Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan dövlətçiliyinə qarşı olan münasibətə konkret mövqe bildirilməlidir"
"Azərbaycan dövlətçiliyinə qarşı olan münasibətə konkret mövqe bildirilməlidir"28-01-2019, 09:16 |
Ötən həftənin şənbə günü yanvarın 19-da elan olunmuş Azərbaycan Xalq Hərəkatının (AXH) təsis konfransı keçirildi. Yayılmış xəbərlərdə bildirilir ki, tədbirə 20-dən çox siyasi partiya rəhbəri və 300-ə yaxın iştirakçı qatılıb. Amma ölkənin bir sıra müxalifət partiyalarını, iddialı liderlərini tədbirdə görmədik. Ötən onilliklərdə Azərbaycanda bir sıra birliklər yaranıb, lakin ömrü uzun olmayıb. Xalq Hərəkatının məram-məqsədi barədə KXCP sədri Mirmahud Mirəlioğlu ilə danışdıq. - Mirmahmud bəy, Azərbaycan Xalq Hərəkatının yaradılması hansı zərurətdən ortaya çıxdı? -Birinci ondan başlayaq ki, nədən buna ehtiyac oldu? Bu ehtiyacın olmasının əsas səbəbi Azərbaycan problemləridir, Qarabağ problemi və ölkəmizin hazırki vəziyyətidir. Bunlar əsasnamədə də nəzərdə tutulub. Azərbaycanın strateji əhəmiyyəti, dünyada mövqeyi, bugünkü vəziyyəti hər kəsə bəllidir, iqtidara da, müxalifətə də. Azərbaycanın indiki halda əşhədü-ehtiyacı var ki, onun insanları bir arada olsun, bütün enerjilər məqsəd, hədəfə doğru toplansın və konkret hədəf də Azərbaycan problemlərinin həlli olsun. Burada Qarabağ probleminin həlli də burada vacib məsələdir. Həmçinin xaricdən və daxildən Azərbaycan dövlətçiliyinə qarşı olan münasibətə konkret mövqe bildirilməlidir. Bu mövqe də dövlətçilik mövqeyi, problemlərin həlli istiqamətində olmalıdır. Bu məsələ uzun müzakirələrdən keçib. Xüsusilə də Qarabağ Komitəsindəki müzakirələrdən sonra nəhayətdə siyasi partiyaların bir araya gəlməsindən ötrü görüşlər, müzakirələr aparıldı və sonda Azərbaycan Xalq Hərəkatı adı ilə təsis olunan qurum meydana gəldi. -2019-cu ilin Xalq Hərəkatı ilə 80-ci illərin sonlarında meydanlarda yaranan xalq hərəkatı arasında nə kimi fərqlərin olduğunu düşünürsünüz? -30 il bundan qabaqkı Xalq Hərəkatı ilə indikinin arasında həm böyük fərqlər və həm də oxşarlıqlar var. Fərqlərdən biri budur ki, onda milli azadlıq hərəkatı ciddiliyi ilə imperiyaya qarşı idi, azadlıq hərəkatı idi. Bu azadlıq hərəkatında hamı bir arada idi, onda daha iqtidar-müxalifət söhbəti də yox idi. Onda sovet nomenklaturası var, postsovet məkanında baş verən proseslər, Azərbaycana qarşı yönəlmiş 70 illik siyasət var idi. Ona görə də hamı bir arada idi, bu, milli azadlıq hərəkatı idi. Orda olan insanların əksəriyyəti bu gün burda təmsil olunmaqdadır. Yəni həmin insanlar yenə də bir aradadırlar və onların da 30 ildə keçdiyi yol, mövqe, münasibətlər, özlərinin fəaliyyətləri ilə yazdıqları tərcümeyi-hallar var. Bu adamların bir-birinə münasibəti, axan sular, keçən tarix zahirən bunları bir araya gətirməyi mümkünsüz hesab edir. Amma indi Azərbaycandakı hazırki durum, vəziyyətlə bağlı, istək və arzuları gerçəkləşdirməklə əlaqədar bir arada olmağın vacibliyi var. Ona görə də bunun həm oxşar, həm də fərqli cəhətləri var. Onda imperiya idi, indi müstəqil Azərbaycan dövlətidir. İmperiya zamanında aldığımız azadlıqların bəziləri bərpa olunub, bəziləri yox, amma əvəzində torpaq itkisi ilə üzləşmişik. Dünyada baş verən proseslər, Azərbaycana münasibət var. Azərbaycanın düşmənlərinin birliyi var, Azərbaycan vətəndaşlarının və dostlarının da birliyi mütləq və mütləq olmalıdır. Yəni bu düşmən birliyinə qarşı Azərbaycanın daxilində də bu birlik olmalıdır. Təbii ki, burada başqa məsələlər, sosial ədalətsizlik, yerinə yetirilməyən məsələlər, daxildə yürüdülən siyasət və s. amillər də var. -Qeyd etdiniz ki, 30 il əvvəl hərəkatda təmsil olunanlar yenə də bir aradadır. Amma biz təsis toplantısında onların bir çoxunu, partiya rəhbərlərini görmədik. Müsavat, AXCP və digərlərinin iştirak etməməsi nə ilə bağlıdır? -Bu işin içində olan İsgəndər bəyin və ya digərlərinin bu məsələyə aydınlıq gətirməsi daha yaxşı olar. Çünki onlar bu istiqamətdə həm iş görüblər, həm də konkret görüşlər keçiriblər. Mənim bildiyim budur ki, hamıya istisnasız şəkildə müraciət olunub, həm də hamı ilə görüşlər keçirilib. Amma cavablar nədir, onu yalnız görüş keçirənlər bilir. Bu, mənim cavab verə biləcəyim sual deyil. Ona görə ki, bu məsələdə mənim bilgim detallı deyil. Amma başqa məsələlərlə bağlı bildiklərim var: məsələn, Ümid, ADP bu prosesin əvvəlində var idi. Amma bir sıra məsələlər reallaşmadığına, anlaşma olmadığına görə onlar bu gün orda müşahidəçi kimi iştirak edirlər. Özləri cavab versə, daha doğru olar. Bir qisim partiyalar da var ki, onların məsələlərə münasibəti kəskin və net şəkildə ortadadır. O da hər kəsin haqqıdır. Bir qisim adamlar da var, bu gün burdadırlar və iclasda çıxış edəndə də yenə də bəlli oldu ki, bəziləri düzələn deyillər, “qozbeli qəbir düzəldər”. Yaxud “sən hansı havanı çalırsan-çal, mən ”Heyvagülü" oynayacağam" deyənlər var. Yəni dəyişməyən adamlar var. Amma mövqelər, münasibətlər dəyişmədikcə, Azərbaycanda böyük, güclü dəyişikliklərə nail olmaq mümkün deyil. Mən bunların ötəri olacağını düşünürəm. İnşallah, hər şeyin fövqündə durmağı bacaracağıq. -Amma bu da var ki, birinci hərəkatdan keçən dövr ərzində bu qüvvələr arasında dəfələrlə birlik təşəbbüsləri olsa da, sonda parçalanmalar, qarşılıqlı ittihamların şahidi olmuşuq. Onları yenidən bir araya gətirmək real görünürmü? -Bir araya gələ bilənlər gələ biləcəklər, orda bir problem olmayacaq, amma gələ bilməyənlərdən də ötrü narahat olmağa dəyməz. Ona görə ki, əslində Milli Azadlıq Hərəkatından üzü bəri, 30 il müddətində keçilən yola baxış olsa, görünər ki, elə Azərbaycan, dövlətçiliyimiz uğrunda milli mücadilə aparanlar, imperiyaya qarşı çıxanlar həm də Azərbaycanın taleyini yaşamalı oldular. Tərcümeyi-hallar da Azərbaycan taleyinə oxşadı, param-parça oldu. Cəbhə ayrıldı, vaxtından əvvəl yeni partiyalar yarandı, bəzi ayrılmalar bir az sonra olmalı idi. Milli hökumət zamanında, ona qədər olanlar, yeni yaranan siyasi partiyalar, buradakı münasibətlər və s. ortadadır. Amma bütün bunların hamısı o demək deyil ki, bu münasibətlər, bu ayrılmalar əbədi, uzunmüddətli, yaxud hər bir siyasi partiya liderinin ömrünün sonuna qədər olmalı olmalıdır. Mən bu fikirdən uzağam və hesab edirəm ki, böyük və ciddi dəyişikliklər üçün bu dəyişmələr də olmalıdır. Bu yanlış yanaşmalarda da mütləq və mütləq bir inkişaf, dəyişiklik olmalı, yanlışlıqlar aradan qaldırılmalıdır. -Qeyd etdiniz ki, hərəkat Qarabağ məsələsinə önəm verir. Azərbaycanda Qarabağ məsələsinə münasibətdə iqtidar-müxalifət məsələsi olmayıb. Amma son zamanlar hətta düşərgələri birləşdirən yeganə mövzuya münasibətdə də parçalayıcı cəhdləri müşahidə edirik. Bu, sizi narahat edirmi? -Məncə, bu, olmayacaq. Epizodik məsələlər var. Necə ki, aydınlıq qabağı, hava düzələn ərəfədə sis-duman olur. Bunlar ötüb-keçəcək. Yəni Azərbaycan naminə, Qarabağ problemi naminə 1993-cü ildə, iyun qiyamından sonra belə, Əbülfəz Elçibəyin, yəni o zaman qiyam nəticəsində devrilmiş hakimiyyətin birinci şəxsinin özünün təklifi ilə - özü Kələkidə olarkən - hələ iyul ayının axırlarına doğru qərar verildi. AXC-nin İcraiyyə Komitəsində qərar qəbul olundu ki, Qarabağ probleminin aradan qaldırılması, işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı iqtidar-müxalifət məsələsi olmayacaq, ola da bilməz və burada vahid mövqe olmalıdır. Bizim həmin qərarımız dəyişməz qərardır. Biz bunu öz təşkilatımıza aid edirik. Məncə, bu, hər kəsdə, bütün siyasi qurumlarda var. Amma bundan sui-istifadə edən adamlar mövcuddur. Yəni hakimiyyətin ayrı-ayrı qollarında bu adamlar var, məsələyə baxışları fərqlidir. Azərbaycan diplomatiyasında, Azərbaycanın daxili siyasətində bu məsələyə baxış bir az fərqlidir. Yəni bəzi hallarda baxışlar bir-birinə uyuşmur, o cümlədən iqtidar-müxalifət münasibətlərində də...Bu birləşdirici məsələ hələlik siz dediyiniz kimi, hələlik fikirayrılıqlarına gətirir, məncə, əməl ayrılıqlarına gətirməyəcək. Nə üçün? Sabah Vətən müharibəsi, ümumi səfərbərlik elan olunsa, müharibə çağırışı olsa, burada artıq kimliyindən asılı olmayaraq, Azərbaycan vətəndaşının bu səfərbərlikdən, bu çağırışdan kənarda durması mümkün deyil. Fərmanı kimin imzalamasından, Ali Baş Komandanın kim olmasından asılı olmayaraq, “Vətən dardadır”, “Vətəni azad etmək lazımdır” deyiləcək və burada daha dartışma olmayacaq. Uzaqbaşı müharibə zamanının diktə etdiyi qanunlar olacaq, bu da elə ciddi problem deyil. Bu gün sadəcə olaraq diskussiyalar var deyə, müzakirələrdə vahid mövqeyə gəlməkdən ötrü dartışmalar olmalıdır. Amma bundan sui-istifadə edərək problemin həllinə heç bir yardım etmədən, təsir göstərmədən, həm barmağı barmağı vurmadan fəaliyyət göstərmək ancaq söz toqquşdurmaqdan başqa bir şey deyil. Bu sahədə də bəzi siyasətçilər, xüsusilə millət vəkilləri var ki, bunlar bəzən özləri də fərqində olmadan bəzi fikirlər irəli sürürlər, özlərindən müştəbeh yanaşmalar edirlər. Bu da istər-istəməz Azərbaycan insanını çaşdırır. Sanki bu adamlar birbaşa hökumətin, dövlətin mövqeyindən çıxış edirlər. Elə bir saat sonra artıq ortalıqda net mövqe, addım olanda görürsən özləri də çaş-baş qalırlar, bilmirlər ki, nəyi necə desinlər, hansı fikirlərini redaktə edib xalqa çatdırsınlar. -Yeni hərəkatın planlarına kütləvi aksiyalar da daxildirmi? -Bu hərəkat hələlik formalaşma dövründədir. Təbii ki, kütləvi aksiyalar da nəzərdə tutula bilər və nəzərdə tutulur. Amma bu məsələ ilə bağlı qərarlar konkret günə, saata və şəraitə bağlıdır. İndi bu haqda danışmaq tezdir. -Milli Şuranın təşəbbüsü əsasında keçirilən mitinq və növbəti aksiyaya icazə verilməməsi ilə bağlı qarşılıqlı ittihamlar səngimir. Siz həmin aksiyada iştirak etməsəniz də, yəqin ki, bu müzakirələrlə bağlı fərdi yanaşmanız var. Siz bu polemikalarda Qarabağla bağlı aktivliyin yarandığı bir ərəfədə ölkəmizi xaricdən qarışdırmaq istəyən qüvvələrin olması haqda fikirlər barədə nə deyə bilərsiniz? -Məncə, “xaricdən və daxildən qarışdırmaq istəyən qüvvələr var” deyənlərin özü qarışdırıcıdır. Nə üçün? Ona görə ki, bunu kimin deməsindən asılı olmayaraq - bu fikri daha çox iqtidar nümayəndələri deyir - onlar Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin və bugünkü iqtidarın zəifliyinin göstəricisi kimi çıxış edirlər. Yəni biz o qədər zəifik ki, adicə işləri görə bilmirik, ona görə də ehtiyatlanırıq, xaricdən bu planları hazırlayanlar var. Bunu deyənlərin özləri qarışdıranlardır, məsələnin kökü budur. Milli Şuranın keçirtdiyi tədbirə gəldikdə, o, Mehman Hüseynovla bağlı idi. Bu məsələdə artıq addımlar atılıb, işlər görülüb. Heç kəs bu məsələnin əleyhinə olmayıb. Hətta hökumət mitinqə icazə verib, mitinq də keçirilib. 29 sentyabr 2018-ci ildə də Qarabağla bağlı mitinq keçirildi, ardınca 27 gün qabaqdan cavab verildi ki, növbəti mitinqə icazə verilmir. Biz indi onun məhkəmə işləri ilə məşğuluq, bu prosesin növbəti mərhələsindəyik. Bakı Şəhər İcra Hakimiyyəti özü də qanunları bilmədən bu məsələyə münasibət bildirdi və Qarabağla bağlı aksiyaya icazə verilməyib. Son məsələyə gəldikdə, bildiyimə görə, icra hakimiyyəti ona da icazə verməliydi. Verməyib, qanunu pozub. Ayrı-ayrı strukturlarda olan adamlar bilmədən bəzi məsələləri qarışdırırlar, öz hüquqlarını bilmədən, yaxud səlahiyyət həddini aşırlar. Bunlar ölkədə narahatedici məsələlərdir və doğru məsələlər deyil. Qarşılıqlı ittihamlar isə nə qədər ki, qarşı-qarşıya durmalar var, o qədər də davam edəcək, hər kəs öz arqumentini doğru sayacaq. Bu da müsbət nəticəyə gətirən məsələ deyil. -Mirmahmud bəy, yeni hərəkat hakimiyyətlə dialoqa başlanılması məsələsinə necə yanaşır? -Bu məsələ gündəmdə yoxdur, mən bildiyim qədər... Mən həm proseslərdən kənardayam, həm az iştirak etmişəm. Ola bilər bir saat sonra kimsə çıxış edib deyər ki, bu məsələ var, onu da normal qəbul edirəm. “Yeni Müsavat” Geri qayıt |