Əsas Səhifə > Partiya, Güney Press > “Dostlarım mənə bu cür qiymət verirlərsə...”

“Dostlarım mənə bu cür qiymət verirlərsə...”


12-01-2019, 09:48
 “Dostlarım mənə bu cür qiymət verirlərsə...”
Yanvarın 12-də saat 12:00-da Ümid Partiyasının qərargahında “Müxalifətin zirvəsi”nin növbəti toplantısı keçiriləcək. Qeyd edək ki, hərəkat yaratmaq yolunda uğurla irəliləyən bir sıra partiyaların fəaliyyəti ciddi müzakirələr doğurub, gündəm yaradıb.

Müzakirələrin ən çox əsasını Qarabağ Komitəsində təmsil olunan qurumların, komitənin təsisçilərinin tam əksəriyyətinin “Müxalifətin zirvəsi”ndə yer almalarıdır. Belə fikirlər var ki, Qarabağ Komitəsi getdikcə arxa plana keçməyə başlayıb. Zirvənin təşəbbüskarı olan sabiq daxil işlər naziri İsgəndər Həmidova yönəlik də səslənən fikirlər az deyil. O, QK-nın təsisçilərindən biri sayılsa da, onun təşəbbüsünün QK-nı bitirə biləcəyi vurğulanır.

“Müxalifətin zirvəsi” daxilində ikitirəliyin yarandığı yönündə iddialar da meydana çıxıb. Bəzi partiyaların hərəkat yaratmağın əleyhinə olduqları və məhz bu səbəbdən hərəkatının elan olunmasının yubandığı qeyd olunur. Yanvarın 5-dəki iclasda hərəkatın elan olunmaması da bununla əlaqələndirilir.

Səslənən iddialarla bağlı sabiq nazir “Yeni Müsavat”a bunları dedi: “Qarabağ Komitəsi və hərəkat ayrı-ayrı şeylərdir. Komitənin əsasnaməsində yazılıb ki, qurum siyasi iddialarla çıxış etmir. Amma hərəkat sırf siyasi məsələlərlə bağlı ortalığa çıxıb. Təmsilçiləri eyni ola bilər, bu heç nəyi dəyişmir. Biz komitənin fəaliyyətinə qarşı deyilik. Bir-birini tamamlayan təşkilatlarıq. Hərəkatın içərisində hər cür təşkilat ola bilər. Digər tərəfdən, hərəkatı daha geniş anlayışdır. Bütün müxalifət birliklərinə hörmətlə yanaşıram. Hamısı çalışıb ki, Azərbaycanda müəyyən qədər iş görsünlər. Amma bizim birlik tam fərqlidir. Xalq hərəkatı nə parlament, nə də prezident seçkilərinə şəkillənməyib. Bu hərəkat ölkəmizdə köklü islahatlar üçündür və məhz bu səbəbdən yaranır. Əgər hərəkatda təmsil olunanlardan xalq birliyinin yaranmasını istəməyənlər varsa, o zaman burada nə gəzirdilər?

Gəliblərsə, demək bunu istəyirlər. Kimlərsə xalq hərəkatında parçalanma yaratmağa çalışa bilər, amma bu, mümkün deyil. Çünki bu hərəkat dəstəyi aşağıdan xalqın içərisindən alır. Bizi xalq məcbur edir ki, bu hərəkatı yaradırıq. Hərəkatda təmsil olunanlar eyni insanlar, qruplardır. Hamımız Azərbaycanı sevir, ölkəmiz üçün çalışırıq. Əgər kimsə Qarabağ Komitəsinin güclənməsini və torpaqlarımızın azad edilməsini istəyirsə, biz bunu ürəkdən alqışlayırıq, biz də burdayıq və ikiəlli çalışacağıq. Digər tərəfdən, kimlərsə Azərbaycanda köklü islahatların tərəfdarıdırsa, Qarabağ Komitəsinin 80 faizi onları dəstəkləyəcək. Hərəkat yaratmaq yönündə fikir ayrılıqları yoxdur. Bizdən kənarda ayrı-ayrı yollarla gedən siyasi qurumlara müttəfiq gözü ilə baxırıq. Biz ölkəmizdə rəqib olaraq mövcud hakimiyyəti görürük. O da siyasi, başqa rəqib deyil. Çalışacağıq ki, ya onları islahatlara aparaq, ya da islahatları özümüz aparaq”.

İ.Həmidov həm QK-də, həm də “Müxalifətin zirvəsi”ndə təmsilçiliyinin heç bir mənfi təsiri olmadığını bildirdi: “Hansı bir xalq hərəkatının nizamnaməsində ərazi bütövlüyümüzün bərpası sözü yoxdur? Hamısında var. Hərəkatda təmsil olunanların Qarabağ Komitəsi ilə fikirləri eynidir. Əgər belədirsə, nə üçün parçalanma olmalıdır? Fikir ayrılıqları o zaman ola bilər ki, Qarabağ Komitəsində olan bir dəstə hakimiyyətin oyununda yer alsın. Onlarla bizim sona qədər yolumuz ola bilməz. Yəqin ki, bir müddətdən sonra Qarabağ Komitəsində yolumuz onlarla ayrılacaq. Ora gələn döyüşçülər, vətəni sevənlər görəcək ki, hökumətin Qarabağı işğaldan azad etmək fəlsəfəsi necədir”.

Müsahibimiz QK-nı bitirmək üçün şəxsinə yönəlik ittihamlara da aydınlıq gətirdi: “Allah o insanlara ağıl versin. İsgəndər Həmidov Qarabağ Komitəsinin təsisçilərindən biridir. Bu fikirdə olan insanlara Allahdan ağıl diləyirəm. Yəqin ki, onların keçdiyim həyat tərzindən xəbərləri yoxdur. Mən Qarabağ adı olan komitəni necə bitirmək istərəm? Təxmini bilirəm ki, bu fikirlər haradan gəlir. Dostlarım da mənə bu cür qiymət verirlərsə, özümə hörmətim birə beşqat artır ki, deməli mən şəxsiyyətəm”.

Geri qayıt