Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifət daxilində durumunun bu qədər bərbad olduğunu təxmin etmirdim”
“Müxalifət daxilində durumunun bu qədər bərbad olduğunu təxmin etmirdim”25-12-2018, 08:40 |
Dekabrın 25-də saat 12:00-da KXCP qərargahında “Müxalifətin zirvəsi” keçiriləcək. Görüşün mövzusu “Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri”dir. Dəyirmi masaya 37 partiya sədri dəvət olunub. Artıq dəvətlilərdən AXCP, REAL və Azad Demokratlar Partiyasının tədbirdə iştirak etməyəcəyi dəqiqləşib. Bəzi siyasətçilərin hətta siyahıda adlarının yer aldığı sıradan narazı qaldıqları üçün zirvə görüşündə iştirak etməyəcəkləri barədə xəbərlər yayılıb. Gənc siyasətçilərin, yeni qüvvələrin tədbirə dəvət olunmalarından narazı qalanların da olduğu bildirilir. “Müxalifətin zirvəsi”nin təşəbbüskarı olan AMDP sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a açıqlamasında dəyirmi masada təxminən 30 dəvətlinin iştirak edəcəyini söylədi: “Zirvə görüşü ilə bağlı görüşlərimiz normal keçdi. Dəvətə yox deyənlər normal şəkildə bunu bildirdilər. Qalanları çox razılıqla iştirak edəcəklərini söylədilər. İlk vaxtlar çoxlu suallar ortaya çıxdı. Birinci sual ondan ibarət idi ki, gözlənilən növbədənkənar parlament seçkiləri ilə bağlıdırmı. Mən də qəti şəkildə bunun seçkiyə heç bir aidiyyətinin olmadığını söylədim. Seçki mühitini dəyişmək üçün dəyirmi masada müzakirələr gedə bilər. Amma birmənalı şəkildə bəyan edirəm ki, burada nə parlament seçkiləri, nə də gələcəkdə prezident seçkiləri ilə bağlı birlik yaradılacaq. Sadəcə, yaranmış durum və müxalifətin bundan çıxış yollarını müzakirə edəcəyik. Gələn ilin ilk yarısında parlament seçkilərinin keçirilə biləcəyi barədə xəbərlər dolaşır və kimsə düşünürsə ki, o seçkilərdə iştirak edəcək və bu kampaniya ilə ona dəstək verəcəyik, çox yanlış fikirdədir. Biz ondan ötrü yaranmırıq. İndiyə qədər çoxsaylı seçki blokları olub və onların taleyi ortadadır. Dəyirmi masaya 30 partiyanın qatılacağını gözləyirəm. Ədalət Partiyasının sədri İlyas İsmayılov xəstədir, ona şəfalar diləyirəm. Özü xəstə olsa da, onun partiyasının nümayəndəsi görüşdə iştirak edəcək. İlyas müəllim öz böyüklüyünü, ağsaqqallığını göstərdi, xeyir-duasını da verdi. Tədbirdə iştiraka yox deyən üç partiya var. Qalanları müsbət cavab veriblər və dəyirmi masada iştirak edəcəklərini düşünürük. Müsavat Partiyasından hələ yekun cavab almamışıq. AXCP sədri Əli Kərimli açıqlama verərək iştirak etməyəcəklərini söylədi. Onun mövqeyinə hörmətlə yanaşırıq. REAL-la əlaqə yaratmaq istədik, amma əlaqəyə çıxmaq istəmədilər. Əlaqə yaratmaq istəməməkləri yox cavabıdır, mən belə düşünürəm. Sülhəddin Əkbər də iştirak etməyəcəyini bildirib”. Sabiq nazir müxalifət daxilindəki durumdan da gileyləndi: “Açığı, əvvəlcədən bilirdim ki, vəziyyətimiz elə də yaxşı deyil. Amma bu dərəcədə bərbad olduğunu bilmirdim. Diqqət edin, görün necə xırda söhbətlər gedir, filankəs niyə siyahıda var, filankəs niyə beşincidir, mən 27-ciyəm. Onlara başa sala bilmədim ki, biz müxalifətin geniş dəyirmi masasını keçirmək istəyirik. Burada yaxşı da, pis də olacaq. Sənin də, mənim də bəyənmədiyim ola bilər. Bütün bunların hamısını bir kənara qoyub, müzakirələri birlikdə aparmağı dəfələrlə təklif etdim. Çox gərgin danışıqlar keçdi. Təsəvvür edin ki, 5 saat danışıq aparmışam, evə gəlmişəm, namazımı qılmışam, həmin adamlar məni təzədən müzakirəyə çağırıblar. Gedib təzədən 4 saat da müzakirə aparmışıq. Bu ay mənim üçün çox gərgin oldu. Mənə xəstəliyimlə əlaqədar çox danışmaq olmazdı. Amma day buna məcbur idim. Əvəz Zeynallının qəsdən belə siyahı hazırladığı yönündə xoşagəlməyən fikirlər səslənir. Bunlar tamamilə yanlışdır. Oturmuşuq çayxanada, çay içə-içə kimlər yada düşdükcə yazmışıq. Keçirdiyim görüşlərdə dedim ki, əgər günahkar varsa, o da İsgəndər Həmidovdur. Bütün məsuliyyəti boynuma götürdüm. Açığı, fikirləşməzdim ki, kimsə siyahıda neçənci yerdə olduğunun söhbətini apara bilər. Hətta görüşlərin birində siyahını necə hazırlamaqla bağlı fikirləri soruşdum. Biri dedi ki, əlifba sırası ilə hazırlayaq. Dedim ki, o zaman əlifbada ilk gələn A hərfidir və filankəsi ora yaz. Buna etiraz edərək dedi ki, o sovetdən qalan, familiya öndə yazılan əlifba sırasıdır. Dedim ki, o zaman adla siyahı hazırlayaq. Kimin birinci olacağını dedim. Buna da etiraz etdi. Mən də əsəbləşib dedim ki, indi siz nə istəyirsiniz? Belə xırda söhbətlər çox oldu”. İ.Həmidov müxalifət daxilindəki yeni qüvvələrin, gənclərin dəvəti normal qarşıladıqlarını bildirdi: “Yaşlı nəsil gəncləri qəbul etmir. Onu dedim ki, əvvəl-axır meydan gənclərə veriləcək. Onlar qabağa getməlidirlər. 70-80 yaşında ikiəlli yapışıb siyasətin qarşısında durmağın nə mənası var ki? Onsuz da heç nə edə bilmirsən. Hər zaman demişəm, yenə də deyirəm. Siyasətçi öz yerinə gənc kadr hazırlaya bilmirsə, o, siyasətçi deyil. Bu onu xatırladır ki, filankəs olmasa, dövlət və ya təşkilat batar. Gənclərə qarşı hazırda qısqanclıq var. Bir şeyi deyim ki, ”Müxalifətin zirvəsi" ilə bağlı gənclərin heç biri yaşlılara qısqanclıq etmədi. Məsələn, gənc siyasətçi, yeni qüvvə sayılan AĞ Partiya başqanı Tural Abbaslı oradadır. Həmçinin yeni qüvvələrdən Sahib Kərimli də orada var. Bunlar və orada olan digər gənc, yeni qüvvələrin heç biri yaşlılara qısqanclıqla yanaşmadılar, heç bir iddia ortaya qoymadılar. Açığı, mən istəyirəm ki, onların ideyası olsun. Ürəkdən istərdim ki, iddiaları böyük olsun və gələcəkdə bunu həyata keçirsinlər. Gənclərə qısqanclıqla yanaşmağın nə mənası var?" Geri qayıt |