Əsas Səhifə > Partiya, Güney Press > “Görünür ki, müəyyən çevrələr öz maraqlarını güdüblər”
“Görünür ki, müəyyən çevrələr öz maraqlarını güdüblər”8-02-2019, 08:36 |
Bu həftənin həm mediada, həm də sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzusu meşələrdən əhalinin mer-meyvə yığmasına Nazirlər Kabinetinin qoyduğu qadağa oldu. Prezident İlham Əliyevin göstərişindən sonra baş nazir Novruz Məmmədov öz qərarına xitam verdi. Bəzi müşahidəçilərin fikrincə, dövlət başçısının məsələyə operativ reaksiyasına səbəb ictimai rəydən xəbərdar olması idi. NK-nın bu qərarı hətta hakimiyyətə yaxın adamların da etirazına səbəb olmuşdu. İkincisi, narazılıq edənlər arasında iqtidaryönlü deputatların, yazarların olması NK-nın bu absurd qərarının ləğvinə ciddi təsirini göstərmiş oldu. Cəmiyyətin sərt reaksiyası ilə qarşılanan bu qərar əslində prezidentin fəaliyyətinə yönəlik addım kimi də qiymətləndirilə bilər. Xüsusən prezidentin şəhid ailələri ilə görüşü, sonra Şamaxıda zəlzələdən zərərçəkənlərlə görüşə getməsi fonunda NK-nın qərarının ləğv olunması barədə göstərişi İ.Əliyevin xalqı narahat edən problemlərə şəxsi həssaslığını nümayiş etdirdi. Fazil Mustafa: “Görünür ki, müəyyən çevrələr öz maraqlarını güdüblər” “Görünür ki, müəyyən çevrələr bu sənədi Nazirlər Kabinetinə təqdim edəndə öz maraqlarını güdüblər. Ancaq yaxşı ki, prezidentin belə qərarların ləğvi barədə göstəriş vermək səlahiyyəti var”. Bu sözləri deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi. Deputatın fikrincə, bəzən ciddi araşdırma aparmadan, vətəndaşı düşünmədən addımlar atılır: “İdarəetmədə belə hallar olur. Sadəcə, Azərbaycanda qərarlar cəmiyyətin müzakirəsinə buraxılmadan məmur beyni ilə verilir. Vətəndaşın meşədən giləmeyvə yığmasına icazə vermirsən, amma o boyda keçmiş nazir ölkənin yaşıllıqlarını məhv elədi, onu cərimələmirsən. Ona görə də qərar veriləndə bu sənəd əsaslandırılmalıydı”. F.Mustafa prezidentin vətəndaşdan gələn mesajı nəzərə aldığını bildirdi: “Əslində faciəli qərar deyildi. Hər vətəndaşın yanına qarovulçu qoyulmayacaqdı ki?! Sadəcə, parlamentdə bu cür məsələlər müzakirədən keçməlidir, cəmiyyətdə müzakirə ortamı olmalıdır, qərarlar müzakirədən sonra verilməlidir. Bütün hallarda vətəndaşın xeyrinə olan bu qərarın prezident tərəfindən dayandırılması müsbət haldır”. Vahid Əhmədov: “Başa düşmürəm ki, bu qərar kimə lazım idi” “Mən demişdim ki, düzgün deyil. İnsanlar meşələrdən meyvə yığırlar, qurudurlar, istehsal edirlər, 3-5 manat qazanırlar. Çox yaxşı oldu ki, prezident qərarın ləğvi barədə göstəriş verdi. Söhbət burada meşəni dağıtmaqdan getmir, meyvə emalından gedir. İnsanlar meşələrdə yığdıqları otlardan xalq təbabətində dərman kimi istifadə edirlər. Mən başa düşmürəm ki, bu qərar kimə lazım idi. Əhalinin ziddinə olan qərarları verməzdən əvvəl düşünmək lazımdır ki, bu bizə nə xeyir verəcək, büdcəyə nə gətirəcək. Ona görə qərarın ləğvi yerində oldu, prezident vətəndaşı nəzərə alaraq bu göstərişi verdi”. Deputat Elmira Axundova isə baş nazirin qərarını ləğvdən öncə dəstəkləmişdi. Xanım millət vəkili demişdi ki, Novruz müəllim xalq içindən çıxmış adamdır, o, heç zaman camaata qarşı olan addım atmaz: “İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Belə etmək olmaz. Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır? Meyvəni istifadə etmək olar, daha bunu vəhşicəsinə dərmək yolverilməzdir. Mən gözümlə görmüşəm, rayonlara gedəndə yol kənarlarında qoz satırlar. Həmin qozları budaqları ilə bərabər dərirlər”. Ötən gün bu qərarın ləğvi ilə bağlı E.Axundovanın mövqeyini öyrənmək istədik, lakin köməkçisi səhhəti ilə əlaqədar danışmaq imkanında olmadığını bildirdi. Hüquqşünas: “Qərarı qəbul edənlər qanunvericiliyi yaxşı incələməyib” Hüquqşünas Ələsgər Məmmədli yazıb ki, bu qərar 1993-cü ilin dekabrında qəbul edilib, o zaman isə bugünkü konstitusiya mövcud deyildi. Hüquqşünas bildirib ki, qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər: “1995-ci ildən etibarən NK-nın istənilən qərarları konstitusiyaya ziddirsə, tətbiq edilə bilməz. Çünki 1993-cü ildə qəbul olunan qərarlar 1995-ci il konstitusiyasına ziddirsə, tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun konstitusiyaya uyğun yenilənməsini tələb edirdi”. Bildirək ki, əgər qərarın tətbiqinə başlansaydı, yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu. Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaqdı. “Yeni Müsavat” Geri qayıt |