Əsas Səhifə > Partiya, Güney Press > “Hesabat anti-Azərbaycan və onun içərisində yer alan antimilli qüvvələrin yalan dosyeləri əsasında hazırlanır”
“Hesabat anti-Azərbaycan və onun içərisində yer alan antimilli qüvvələrin yalan dosyeləri əsasında hazırlanır”15-03-2019, 08:19 |
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. Azərbaycana aid olan 40 səhifəlik hesabat kifayət qədər sərtdir. Bildirilir ki, Azərbaycanda həbs edilən şəxslərə işgəncələr verilir. Cinayət törətməyən şəxslərin boynuna cinayəti yükləmək və ya əlavə cinayət maddələri tətbiq etmək üçün işgəncələrdən istifadə edildiyi qeyd olunur. Dəyənəklə ayaqların altına vurulması və bədənə elektrik şoklarının verilməsi kimi işgəncə metodlarının olduğu vurğulanır. Hesabat Azərbaycanda kifayət qədər sərt qarşılanıb. Bir müsbət faktın belə yer almadığı 40 səhifəlik hesabatın qərəzli hazırlandığı bildirilir. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesabata sərt reaksiya nümayiş etdirdi: “Təəssüf edirəm ki, Amerika kimi nüfuzlu bir ölkənin Dövlət Departamenti Azərbaycana qarşı hesabatlarda ifadə etmiş olduğu və həqiqəti əks etdirməyən qərəzli münasibətini davam etdirməkdədir. Bu hesabat ölkəmizdə gedən prosesləri olduğu kimi əks etdirmir. Əksinə, çox ciddi qərəz var. Burada Azərbaycanın demokratik inkişaf yoluna, sədaqətinə atılan böhtan var. Mənə elə gəlir ki, həmişə olduğu kimi, bu hesabatda da ”erməni barmağı" var. Erməni diasporasının maliyyəsi əsasında bir çox ölkələrdə, o cümlədən Amerikada, onun dövlət strukturlarında erməni lobbisi fəaliyyət göstərir, onların təsiri altında bu cür hesabatlar yazılır, dövriyyəyə buraxılır. Azərbaycan demokratik inkişaf yoluna sədaqətini nümayiş etdirməkdədir. Demokratik dəyərlərin ölkəmizdə tətbiq olunması üçün istər prezident, istər qanunlarımızın qəbulu baxımından Milli Məclis, istərsə də ayrı-ayrı qurumlar çərçivəsində görülən işlər göz qabağındadır. Bu gün Azərbaycan azad ölkələrdən biridir. Ölkəmizdə söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüququ var. Siyasi mövqeyindən asılı olmayaraq istənilən vətəndaşımız öz fikirlərini ifadə edir. Hətta deyərdim ki, bütün əxlaqi dəyərlərdən uzaq olan sosial şəbəkələrdə fikirlər də ifadə olunur. Azərbaycanda heç bir siyasi partiya və onun funksionerləri, vətəndaş cəmiyyətinin üzvləri, KİV-lərin təmsilçiləri baxışlarına, yazı və fikirlərinə görə təqib olunmur, onlar haqqında hesabatda deyildiyi kimi işgəncə halları yoxdur. Azərbaycan hüquqi dövlətdir. Burada kimliyindən asılı olmayaraq hər bir vətəndaş törətmiş olduğu cinayət əməlinə hüquqi qiymətini almalıdır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də hüquqi dövlətin başlıca fərqləndirici cəhəti qanunun aliliyidir, qanun qarşısında hər kəsin məsuliyyət daşımasıdır. Başqa ölkələrdən fərqli olaraq bu gün Azərbaycanda unikal bir davranış var. Əsası Heydər Əliyev tərəfindən qoyulan humanist, yəni cinayətə törətdikləri üçün məhkum edilən şəxslərin əfv sərəncamları ilə azad olunmaları ənənəsi var. Ölkə prezidenti bu ənənəni davam etdirməkdədir. Yaxınlarda əfv sərəncamı gözlənilir. Bununla bağlı hüquq müdafiəçilərinin də açıqlamaları var. Görünən budur ki, xeyli sayda vətəndaşlarımız azadlığa çıxacaq. Onların içərisində ən müxtəlif insanlar var. Siyasi partiya təmsilçiləri və digər cinayət törədənlər var ki, onların azad olunması gözlənilir. Bu ənənə başqa ölkələrdə yoxdur. Təəssüf edirəm ki, bu ənənənin üstün keyfiyyətlərini departamentdə ya görmürlər, ya da görməməzliyə vururlar. Mənə elə gəlir ki, Amerikanın ciddi qurumlarından sayılan Dövlət Departamenti məsələləri araşdırıb fikrini ifadə etsəydi, bu həmin qurumun imicinə üstünlük gətirərdi, nüfuzu artardı. Bu cür yanaşmalar onun nüfuzuna ciddi zərbə vurur. Belə hesabatlar Azərbaycanı istəməyən, ölkəmizə düşmən kəsilən anti-Azərbaycan və onun içərisində yer alan antimilli qüvvələrin yalan dosyeləri əsasında hazırlanır". Deputat ABŞ Dövlət Departamentini ikiüzlülükdə ittiham etdi: “ Bizim üçün çox maraqlıdır, görəsən, bu gün Avropada gedən proseslər, xüsusilə Fransada 10 nəfərin ölümü, 7 mindən çox insanın həbsi ilə müşayiət olunan, ötən ilin noyabrından Fransada başlayan xalq hərəkatının hökumət tərəfindən amansızlıqla yatırılmasına edilən cəhdlər, atılan addımlar həmin hesabatda öz əksini tapıbmı? O hadisələrə olduğu kimi qiymət verilibmi? Məncə, belə deyil. Bu bir daha onu göstərir ki, Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş etdirilir. Ölkəmizə qarşı təzyiqlər və təhdidlər artıq ənənə şəklini alıb. Məncə, Amerikada yaşayan dostlarımızın Azərbaycanla birlikdə səyləri nəticəsində ölkələrarası əlaqələrə xələl gəlməyəcək. Dövlət Departamenti Azərbaycan-Amerika münasibətlərinin daha yüksək səviyyədə qurulmasına, xalqlarımız arasında dostluğun daha da möhkəmləndirilməsinə xidmət edən fikirlərini hesabatlarda ifadə etsinlər. Bu, məncə, çox ədalətli olardı”. “Yeni Müsavat” Geri qayıt |