Əsas Səhifə > Partiya, Güney Press > Siyasi münasibətlərdə yeni mərhələ:
Siyasi münasibətlərdə yeni mərhələ:18-03-2019, 08:20 |
2019-cu ilin Azərbaycan tarixində təkcə sosial, iqtisadi islahatlar ili kimi deyil, həm də siyasi açılımlar ili kimi qalacağını artıq indidən söyləmək mümkündür. Ölkə prezidenti tərəfindən ard-arda çoxsaylı sosial xarakterli fərmanlar və sərəncamların imzalanmasının ardınca siyasi məhbus kimi təqdim edilən 50-yə yaxın məhbusun azad olunması siyasi islahatların da başlanğıcının əlaməti hesab edilir. Bir sıra siyasilər hesab edirlər ki, atılan addımlar Azərbaycanda fərqli siyasi sistemə, iqtidar-müxalifət münasibətlərinin yeni müsbət müstəviyə keçilməsinə gətirib çıxara bilər. Görülən sosial yönlü müsbət tədbirlərin effektiv nəticələr verməsinə siyasi islahatların ciddi təsir edəcəyi bildirilir. Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a açıqlamasında deyib ki, 2019-cu il prosesləri yeni bir müstəviyə daşıya bilər: “Siyasi məhbusların həbsdən azad olunması gələcəkdə imkan verir ki, siyasi partiyalarla da dialoq yaransın və cəmiyyət barış, dialoq müstəvisində Azərbaycanın problemlərini həll edə bilsin. Azərbaycana da, Azərbaycanın problemlərinə də, regiondakı yerimizə, vəziyyətimizə də yaraşan barış və dialoqdur. Çünki bizim vəziyyətimiz olduqca çətindir. Həm Cənubi Qafqazda, həm dünyadakı yerimiz olduqca çətindir, böyük problemlərimiz var. Ya zəlzələdən, ya vəlvələdən Ermənistan-Azərbaycan münaqişəsi gəlib elə bir yerə dirənib ki, burdan yalnız dil, düşüncə, fikir, vətəndaş birliyi ilə çıxmaq mümkündür. Bunun üçün isə ilk növbədə hakimiyyət elə adddımlar atmalıdır ki, cəmiyyətin müxtəlif düşüncəli adamlarını bir araya, bir masa arxasına gətirə bilsin. Güman edirəm ki, bu da o addımlardan biridir. Siyasi müxalifət daha çox hakimiyyətin bu addımlarını təqdir edərək, böyük açılımlar etməyə həm həvəsləndirməlidir, həm də təminat verməlidir. Təminat verməlidir ki, biz bunu qiymətləndiririk; bu, dəyərli addımdır və ardınca da müxalifətlə, o cümlədən demokratik seçkilərlə bağlı ciddi addımlar atılsın. Müxalifətin görməli olduğu iş əslində bu istiqamətdə hakimiyyətə dəstək verməkdir. Hər halda hakimiyyətə bir təminat verməlidir ki, biz atdığınız addımların arxasındayıq və bundan kiminsə sui-istifafə etməsinə imkan verməyəcəyik, ölkəmizi möhkəmləndirəcəyik”. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında ilk növbədə cənab prezidentin atdığı humanist addımı alqışladığını dedi. O daha sonra atılan addımların iqtidar-müxalifət münasibətlərinə təsir edəcəyi barədə danışdı: “Bu, prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına yüksək rəğbəti, humanizm prinsiplərinə əsaslanmağı ilə bağlıdır. Prezident neçə-neçə ailələrə böyük sevinc bəxş etdi. Eyni zamanda, azadlığa çıxanlara da göz aydınlığı verirəm. Əminəm ki, onlar bu həbs müddətində öz fəaliyyətlərini götür-qoy ediblər. Mən çox istərdim ki, onlar Azərbaycan üçün daha üstün cəhətləri özündə ifadə edən, daşıyan, dövlətçiliyimizə töhfə verə biləcək vətəndaş kimi cəmiyyətdə fərqlənsinlər. Dövlətimizə, xalqımıza xidmət üçün hərə öz imkanları daxilində töhfəsini versin. Bir sözlə artıq onlar azadlıqdadırlar. Bu, çox yaxşıdır. Ölkəmizin prezidenti, bildiyiniz kimi, 2018-ci ilin aprel seçkilərindən sonra dərin islahatlara başlayıb. Hələ prezident seçkiləri ərəfəsində söylədiyi fikirlər göstərirdi ki, artıq prezident seçkilərindən sonra Azərbaycan dövləti, cəmiyyəti özünün daha yüksək inkişaf mərhələsinə qədəm qoyacaq. Bu, dövlətçiliyimizin yeni bir diqqəti cəlb eləyən, cəmiyyətimizi möhkəmləndirən, xalqla prezidentin birliyini daha da yüksək səviyyəyə qaldıran bir mərhələ olacaq. Bu mərhələni prezident seçkilərindən sonra cənab prezidentimiz başladıb və bu gün də ciddi şəkildə davam edir. Təkcə 2019-cu ilin yanvarından bu tərəfə həm iqtisadi-sosial islahatlar sahədə mühüm qərarlar verilib, həm vətəndaşların gözlədiyi problemli kreditlərə dair fərman, eyni zamanda, struktur dəyişiklikləri ilə bağlı islahatların dərinləşməsinə xidmət eləyən fərmanlar, sərəncamlar imzalanıb. Bu proses gedir. Eyni zamanda, əlbəttə, gözlənilirdi ki, artıq Azərbaycana kənardan bir təzyiq forması kimi istifadə olunan, “siyasi məhbus” adlandırılan insanlar da azadlığa çıxacaqlar. Əslində prezidentin atdığı addımların mahiyyəti və məntiqi bunu göstərməkdəydi. Prezidentin atdığı bu addımlar ölkəmizdə siyasi məhbus amili üzərində alver etmək istəyən daxildəki qüvvələri və xaricdəki antimilli qüvvələri susdurmağı bacardı. Prezident bir daha nümayiş etdirdi ki, o, ölkəmizdə sağlam siyasi mühitin olmasında maraqlıdır. Məncə, başlanan bu müsbət proses davam edəcək. İstisna deyil ki, məhkəmələr qaydasında da “siyasi məhbus” kimi adı hallanan bəzi məhbuslar azad edilsin". F.Ağamalı vurğuladı ki, demokratik cəmiyyətdə iqtidarla bərabər, müxalifətin olması çox vacib şərtdir: “Bu, ölkəmizin də inkişafı üçün ciddi bir şərtdir. Çox arzu olunandır ki, iqtidarın bu və ya digər hərəkətlərini qəbul etməyən, özü buna başqa cür yanaşan müxalifət mövqeyində duran insanlar qanunun aliliyinə söykənərək bu fəaliyyəti göstərsinlər. Prezidentimiz hər bir vətəndaşa, məmura nümunədir. Çox yaxşı olar ki, vətəndaşımız, müxalifətçilər, məmurlar cənab prezidentdən nümunə götürsünlər. O zaman məmur-vətəndaş münasibətlərində, siyasi münasibətlərdə daha yüksək səviyyəli sivil münasibətlər hökm sürəcək. Bu gün Azərbaycanda siyasi baxımdan qarşıdurma elementləri, demək olar ki, yox dərəcəsindədir. Müxalifət partiyalarının mütləq əksəriyyəti öz fəaliyyətini Azərbaycan qanunvericiliyi çərçivəsində qururlar, iqtidarla onların dövlətçilik baxımından hər hansı bir problemləri yaşanmır. Bu cür üstün cəhətləri, əlbəttə, unutmaq olmaz. Cənab prezidentin sosial-iqtisadi islahatların ardınca imzaladığı məlum əfv fərmanı ölkəmizdə siyasi münasibətlərin daha da müsbət yön almasında şübhəsiz ki, ciddi təsirini göstərəcək. Müxalifətlə iqtidar arasında münasibətlərin daha yüksək səviyyədə qurulması üçün bundan sonra hər iki tərəfdən yeni addımlar atıla bilər. Müxalifət iqtidara qarşı qərəzli mövqedən imtina edərək konstruktiv mövqedə duran mövqe nümayiş etdirsə, əlbəttə, iqtidar tərəfindən də onlara doğru addımlar atıla bilər. Bizim çox ciddi problemimiz var - Qarabağ problemi. Torpaqlarımızın işğalda olması bizim hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Burada iqtidar-müxalifət anlayışı tamamilə kənara qoyulmalıdır. Birmənalı olaraq bu anlayışdan imtina edib hər birimiz işğaldakı torpaqlarımızın azad edilməsi üçün əlimizdən gələni etməliyik. Bununla bağlı iqtidarla müxalifət arasında dialoq da təşkil oluna bilər. Ölkəmizin, ola bilsin ki, sosial-iqtisadi inkişafı ilə bağlı, digər vacib məsələlərlə bağlı iqtidar partiyası ilə müxalifət partiyaları arasında dialoqlar da təşkil oluna bilər. Bunlar siyasi mühit üçün də faydalı olar. Gələcəkdə bütün bunların olmasını istisna etmirəm”. Deputatın sözlərinə görə, eyni zamanda, təbii ki, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün də bundan sonra dövlət başçısının siyasəti daha ardıcıl xarakter daşıyacaq: “Xüsusi olaraq vətəndaş cəmiyyətinin güclənməsində mühüm rol oynayan QHT-lərin, medianın fəaliyyəti bundan sonra, məncə, daha intensiv xarakter daşıyacaq. Onların bu və ya digər layihələrdə iştirakına geniş imkanlar açılacaq. İctimai rəyin formalaşmasında, dövlətçiliyimizdə xüsusi töhfələr vermək üçün güclü imkanlara malik Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətində də bundan sonra geniş imkanlar yaradılacaq. Bir sözlə, Azərbaycan getdikcə daha güclü bir cəmiyyətə, daha güclü ölkəyə çevrilməkdədir. Ölkə prezidentinin atdığı addımların mahiyyətində və məntiqində ciddi bir hədəf durur. Bu da yaxın zaman kəsiyində Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaqdır. Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaq üçün onun iqtisadi, sosial inkişafı ilə bərabər, həm də güclü vətəndaş cəmiyyətinin olması mühüm şərtdir. Mənə belə gəlir ki, artıq biz buna doğru ciddi addımlar atmaqdayıq”. Geri qayıt |