Əsas Səhifə > Partiya, Güney Press > İlham Əliyev sübut etdi ki, dövlət buna qadirdir
İlham Əliyev sübut etdi ki, dövlət buna qadirdir1-03-2019, 08:47 |
Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O qeyd edib ki, əslində Azərbaycan Prezidenti yanında sosial problemlərin həllilə bağlı keçirilən müşavirədəki anonsdan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi: “Azərbaycan cəmiyyəti də belə bir qərarı gözləyirdi. Şübhəsiz ki, bu, mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər 1 milyard dollardan çox bir məbləği əhatə edirdi. Onun həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan fərmanla aydın olur ki, vətəndaşlara dəyən az qala bütün zərərin ödənlməsilə bağlı qərar qəbul edilib. Dövlət problemin həlli ilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb. İki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhfə verəcək. Birinci dövr 2015-ci ilin fevralın 21-nə qədər olan dövrdə götürülən kreditlərin həlli ilə bağlıdır. İkinci dövr isə 2015-ci ilin fevralın 22-dən dekabrın 21-nə qədər olan dövrdə vətəndaşların götürdüyü kreditlərlə bağlıdır. Maksimal hədd 10 min dollar, 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində vətəndaşların gözləntilərindən də çoxdur. Çünki 3-5 min dolları əhatə edəcək məbləğlə bağlı belə bir fərmanın veriləcəyi gözləntisi var idi. Amma cənab Prezident verdiyi fərmanla 10 min dollara qədər olan problemli kreditlərə nöqtə qoydu”. Millət vəkili bildirib ki, bu, təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhfə deyil, eyni zamanda, ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir fərmandır: “Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu addımı banklarla vətəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha hiss etdi ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir fors-major situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var”. Geri qayıt |