Əsas Səhifə > Partiya, Güney Press > "Erməni lobbisi və daxildəki antimilli qüvvələr buna çalışır"

"Erməni lobbisi və daxildəki antimilli qüvvələr buna çalışır"


26-01-2019, 10:52
"Erməni lobbisi və daxildəki antimilli qüvvələr buna çalışır"
Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olduğu həssas zaman kəsiyində Əli Kərimlinin rəhbərliyi altında mitinqlərin keçirilməsi göstərir ki, əslində bu şəxslərin mövqeyi antimilli mövqedir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, son proseslər nəticəsində ölkədaxili antimilli qüvvələrlə antiazərbaycan qüvvələrinin koalisiyası göründü:

“Bəlli olduğu kimi, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına, işğal edilmiş torpaqların azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, bu ərazilərdə Azərbaycanın suverenliyinin reallaşmasına kifayət qədər müqavimət göstərən, bunu istəməyən qüvvələr var. Bu qüvvələrin bir qismi Ermənistanın yanındadır və Ermənistanın işğal etdiyi torpaqları öz ərazisinə birləşdirməsi üçün çalışırlar, digərləri isə Azərbaycanı zəif, idarəedilən bir ölkəyə çevirmək istəyirlər. Bunların əslində maraqları üst-üstə düşür. Antimilli qüvvələrin hakimiyyət hərisliyinə, indiki iqtidara qarşı düşmənçilik mövqeyinə bu elementlər də əlavə olunur. Yanvar ayının 19-da Milli Şuranın çətiri altında keçirilən mitinq və mitinqdə söylənilən fikirlər də bunu bir daha təsdiq. Mitinq vaxtı verilən açıqlamaların sosial şəbəkələrdə şişirdilməsi göstərir ki, bu gün güclü Azərbaycana qarşı Avropada bəzi qüvvələr çıxış etməkdədir”.

Millət vəkili vurğulayıb ki, ancaq bu cəhdlərin perspektivi yoxdur:

“Bu perspektivin yoxluğunu şərtləndirən amil ölkə Prezidenti ilə Azərbaycan xalqının sıx birliyidir. İkincisi, ölkə Prezidenti yanvar ayından başlayaraq, sistemli xarakter daşıyan struktur islahatlarının aparılması ilə bağlı göstəriş verib. Azərbaycanda demokratik proseslərin daha dərin qatlara söykənərək davam etdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsi, ölkəmizin Cənubi Qafqazda həlledici dövlətə çevrilməsi antiazərbaycan və antimilli qüvvələri narahat etməkdədir. Onlar çalışır ki, Azərbaycanda qeyri-sabitlik mühiti yaransın, ən müxtəlif şəkildə vətəndaş qarşıdurması mövcud olsun. Onlar xarici qüvvələr tərəfindən idarə olunan erməni lobbisi və ona bənzər qüvvələrin maraqlarına uyğun olan proyektlərin ölkəmizdə reallaşması kimi məkrli planları həyata keçirmək istəyirlər. Bu qüvvələrin işi dövlətimizin zəifləməsinə xidmət edən amillərlə bağlıdır. Biz bunlara qarşı ayıq olmalıyıq, bunlara qarşı cəmiyyət olaraq müqavimətimizi gücləndirməliyik”.

F.Ağamalının sözlərinə görə, bu gün Azərbaycan və Ermənistan arasında problemin sülh yolu ilə həll olunmasına dair ümidlər yaranıb:

“Mən deməzdim ki, bu artıq realdır, amma ümid var. Hər halda Paşinyan Köçəryan və Sərkisyandan fərqli olaraq, Azərbaycan torpaqlarının işğal olunmasında, vandalizm aktlarının törədilməsində iştirak edən şəxs deyil. Paşinyan Ermənistan dövlətinin güclənməsində maraqlıdırsa, erməni xalqının gələcəyini düşünürsə, hökmən Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalı və buna öz cəmiyyətini hazırlamalıdır. Problemin sülh yolu ilə həll olunması xaricdə böyük Ermənistan ideyaları ilə yaşayan erməni lobbisinin maraqlarına tamamilə ziddir. Eyni zamanda bu lobbidən mayalanan insanların da maraqları ilə üst-üstə düşmür. Digər tərəfdən, Azərbaycanı zəif görməyə çalışan qüvvələr də var ki, münaqişənin həll olunmasını istəmir. Bu cür qüvvələr münaqişənin həll olunmasına qarşı mümkün olan variantlardan istifadə edirlər. Bu variantlardan biri də Əli Kərimli kimi antimilli qüvvələrin hərəkətə keçirilməsi və onların vasitəsi ilə ölkədə sabitliyin pozulmasına yönəlmiş cəhdlərdir. Bunların qarşısı təbii ki, dövlət tərəfindən alınacaq”.

Geri qayıt