Əsas Səhifə > Partiya, Güney Press > "Müxalifətin bir hissəsi həm də ona görə radikallaşır ki..."

"Müxalifətin bir hissəsi həm də ona görə radikallaşır ki..."


27-12-2018, 08:32
"Müxalifətin bir hissəsi həm də ona görə radikallaşır ki..."
Azərbaycan siyasi səhnəsində son illərdə bir neçə yeni siyasi təşkilatlar yaranıb. Məsələn, NİDA Vətəndaş Hərəkatı adlı təşkilat yaranmışdı. Bir müddət populyar olsa da xüsusi ciddi uğurlara nail ola bilmədi. REAL Hərəkatı xeyli vaxtdır yaranıb və bu yaxınlarda siyasi partiyaya çevrilib. Hələ ki, REAL-ın da ənənəvi siyasi partiyalardan fərqli hansısa bir dəyişikliklərə gətirən fəaliyyəti gözə dəyməyib.

Bəs Azərbaycanda son illərdə yeni yaradılan siyasi təşkilatların onlardan gözləntiləri doğrulda bilməmələrində hansı səbəblər rol oynayır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan cəmiyyətinin və xalqın siyasi proseslərə yaxından qoşulmaq istəyinin olmaması yeni yaradılan təşkilatların da fəaliyyətinin istənilən səviyyəyə çata bilməməsinə təsir edən səbəblərdəndir: “NİDA və REAL müxtəlif vaxtlarda müxtəlif təşəbbüslərlə çıxış ediblər. Elə indinin özündə də nəsə etməyə çalışırlar. Məsələn, REAL Bakı merinin seçki vasitəsilə müəyyənləşdirilməsi üçün imza toplayır. Yeni yaranan təşkilatları qınamaq olmur. Çətindir. Azərbaycanda siyasi və ictimai fəaliyyətin obyektiv və subyektiv çətinlikləri var. Bugünlərdə bir sira müxalifət partiyaları da bir araya gəlmişdilər. Həmin toplantıda keçmiş baş nazir Pənah Hüseynin çıxışı diqqətimi cəlb etdi. Söylədi ki, müxalifət partiyalarının vahid blok yaratması heç nəyi həll etmir, keçmişdə belə bloklaşmalar olub və hamısı qısa müddətdə dağılıb. Pənah Hüseynin sözlərinə görə, önəmli olan vətəndaşların müxalifət partiyalarına diqqətlərinin artmasını təmin etməkdir. Razıyam. Partiyanın fəaliyyəti daha çox tərəfdar toplamaqdan ibarətdir. Yəni insanlarla ünsiyyət qurmaq lazımdır. Ancaq insanlarda siyasətə maraq olmadığı vəziyyətdə əlbəttə ki, çətinliklər meydana gəlir”.

Politoloq qeyd etdi ki, Azərbaycanda dialoq mühitinin formalaşdırılmasına ehtiyac var. Bir-birimizi dinləmək bacarığımız olmalıdır: “Bu dövlət hamımızındır. 2020-ci ildə parlament seçkiləri olacaq. Müxalifətin bir hissəsi həm də ona görə radikallaşır ki, sistemdən kənardadır. Məsələn, həmin REAL, NİDA va Müsavat Partiyası nümayəndələrinin parlamentdə təmsilçilik hüququ qazanması hakimiyyətin də xeyrinə olar. Bu mənada bələdiyyələrin də statusunun artırılması yerində olardı. Bu zaman bələdiyyə seçkilərinə maraq artar, müxalifətin bir hissəsi də bu prosesdə iştirak edərdi. Yəni bələdiyyə sistemi müxalifətin idarəetmənin hansısa formasında iştirakına imkan yaradar. Məsələn, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan və hakim AKP 15 ildir bütün seçkilərdə qələbə çalırlar, ölkəni idarə edirlər. Ancaq Türkiyədə güclü bələdiyyələr də var ki, bir sıra regionlarda bələdiyyə başçıları müxalifət partiyalarının təmsilçiləridir və bölgəni, o cümlədən şəhərləri inkişaf etdirmək üçün çalışırlar. Bununla Türkiyə dövlətinin idarəetməsinə töhfələrini verirlər. Məsələn, yeni yaradılan siyasi təşkilatlardan da bələdiyyələrə seçilənlər olsa onlar bələdiyyələr vasitəsilə Azərbaycanın hansısa rayonunun problemlərinin həllində iştirak etsə, bunun nəyi pisdir ki? Misal üçün, REAL üzvü Natiq Cəfərli güclü iqtisadçıdır. Natiq Cəfərlinin hansısa rayonun bələdiyyə başçısı kimi fəaliyyəti həmin rayonun iqtisadi və sosial problemlərinin həllinə töhfə verər və ümumi işin xeyrinə olar. Yəni hakimiyyətlə müxalifətin mübarizəsini sivil formaya keçirməyə ehtiyac var. Bir-birini qəbul etməmək dövlətimizin xeyrinə deyil. Siyasi təşkilatlara, o cümlədən yeni yaradılanlara öz imkanlarını nümayiş etdirmək üçün meydan vermək dövlətin də xeyrinə olar. O zaman həm də bəlli olacaq ki, kimin resursu haraya qədərdir”.

Geri qayıt