Əsas Səhifə > Partiya, Güney Press > "Dünən partiya yaradıb meydana çıxan adamla 30-40 il siyasətlə məşğul olan adam eyni xidməti verirsə, bu, sadəcə, anormallıq olar"
"Dünən partiya yaradıb meydana çıxan adamla 30-40 il siyasətlə məşğul olan adam eyni xidməti verirsə, bu, sadəcə, anormallıq olar"15-01-2019, 08:28 |
Son aylarda Azərbaycan müxalifətində bir canlanma müşahidə edilir. Bunu isə daha çox “Müxalifətin zirvəsi”ndə görmək mümkündür. Yanvarın 26-da “Müxalifətin zirvəsi” xalq hərəkatını elan edəcək. Artıq bu istiqamətdə fəaliyyət genişlənməkdədir. Müsavat, AXCP və REAL-ın xalq hərəkatını boykot etməsi də müzakirələr sırasındadır. Məsələ ilə bağlı “Müxalifətin zirvəsi”ndə təmsil olunan ADP sədri Sərdar Cəlaloğlu səslənən fikirlərlə bağlı “Yeni Müsavat”a öncə bunları dedi: “Azərbaycanda mövcud və proqnozlaşdırılan iqtisadi vəziyyət ölkəmizi ciddi şəkildə təhdid edir. Azərbaycanı sosial sahədə ciddi problemlər gözləyir. Xalq hərəkatının yaranmasının əsas səbəblərindən biri isə bu kataklizmləri önləmək, ölkəmizdə xalqın etirazlarını nizamli şəkildə təşkil etməkdir. Bu xalq hərəkatı xalqın özü-özünü qorumaq hərəkatı olacaq. Artıq hərəkatın hədəfləri, məqsədləri, planları tam məlumdur”. ADP sədri Müsavat, AXCP və REAL-ın özlərini “Müxalifətin zirvəsi”ndən kənarda tutmasına da toxundu: “Bundan bir neçə il əvvəl həqiqətən də Müsavat və AXCP ölkənin əsas aparıcı siyasi qüvvələrindən sayılırdı. Təşkilatlanma və lider potensiallarına görə digər siyasi partiyalardan irəli getmişdilər. Bir müddət Müsavat və AXCP müəyyən qədər təşəbbüsü ələ almağı bacarmışdılar. Son hadisələr göstərdi ki, hər iki partiya bu imkanları itirib. REAL-a gəlincə, bu təşkilat bir partiya kimi formalaşmayıb, Azərbaycanın ictimai-siyasi həyatına onun heç bir təsiri yoxdur, partiya kimi fəaliyyətləri belə görünmür. REAL-ı AXCP və Müsavatla bir sıraya qoymaq bu iki partiyanı heçə endirmək deməkdir. Bunlar arasında heç bir bərabərlik işarəsi yoxdur. REAL, sadəcə, təşəbbüskar insanlardan ibarət təşkilatlanmamış bir qurumdur. Aparıcı dediyiniz bu qurumlar aparıcı deyillər. Əslində ölkəni gözləyən bu təlatümlərin qarşısını almaq üçün təşəbbüsü onlar qaldırmalı idilər. Əgər onlar mövcud vəziyyətdə təhlükəni dərk edə bilmirlərsə, təhlükəni önləmək üçün konkret addımlar atmırlarsa, demək, onlar aparıcı partiyalar deyil. Hərəkətləri və fəaliyyətləri bunları sübut edir. Demokratiyanın nə olduğunu anlamayan insanları üzv kimi yazıb bu qədər üzvüm var deməklə heç nə həll olunmur. Belə məşhur bir fikir var ki, kəmiyyət heç zaman keyfiyyəti əvəz edə bilməz, amma keyfiyyət daim kəmiyyəti əvəz edə bilər. Yəni üzvlərin sayı siyasiliyi müəyyən edə bilməz. Amma siyasilik üzvlərin sayından da artıq iş görə bilər. Belə bir məşhur fikir də var ki, tarixin təkərini tək-tək adamlar döndərib, kütlələr yox. Hansısa bir partiyanın üzvlərinin çoxluğu, siyasi cəhətdən yetkin olmayan insanları öz tərəfinə yığması hələ onun aparıcı partiya olması deyil. Əgər təhlükəni görüb, bu istiqamətdə addımlar atan qurumlar varsa, deməli, ölkədə əsas aparıcı qurumlar da onlardır. Fəaliyyət kimlərin aparıcı olduğunu göstərir. Təşəbbüs irəli sürənlər aparıcı olurlar. Xalq hərəkatı təşəbbüsü irəli sürüləndə onlar da təşəbbüs göstərdilər, birləşmək istədilər. Hər kəs gördü ki, heç bir nəticəsi olmadı. İmkanları, potensialları olmadı ki, heç olmasa üçü bir araya gəlsin. Bu baxımdan hesab edirəm ki, Müsavat, AXCP və REAL-ın hərəkatda olmaması fəaliyyətimizə heç bir kölgə sala bilməz. Hərəkatın taleyini hərəkatda təmsil olunanlar verdikləri qərarlarla müəyyən edəcəklər”. Partiya sədri “Müxalifətin zirvəsi”nin demokratik düşərgədə təşəbbüsü ələ ala bilib-bilməyəcəyinə də toxundu: “Hər şey xalqdan asılıdır. Əgər xalq hərəkatı tam şəkildə dəstəkləyəcəksə, avtomatik olaraq hərəkat təşəbbüsü ələ alacaq. Xalq burada olmayandan sonra təşəbbüskarlığın bir əhəmiyyəti qalmır. Hərəkatın iki hədəfi olacaq: Qarabağın müdafiəsi və Azərbaycanda demokratikləşmə. Biz nəzərdə tutmuşuq ki, Qarabağın müdafiəsini Qarabağ Komitəsi daxilində aparaq. Xalq hərəkatının yaranmasında Qarabağ Komitəsi stimul rolunu oynayıb. Demək olar ki, hərəkatda və komitədə təmsil olunanlar eyni adamlardır. Müzakirələrdə fikir ayrılıqlarının olması tamamilə normaldır. Eyni cür düşünməyin özü bir anormallıqdır. Burada elə şəxs var ki, heç nədən xəbəri, yaxud təcrübəsi yoxdur. Dünən partiya yaradıb meydana çıxan adamla 30-40 il siyasətlə məşğul olan adam eyni xidməti verirsə, bu, sadəcə, anormallıq olar. Hərəkat daxilində heç bir fikir ayrılığı yoxdur. Sadəcə, hər birimizdə ciddi məsuliyyət hissi var. Bu baxımdan hər kəs öz düşündüyünü açıq şəkildə deyir. Nəticədə bəzi fikirlər haçalaşır. Buna da normal baxmaq lazımdır”. Geri qayıt |