Əsas Səhifə > Partiya, Güney Press > “Afrikadan bizə nə?”
“Afrikadan bizə nə?”12-03-2019, 08:41 |
Əlcəzair və Sudanı bürüyən etiraz aksiyaları Azərbaycan müxalifətini ümidləndirib. Sosial şəbəkələrdə və müxalif media orqanlarında bu aksiyaların ölkəmizə təsir edə biləcəyi, hətta burnumuzun ucuna qədər gəlib çatacağı yönündə statuslara, açıqlamalara rast gəlməkdəyik. Ümidini hər zaman Azərbaycandan kənarda baş verən aksiyalara bağlayan müxalifət liderləri indi də Afrikanın iki ölkəsindəki prosesləri gündəmdə saxlamağa çalışır. Bununla nələrəsə nail ola biləcəklərini güman edirlər. Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Azərbaycan müxalifətinin özlərinə aid olmayan başqa işlərlə daim məşğul olduqlarını söylədi: “Ümumiyyətlə, bizim radikal müxalifətin çox qorxunc bir xəstəliyi var. Özlərinə aid olan məsələlərdən başqa hər işlə məşğuldurlar: xarici müxalifətlə, donos yaradıcılığı ilə, ya da nə bilim mənasız inqilab təəssübkeşliyi ilə, absurd eyniləşdirmələrlə və s. Bircə Azərbaycan xalqına öz əməlləri ilə mesaj verməyin, mənsub olduqları xalqla işləməyin, onların etimadını qazanmağın yolları haqda heç nə düşünmürlər. Fikirləri-zikirləri ölkədən kənardadır. Bütün diqqətləri episentrə yox, məhz uzaq ətrafda baş verən hadisələrə fokuslanıb. Ona görə də bu gündədirlər, ona görə də dirçələ bilmirlər. Narıncı inqilablar dövrünü yəqin çoxları unutmayıb. Bizim qaragüruh müxalifət o zaman öz təbliğatlarını aparası yerdə başqasının təbliğatına aludə oldular, onların köynəklərini, libaslarını sifariş verdilər, yenə kiməsə oxşamağa çalışdılar. Anlamadılar ki, siyasət trafaret köçürməni yox, yeniliyi sevir. Daha sonra ”ərəb baharı" başladı, yenə bizim radikal müxalifət özünə əl qatdı. Oturub inqilab transferi gözlədilər. Təbii, xalqa deyil, xarici qüvvələrə bel bağlayaraq. Amma yenə də nəticə olmadı. Və bu gün həmin kəsimin “başbilənləri” növbəti dəfə adətlərindən imtina eləmirlər. İndi də sosial şəbəkələrdəki statuslarında, internet televiziyalarına verdikləri açıqlamalarında, müsahibələrində Əlcəzair, Sudan hadisələrini qabardıb təbliğat aparırlar ki, bəs filan xalq ayağa qalxdı, biz qaldıq". Deputat Sudandakı durumun fərqli olduğunu da bildirdi: “Bu ölkədə kütləvi aclıq baş alıb gedir. Ölkə büdcəsi tarı-mardır. Hətta insanlar eynən AXCP-Müsavat hakimiyyəti dövründəki kimi çörək tapa bilmirlər. Ciddi ərzaq qıtlığı var. Qonşu ölkələr isə idxalın qarşısını alaraq Sudanı blokadaya salıblar. Təbii, bu durumda təlatüm qaçılmazdır. Əlcəzairdə isə Buteflika dövrünün bitməsi üçün ciddi, münbit zəmin var. Çünki adam faktiki idarəçilik qabiliyyətini itirib, az qala əlil arabasında da deyil, xərəkdə gəzir, ikinci insult diaqnozu ilə yenidən İsveçrədəki xəstəxanaya yerləşdirilib. Öldüsündən, qaldısından xəbər yoxdur. Heç şübhəsiz, belə olan halda Əlcəzair xalqı panikaya düşməli idi və düşüb də. Üstəlik, nəzərə alsaq ki, bir çox xarici qüvvələrin də həmin ölkələrin qarışmasında marağı var, o zaman hadisələrin bu məcrada davam etməsi əslində heç kimi təəccübləndirməməlidir. Eyni zamanda Əli Kərimlini və Milli Şuranı. AXCP sədri feysbuqda Əlcəzair xalqının periferiyalardan mərkəzə doğru gəlişini elə şövqlə paylaşıb, sanki Kürdəmir camaatı Bakıya doğru irəliləyir. Oysa adama sual verən lazım: Nə dəxli? Niyə bir yox, yarım dəfə də özünüzlə fəxr edə bilmirsiniz? Niyə bir dəfə də öz izdihamınızı paylaşmaq gücünüz yoxdur? Niyə Venesueladan, Əlcəzairdən olan videoları, fotoları bəh-bəhlə yaydığınız, tirajladığınız halda Milli Şuranın bəsit mitinqlərindəki rəsmləri fotoşop olmadan, orasına-burasına əl gəzdirmədən ortaya çıxara bilmirsiniz? Nə qədər onun-bunun gücü, mitinqi, elektoratı ilə fəxr etmək olar? Afrikadan bizə nə? Afrika inqilablarının - özü də hələ məqsədinə vara bilməyən inqilabların - bizə nə aidiyyəti var? Bir dəfə də özünüz olmağa, özünüzə oxşamağa çalışın da. Aydın məsələdir ki, həmin inqilabların kənara sıçrama imkanı yoxdur. Çünki qeyd etdiyim kimi, spesifik xarakterdədir. Ayrıca, hər kəs bir həqiqəti də unutmasın: Zamanında “narıncı inqilab”ların estafeti məhz Azərbaycanda durdurulub. Xalqın və hakimiyyətin iradəsi ilə. İllər sonra da bəlli olub ki, Azərbaycan xalqı inqilab təəssübkeşlərinə dəstək verməməklə ən düz olanı edib. Ən azından inqilab baş verən ölkələrdəki gerigetmələr, inkişaf axsamaları, siyasi sabitliyə qamçı çəkən xaoslar bunu deməyə əsas verir. Bundan sonra da Azərbaycan xalqı əsla və əsla destruktiv qüvvələrin çağırışlarına, xaricdəki beynəlxalq ünsürlərin pulu ilə qidalananlara, məkr, qisas üzərindən siyasi plan quranlara dəstək verməz. Çünki bu millət, bu xalq yetərincə ağıllıdır, maariflənib, mükəmməl siyasi təfəkkürə sahibdir. Əli Kərimli və onun barmaqla sayılacaq dəstəkçiləri isə nəhayət, yuxudan ayılsınlar, fantaziyalarla yaşamasınlar. Onların arzuladıqlarını heç cizgi filmlərində belə reallaşdırmaq mümkün deyil, nəinki real həyatda". “Yeni Müsavat” Geri qayıt |