Əsas Səhifə > Partiya, Güney Press > "Onlar Azərbaycanı zəiflətməyə, xaosa çevirməyə çalışırlar"

"Onlar Azərbaycanı zəiflətməyə, xaosa çevirməyə çalışırlar"


31-01-2019, 09:28
"Onlar Azərbaycanı zəiflətməyə, xaosa çevirməyə çalışırlar"
Azərbaycanın da daxil olduğu regiondakı bir sıra ölkələrdə və dünyanın müxtəlif yerlərində çox çətin proseslərin getdiyi, həmin ölkələrin ən böyük problem kimi qeyri-sabitlikdən əziyyət çəkdiyi məlumdur. Bu cür ölkələri siyasi, iqtisadi, sosial böhran, iqtisadi çətinliklər, sosial narazılıqlar, qanlı toqquşmalar sarsıdır. Prosesləri izlədikdə belə mənzərə yaranır ki, sabitliyin pozulduğu dövlətlərin sayı getdikcə artır.

Azərbaycan isə bir sabitlik adasıdır. Azərbaycan bölgədə də sabitləşdirici rol oynayır. Yəni, bizim sabitliyimiz bölgəyə də müsbət təsir göstərir. Azərbaycan bütün bu böhranlı illərə baxmayaraq, sabitliyini, təhlükəsizliyini qoruyub saxlaya bilib.

Artıq dünyanın bir sıra nüfuzlu təşkilatları, siyasi ekspertləri dünyadakı bu qədər mürəkkəb proseslərin getdiyi illərdə Azərbaycanın sabitliyi, təhlükəsizliyi necə qoruyub saxlaya bildiyi, bunun səbəbləri barədə araşdırmalar belə aparırlar.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında deputat Fəzail Ağamalı bildirdi ki, bunun səbəbi çox aydındır. Bunun səbəbi düşünülmüş, xalqın rifah halının yaxşılaşdırılmasına yönəlmiş siyasət və xalqla Azərbaycan prezidenti İlham Əliyev arasında olan birlikdir: “Budur, bizim uğurlarımızın əsas səbəbləri. Azərbaycan dövlətinin gücü hər bir vətəndaşa xidmət göstərməsidir. Eyni zamanda hər bir vətəndaşın öz doğma Vətəninə olan sevgisi, onun əməyi dövlət gücümüzü artırır. Bütün bu işlər bir-biri ilə sıx bağlıdır. Ölkəmizdə davamlı və əsaslı sabitliyin, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan amil Azərbaycan xalqı ilə prezidentinin sıx birliyi, ittifaqıdır. Azərbaycan prezidentinin Azərbaycan xalqının milli maraqlarına bütün varlığı ilə xidmət etməsi bu birliyi yaradıb, bu birliyi sarsılmaz edib”.

Deputat qeyd etdi ki, 1988-ci ildən başlayaraq müstəqilliyimizin əldə olunmasına və ondan sonrakı 1993-cü il 4 iyun qiyamına qədərki dövrdə xalq son dərəcə fəlakətli bir duruma düşüb: “Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra o, müasir Azərbaycan dövlətinin əsasını qoydu. Yəni bugünkü sabitliyimizin, yüksək səviyyədə inkişafımızın və təhlükəsizliyimizin əsası Heydər Əliyev siyasi hakimiyyətə gəldiyi gündən qoyuldu. Heydər Əliyev 2003-cü ilə qədər ciddi xarakter daşıyan, bütün tələbləri özündə ehtiva edən və edəcək dövlət yarada bildi. Bu, həm ölkə daxilində aparılan siyasətlə, eyni zamanda balanslaşmış xarici siyasətlə bağlı idi. Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Davos Forumunda bir çox dəqiq ifadəsi oldu. Prezident söylədi ki, bizim xarici siyasətimiz Azərbaycanda daxili siyasətimizin, sabitliyimizin təminatçısı kimi çıxış edir. Bütün bunların əsası dünyamiqyaslı siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Ondan sonra 2003-cü ildə prezident seçilən İlham Əliyev keçən zaman kəsiyində həmin fundamental prinsiplərə söykənərək Azərbaycan dövlətini daha da möhkəmləndirdi, gücləndirdi, ulu öndər Heydər Əliyevin cızmış olduğu yol xəritəsinə uyğun olaraq öz siyasətini yüksək səviyyədə qura bildi. Bu siyasətin mahiyyətində Azərbaycan xalqının, dövlətinin maraqları dayanır. Ölkə prezidenti hər zaman çıxışlarında bəyan edir ki, prezidentdən başlamış aşağı vəzifəli məmurlara qədər hər kəs xalqın xidmətində dayanmalıdır. İki gün öncə prezident bu fikriləri bir daha bəyan edərək söylədi ki, bu xidmətdən şəxsən o, şərəf duyur. Bax, budur ölkə prezidentinin uğurlarının, Azərbaycanın sabitlik, təhlükəsizlik məkanına çevrilməsinin vacib şərtlərindən biri”.

F.Ağamalı onu da dedi ki, anti-Azərbaycan qüvvələri dövlətimizi zəiflətməyə çalışır: “Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrin içərisində həm xaricdə, həm daxildə antimilli qüvvələr yer alır. Onlar Azərbaycanı zəiflətməyə, xaosa çevirməyə çalışırlar. Lakin buna nail ola bilmirlər. Çünki bunun başlıca səbəbi ölkə prezidenti ilə xalqın sarsılmaz birliyidir. Bütün uğurlarımızın başlıca amili bununla bağlıdır-xalqın prezidentə yüksək səviyyədə inamı, etimadı və prezidentin də bu etimadın birmənalı şəkildə doğrultması. Bu var olduqca Azərbaycanda sabitlik sarsılmaz olacaq. Bu amil Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldıracaq. Şübhə etmirəm ki, bu amil Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını təmin edəcək. Bu amil ölkəmizi dünya miqyasında xüsusi söz sahibi edəcək. Sabitlik olan yerdə inkişaf, tərəqqi var”.

Geri qayıt