Əsas Səhifə > Partiya, Güney Press > İlqar Məmmədovla bağlı qərar Əli Kərimli üçün “yaşıl işıq”mı?
İlqar Məmmədovla bağlı qərar Əli Kərimli üçün “yaşıl işıq”mı?30-03-2019, 09:24 |
Xəbər verildiyi kimi, Ali Məhkəmə REAL Partiyasının sədri İlqar Məmmədovun üzərindəki şərti cəzanı ləğv edib. Partiya sədrinin ölkədən çıxışına olan qadağa da aradan qaldırılıb. Amma bununla belə, onun cinayət işinə tam xitam verilməyib və İ.Məmmədov 2024-cü ilə qədər heç bir seçkidə iştirak edə bilməyəcək. REAL rəhbəri barəsində verilən bu qərar çoxsaylı müzakirələr doğurub. Onun qarşıdakı zamanda müraciəti əsasında seçkilərdə iştiraklı bağlı üzərində olan qadağanın götürüləcəyinə də ümidlər yaranıb. Bu məsələ AXCP sədri Əli Kərimlinin 13 ildir xarici pasport ala bilməməsini bir daha gündəm edib. Ekspertlər ölkədə siyasi islahatların başlandığını bildirir və bu islahatlar çərçivəsində İ.Məmmədovun üzərindən şərti cəzanın götürülməsinin davamı kimi AXCP liderinə xarici pasportun verilə biləcəyini qeyd edirlər. Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a məsələni bu cür şərh etdi: “Bu qərarı müsbət addım kimi dəyərləndirirəm. İlqar Məmmədovun həbsi və başqa məsələlər ayrı mövzudur. Avropa Məhkəməsinin İlqar bəylə bağlı iki qərarı olub. Bu da nadir hadisədir ki, eyni məsələ ilə bağlı iki dəfə qərar çıxarılsın. Son nəticədə onun cəzasının götürülməsi müsbət addımdır. Amma bütövlükdə bu qərarı siyasi islahat kimi dəyərləndirməzdim. Novruz bayramında xeyli sayda siyasi məhbuslar əfv olundu, bağışlanıldı. Bununla dövlət özünün humanist addımlarını göstərdi. Prinsip etibarı ilə bu da gələcəkdə siyasi dəyişikliklərin başlanması üçün əsas ola bilər. Bu cür dəyərləndirmək olar ki, hakimiyyət düşərgəsində müxalifətə yönəlik dönüş addımları, müəyyən yumşalmalar var. Siyasi məhbusların bir hissəsinin buraxılması və İlqar Məmmədovla bağlı son qərarı burada misal çəkə bilərik. Bunlar istənilən halda müsbətyönlü addımlardır və münasibətləri bir qədər yumşalda bilər. Bu da gələcəkdə qanunlar əsasında münasibətlər çərçivəsinin formalaşmasına yol aça bilər. Amma bir daha təkrar edirəm ki, bunları indidən siyasi islahatlar kimi dəyərləndirmək olmaz. Çünki siyasi islahatlar geniş bir sahəni əhatə etməlidir. Siyasi məhbusların azad edilməsi və kiminsə üzərindən cəzanın götürülməsi hər şey demək deyil. Bütün cəmiyyəti, siyasi institutları, münasibətləri əhatə edən və hazırkı situasiyanı dəyişəcək addımlar atılmalıdır. Həm qanunvericilik, həm inzibatı, həm də digər əməli tədbirlər olmalıdır. Centlmen razılaşması səviyyəsində müəyyən razılaşmaların olmasına da ehtiyac duyulur. Gələcəkdə qeyd etdiklərimizin həyata keçəcəyi barədə ümidlənmək olar. İlqar Məmmədovun 2024-cü ilə qədər seçkilərdə iştirak edə bilməyəcəyinə gəlincə, Azərbaycan praktikasında belə hallarla bağlı təcrübə var. Qanunda müəyyən müddət məhbus həyatı yaşamış şəxs barədə əmlak və məhkumluq məsələsi var. 2003-cü ilin prezident seçkilərindən sonra ”Bizim Azərbaycan" blokundan xeyli sayda şəxslər həbs olunmuşdu. Onlar 2005-ci ildə azad olundular, üzərlərindən qanunla məhkumluq götürüldü və həmin şəxslər o ildəki parlament seçkilərində iştirak etdilər. İlqar Məmmədovla bağlı da belə bir qərar verilə bilər. Onun yaxın zamanlarda müraciəti əsasında seçkilərdə iştirakla bağlı ona qoyulan qadağanın aradan qaldırılması mümkündür. Bu da hesab edirəm ki, müsbət, təqdirəlayiq addım olardı". Q.Əlibəyli AXCP sədrinə xarici pasportun verilməməsindən də söz açdı: “Əli Kərimlinin xarici pasport məsələsi tam qanunsuzdur. Bu barədə dəfələrlə deyilib, yazılıb. Çünki 1994-cü ildə olan və sonradan dayandırılan, artıq müddəti başa çatan cinayət işini əsas götürmək anlaşılan deyil. Bu dövlətin siyasətinə uyğun gəlməyən bir məsələdir. Düşünürəm ki, mövcud iqtidar müəyyən addımlar atmaq, dəyişikliklər etmək istəyirsə, belə problemləri həll etməlidir. Əli Kərimlinin pasport məsələsi müsbət həll olunmalıdır. Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasında olan zamanlardan pasport məsələsi ilə bağlı prosedura başladılmışdı. Bildiyim qədəri ilə bu məsələ ilə əlaqədar Azərbaycanda bütün instansiyalar keçilib və iş Avropa Məhkəməsindədir. Hazırda Avropa Məhkəməsində işin hansı yerdə olması barədə məlumatsızam. Düşünürəm ki, Əli Kərimlininin bu problemi ilə bağlı heç nə etmək lazım deyil. Sadəcə hakimiyyət tərəfindən kimsə göstəriş verməlidir ki, Əli Kərimli gələndə pasportunu verin getsin”. Geri qayıt |