci illəri əhatə edən yeni fəaliyyət planı işləməli və icra etməlidir.

Belə ki, 2019-cu il martın 1-nə qədər Açıq Hökumət Tərəfdaşlığının (AHT) standartlarına uyğun 2019-2021-ci illər üzrə Milli Fəaliyyət Planının (MFP) işlənməsi üçün yol xəritəsi hazırlanmalı və çap edilməlidir. Bu yol xəritəsinə AHT Forumunun əsas görüşlərinin zaman çərçivələri daxil edilməlidir, MFP-nin hazırlanması prosesinə AHT Forumundan kənarda olan maraqlı tərəflər də cəlb olunmalıdır. Gələn il iyunun 1-nə qədər Azərbaycan AHT prosesinə rəhbərlik üçün yüksək səviyyəli nümayəndəsini (nazir və ya daha yüksək səviyyəli) təyin etməlidir. O zamana qədər həmçinin Azərbaycanda bütün tərəflərin iştirakı ilə OGP Fəaiyyət Planının hazırlanmasına başlanmalıdır. Plan vətəndaş cəmiyyətinə münasibətdə məhdudiyyətləri aradan qaldırmağa yönəlik olmalıdır.

Bundan əlavə, 2019-cu il dekabrın 31-nə qədər MFP yekunlaşdırılmalı, qəbul edilməli və AHT-nin müvafiq qurumuna (Support Unitə) təqdim edilməlidir. 2021-ci il avqustun 31-nə qədər Plan tam icra olunmalıdır. Bu şərtlərə əməl olunmadıqda Azərbaycan AHT-dən həmişəlik uzaqlaşdırılacaq. Ancaq öhdəliklər yerinə yetirilərsə, üzvlüyə yenidən qayıda biləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan AHT-yə 2011-ci ildə üzv seçilib. 2016-cı il may ayının 4-də Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclasında Azərbaycanın AHT-dəki üzvlük məsələsinə baxılıb və onun statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Komitə bu addımın atılmasının əsas səbəbi kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətləri göstərib.

Azərbaycan Açıq Hökumət Platformasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsündən (MHŞT) və OGP-dən çıxarılacağına dair xəbərdarlıqla hələ 2015-ci ildə çıxış edib: “Mən xəbərdarlıq etmişdim ki, anti-Azərbaycan mövqeli xarici şəbəkə 3 istiqamətdə ölkəmiz əleyhinə kampaniya aparacaq. Bunlardan biri ölkənin MHŞT-dən, digəri OGP-dən çıxarılması, üçüncü istiqamət isə Ombudsmanın BMT yanındakı A statusu B statusuna keçiriləcək. Bir istiqamət üzrə nəticə əldə olunub - Azərbaycan MHŞT-dən çıxıb. Gəldiyim qənaət budur ki, ikinci istiqamət üzrə də eyni proseslər gedir. Söhbət ondan getmir ki, irəli sürülən 5 tələb yerinə yetirilə bilən deyil. Söhbət ondan gedir ki, beynəlxalq təşkilat statusu olmayan bir təşəbbüs ölkəyə ultimatum verir. Mən bunu məhz ultimatum hesab edirəm. Anlayıram ki, hər bir üzv üçün Təşəbbüs öz kriteriyalarını müəyyənləşdirə bilər. Onunla da razıyam ki, Azərbaycan o kriteriyalara tam uyğun deyil. Amma bunun yolları var: dialoq, təklif və tövsiyələr. Bunlarla məsələ həll olunmursa, Azərbaycanla bağlı istədikləri qərarı qəbul edə bilərlər”.

S.Məmmədovun sözlərinə görə, təcrübə göstərir ki, Azərbaycan hakimiyyəti ultimatumlara əks reaksiya verir: “Bu hökumətlə dialoqla daha çox nəticəyə nail olmaq mümkündür, nəinki ultimatumla. Ona görə də ehtiyatlanıram ki, Azərbaycan proseslərin sonunu gözləmədən bu Təşəbbüsdən də çıxsın. Daha sonra MHŞT-də olduğu kimi, təşəbbüsün prinsiplərini icra etsin, amma OGP üzvü olmadan. Təşəbbüsün şərtlərindən biri budur ki, geniş vətəndaş cəmiyyəti iştirakçılığına bütün maraqlı tərəflər cəlb edilməlidir. Açıq Hökumətin Təşviqinə dair Azərbaycanda hökumət və qeyri-hökumət təşkilatlarının dialoq platforması yaradılıb. Yaradılan zaman platforma hamı üçün açıq elan olundu. Lakin Çexiyadakı PİN təşkilatının təsiri altında olan təşkilatlar, Sivil Toplum Platformasında birləşənlər ora üzv olmadılar. Hətta onların sırasından bura gələnləri başladılar şantaj etməyə. İndi də hökumət bütün tərəfləri cəlb etmək istəsə belə, həmin qruplar boykot yolunu tutacaqlar. Ya da elə şərtlər irəli sürəcəklər ki, hökumət qəbul etməyəcək. Buna görə də bütün maraqlı tərəflərin iştirakçılığına hökumət istəsə belə nail ola bilməyəcək”.

Liqa rəhbərinin fikrincə, hökumət OGP üzrə rəhbər nümayəndə kimi yüksək ranqlı məmuru təyin etmək şərtinə əməl edə bilər: “Bu, Dövlət Neft Fondunun rəhbəri də ola bilər, maliyyə naziri də, Prezident Administrasiyasının şöbə müdiri də. Rəhbər Komitənin digər şərti Milli Fəaliyyət Planının hazırlanmasında bütün maraqlı tərəflərin təmsilçiliyinə şərait yaradılmasıdır. Düşünürəm ki, boykotçu qruplar buna da imkan verməyəcəklər icra olunsun. Planın hazırlanması üçün qoyulan müddət - 1 il normal müddətdir, işləri ona qədər yekunlaşdırmaq mümkündür. Lakin yenə də qeyd edirəm ki, hökumət bu Təşəbbüslə bağlı nələrsə edəcək, amma bu, ultimatumla olmayacaq. Bununla mən demək istəmirəm ki, hökumət süddən çıxmış ağ qaşıqdır. 2013-cü ildən başlayaraq vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini məhdudlaşdıran xeyli addımlar atılıb. Biz platforma daxilində bu məsələləri dəfələrlə qaldırmışıq, təkliflər hazırlayıb vermişik. Hökumət onları tam qəbul etməsə də, reaksiyalar var. Amma Azərbaycan OGP-dən tam çıxarsa, bu platforma da dayanacaq. Bu beynəlxalq təşkilatlar, təşəbbüslər birdəfəlik qəbul etməlidilər ki, Azərbaycanla tələb dilində danışmaq fayda gətirmir. Bu dillə danışdılar, Azərbaycan MHŞT-dən çıxdı. Nə baş verdi? Nə ölkənin kredit reytinqləri endirildi, nə də digər mənfi proqnozlar doğruldu. Əksinə, Azərbaycanın ”Doing Business" Beynəlxalq Rəqabətqabiliyyətlilik reytinqlərində mövqeyi dəfələrlə yüksəldi və sair".
“Yeni Müsavat”

Geri qayıt