Əsas Səhifə > Partiya, Güney Press > “Novruz bayramında ənənəvi olaraq prezident əfv sərəncamı imzalayacaq”

“Novruz bayramında ənənəvi olaraq prezident əfv sərəncamı imzalayacaq”


20-02-2019, 08:29
“Novruz bayramında ənənəvi olaraq prezident əfv sərəncamı imzalayacaq”
Bir qrup hüquq müdafiəçisinin son zamanlar siyasi məhbuslarla, insan hüquqları ilə bağlı nazirlərlə, aidiyyəti qurumlarla intensiv görüşlər keçirmələri diqqəti cəlb edir. Son olaraq, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvləri Novella Cəfəroğlu, Səadət Qocamanlı və Səadət Bənəniyarlı daxili işlər naziri Ramil Usubovla görüşüblər.

Qeyd edək ki, son illərə qədər hüquq müdafiəçilərinin fəaliyyətləri demək olar arxa plana atılmışdı. 2019-un əvvəllərindən etibarən bu istiqamətdə olan dəyişikliklər göz önündədir. Müşahidələr siyasi məhbus probleminin, eləcə də insan hüquqları ilə bağlı bəzi boşluqların aradan qaldırılacağına olan ümidləri artırır.

Mötəbər mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumata görə, gələn ay - Novruz bayramı ərəfəsində imzalanacaq əfv sərəncamı ilə 30-a yaxın siyasi məhbus azad ediləcək. Mənbə onu da bildirir ki, yuxarıda adlarını qeyd etdiyimiz hüquq müdafiəçilərinin hazırladıqları və Əfv Komissiyasına, eləcə də digər müvafiq qurumlara təqdim etdikləri siyahı əfv sərəncamında daha çox nəzərə alınacaq.

S.Qocamanlı “Yeni Müsavat”a bildirdi ki, keçirdikləri görüşlər heç kəsdə təəccüb doğurmamalıdır: “Digərlərinə cavabdeh deyiləm. Amma onu deyə bilərəm ki, bizim qrupumuz üçün hər zaman istənilən məmurun qapısı açıq olub. Çünki onlar bilirlər ki, biz görüşə gəliriksə, əməli təkliflərlə, işlərlə gəlirik. Bu təkliflərin üzərində hər zaman işləmişik. İnsan hüquqları üzrə irəli sürdüyümüz təkliflərin hamısı olmasa da, heç olmasa bir qismi mərhələlərlə həyata keçib. Biz bunun dəfələrlə şahidi olmuşuq. Təkliflərimiz heç zaman diqqətsiz qalmayıb. Ona görə də son görüşlərimiz təəccüb doğurmamalıdır. Bu, sadəcə, iş görüşləri idi. Biz bunu daim keçirmişik. Ayrı-ayrı məmurlarla, nazirlərlə görüşlərimiz baş tutur və bu, davamlı olacaq. Çox ümidliyik”.

Hüquq müdafiəçisi siyasi məhbuslardan da danışdı: “Tezliklə siyasi məhbuslarla bağlı ciddi addımların atılacağına inanıram. Hər birimiz bu vətənin övladıyıq. Çalışmalıyıq ki, bu vətənə xeyir verək. Onun mövqeyini heç kəsin ayaqları altına atmamalıyıq. Öz müstəqilliyimizi, azadlığımızı müdafiə etməyə çalışmalıyıq. Hansı sayda siyasi məhbusun bu əfvdə azadlığa buraxılacağını deyə bilmərəm. Amma hər halda, təqdim etdiyimiz siyahıdakı məhbusların hamısı azad olunsaydı çox şad olardıq. Bu il müsbətə doğru ölkədə çox ciddi dəyişikliklər gedir. Bu bizi çox sevindirir. Belə də olmalıdır, özü də davamlı şəkildə. Müxtəlif sahələrdə biz artıq dəyişikliklərin şahidi oluruq. İnsanların rifahı üçün atılan istənilən addım bizləri sevindirir”.

Məlumat üçün bildirək ki, Əfv Komissiyasının iclasları hazırda intensiv şəkildə gedir. Həftədə 2 və ya 3 iclas keçirilir. Bu gedişlə komissiyasının Novruz bayramına qədər iclaslarını bitirəcəyi və son siyahını ölkə prezidentinə təqdim edəcəyi bildirilir..

Əfv Komissiyasının üzvü Rəşad Məcid iclaslar barədə yekunda məlumat veriləcəyini bildirdi: “İclaslar bitəndən sonra cənab prezident əfv sərəncamı imzalayar və ondan sonra hər kəs bununla tanış olar. Toplantılar hələlik davam edir. Çox güman ki, gələn ayda, Novruz bayramında ənənəvi olaraq prezident əfv sərəncamı imzalayacaq. Bir sıra məhbuslar var ki, onların işi ilə İşçi Qrupu məşğul olur və onları cənab prezidentə təqdim edir. O məhbuslar barədə qərar da cənab prezidentin səlahiyyətindədir. Əfv Komissiyasından kənar İşçi Qrupunun təqdim etdiyi siyahı olur. Bu barədə bir söz deyə bilmərəm”.

Geri qayıt