Əsas Səhifə > Partiya, Güney Press > “Oliqarxların sözünü demirəm, işsiz qalmış vətəndaşların haqqını müdafiə edirəm”
“Oliqarxların sözünü demirəm, işsiz qalmış vətəndaşların haqqını müdafiə edirəm”9-02-2019, 09:14 |
Ötən sayımızda ölkənin tikinti sektorunda baş verən proseslərə dair material dərc etmişdik. “Tikinti maqnatları hücumda” adlı materialda Milli Məclisin üzvü Fəzail Ağamalının qurumun plenar iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiləri dayandırmasına dair fikirlərindən sitat gətirmiş, həmçinin bu çıxışdan sonra bir sıra mətbu orqanlarda Komitənin fəaliyyətini tənqid edən yazıların dərc olunduğunu qeyd etmişdik. Eyni zamanda materialda qəzetimizə verilən məlumat əsasında arxasında məmur-oliqarxlar dayanan tikinti şirkətlərinin Komitənin tikintini standartlara uyğun aparılmasına dair tələblərini iqnor edərək, tikinti prosesini dayandırmaqla qurum rəhbərliyi barəsində mənfi rəy formalaşdırmağa çalışdıqlarını yazmışdıq. Dünən redaksiyamızla əlaqə saxlayan deputat F.Ağamalı yazıda onun çıxışından istifadə olunmasına etirazını bildirib: “Mənim tikinti maqnatları ilə heç bir bağlılığım yoxdur. Bu yazıdan isə belə çıxır ki, məni onların sözünu demişəm. Bu, kökündən yanlış fikir, mənə qarşı böhtandır. Yazıda mənim fikirlərimdən sonra bu sahədə elə də tanınmayan, məhdud fəaliyyətlə məşğul olan bir soydaşımızın fikirlərinə yer verilib, komitəyə haqq qazandırılıb. Mən işsizlərin haqqını müdafiə etmişəm. Onlar tikintilərin dayanması nəticəsində işsiz qalan vətəndaşlardır. Mənə müraciətlər olduğu üçün fevralın 1-də plenar iclasda onların mövqeyini səsləndirmişəm”. F.Ağamalı bildirir ki, əgər tikinti şirkətləri işlərini qaydalara uyğun qurmurlarsa, onlara imkan verilməməlidir: “Əgər standartlara əməl etmirlərsə, qaydaları yerinə yetirmirlərsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələblərini nəzərə almırlarsa, onlar sanksiyalara məruz qalmalı, şirkətləri ləğv olunmalıdır. Amma axı standartlara əməl edərək tikintiyə icazə almış şirkətlərin də fəaliyyətinə imkan verilməməsi çoxsaylı insanların işsiz qalmasına gətirib çıxarıb. Bu, ölkə prezidentinin məşğulluq siyasətinə, Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsi siyasətinə uyğun deyil, onunla ziddiyyət təşkil edir”. Deputatın sözlərinə görə, indi ölkədə tikinti ilə məşğul olan oliqarx yoxdur: “Tikinti şirkətləri ayrı-ayrı sahibkarlarındır. Bildiyim qədər, indi zəhmətlə, alın təri ilə çalışan şəxslər məşğuldur. Onlar da sahibkardılar, onların üstünə getmək olmaz. Onlar Bakını gözəlləşdirirlər, uçuq evlərin yerində yaraşıqlı binalar ucaldırlar. İnsanlara normal yaşayış üçün imkanlar yaradırlar. Təkrar edirəm, bütün tikinti şirkətlərinə yox, kim standartlara əməl etmirsə, ona icazə verilməməlidir”. F.Ağamalı onu da qeyd etdi ki, işsiz insanlardan ona daxil olan şikayətləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərməyib, onlardan izahat istəməyib: “Şikayətləri onlara göndərməmişəm. Mənim deputat kimi hüququm var ki, ünvanlanan müraciətləri Milli Məclisin plenar iclasında səsləndirim. Mən də bu hüququmdan istifadə etmişəm. Dəfələrlə parlamentdə bu və buna bənzər problemləri qaldırmışıq, yerində olan, özünə hörmət edən yüksək vəzifəli məmurlar reaksiya verib, qüsurları etiraf edib, onları aradan qaldırıblar”. “Yeni Müsavat” Geri qayıt |