Əsas Səhifə > Partiya, Güney Press > “Burada əndişələnən özünü müxalifət adlandıran, amma xalqa aidiyyəti olmayan qüvvələrdir”

“Burada əndişələnən özünü müxalifət adlandıran, amma xalqa aidiyyəti olmayan qüvvələrdir”


8-04-2019, 09:11
“Burada əndişələnən özünü müxalifət adlandıran, amma xalqa aidiyyəti olmayan qüvvələrdir”
Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan prezidentinin fərmanı əksər ekspertlər tərəfindən təqdir olunmaqla yanaşı, bu sistemdə kifayət qədər problemlərin və görüləsi işlərin olduğunu deyənlər də var. YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovla səhbətimizə bu mövzudan başladıq.

- Siyavuş bəy, illər öncə parlamentdəki çıxışınızda məhkəmə sistemini çox sərt şəkildə tənqid etmişdiniz. “Elə ki, hakimlər gedib çatırlar məhkəməyə, oradakı qoca qurdların əlinə keçirlər. Onlara elə dərs keçirlər ki, Məhkəmə Hüquq Şurasının keçdiyi dərs yaddan çıxır” demişdiniz. Onu da bildirmişdiniz ki, hakimlər seçiləndə “özlərini imam balası kimi” aparırlar, amma “vəzifəyə keçən kimi camaatın canına düşürlər”. Prezidentin fərmanı sizin də tənqid etdiyiniz bu sistemdə düzən yaratmağa imkan verəcəkmi?

-Təbii ki. Bu islahatlar bir neçə istiqamətdə həyata keçiriləcək. Məhkəmə Hüquq Şurası bir neçə ildir ki, çox ciddi şəkildə test imtahanları, müəyyən kurslar vasitəsilə hakimləri seçir, yetişdirir və maksimum dərəcədə çalışır ki, onlar yeni nəslin nümayəndələrindən ibarət olsunlar. Mövcud problemlərdə həm obyektiv, həm də subyektiv səbəblər var. Obyektiv səbəb budur ki, sovetlərdən sonra bizim qanunlarımız da tamam dəyişib. Parlamentin hər iclasında qanunvericiliyə dəyişiklik edilir. Ancaq subyektiv amillər də var. Neqativ hallar baş verir, məhkəmələrdən şikayətlər olur. Düzdür, şikayətlərin hamısı obyektiv deyil, bu gün sui-istifadəyə yol verənlər də var. Mən hesab edirəm ki, əgər rayon məhkəməsi düzgün qərar qəbul etməyibsə, yuxarı instansiya o qərarı ləğv edibsə, rayon məhkəməsi cəzalandırılmalıdır. Hətta Milli Məclisin deputatının cəzalandırılması ilə bağlı İntizam komissiyası qərar qəbul edir, xəbərdarlıq olunur, töhmət verilir, əmək haqqı kəsilir. Bu vəziyyət davam edirsə, onun Milli Məclis üzvlüyündən azad olunması ilə əlaqədar parlamentə müraciət olunur, yaxud adı MSK-ya göndərilir və s. Hakimlərdə də belə olmalıdır. Əgər qərarı düzgün qəbul etməyibsə, yuxarı instansiya bunu ləğv edirsə, o qərarı çıxartmış hakimə qarşı müəyyən cəza metodlarından istifadə olunmalıdır. Əmək haqqı kəsilməli, xəbərdarlıq olunmalı, töhmət verilməlidir. İkinci, üçüncü halda o, məhkəmə sistemindən uzaqlaşdırılmalıdır. Onda qərarın keyfiyyəti də, onun öyrənilməsi də, tətbiqi də düzgün olar, insanlar da bundan əziyyət çəkməz.

Qərarların icrası da çox vaxt dekolarativ xarakter daşıyır. Hətta Ali Məhkəmə səviyyəsində qərar qəbul olunur, ancaq onun icrası yerinə yetirilmir. Orda elə dəqiq mexanizm işlənib hazırlanmalıdır ki, əgər son instansiya qərarı təsdiqləyibsə, ona uyğun olaraq qərar dərhal yerinə yetirilməlidir.

- Avropa İnsan Haqları Məhkəməsinin də Azərbaycanla bağlı xeyli məhkəmə qərarı var. Çıxışlarınızın birində demişdiniz ki, Avropa Məhkəməsinin Azərbaycan dövlətinə kəsdiyi bəzi cərimələri hakimlərə ödətdirmək lazımdır. Həmin fikrinizdə qalırsınızmı?

- Bəli, bunu dövlətin üstünə atmaq olmaz. Bu cərimələrin qəbuluna kim səbəb olubsa, o ödəməlidir. Düzdür, Avropa Məhkəməsinin əksər qərarlarında məsələlərə qərəzli yanaşma olur. O qərarların əksəriyyətini izləmişəm. Onlar verilən cəzaya, yaxud başqa bir məsələyə aid deyil. Lap elə seçkilərdə də hər hansı bir dairənin nəticəsi ilə bağlı qərar qəbul etmir, proseslə bağlı qərarını verir. Ən çox səhvlərə prosedur qaydalarla bağlı yol verilir. Prosedur qaydalar pozulursa, Avropa Məhkəməsi hesab edir ki, nəticədən asılı olmayaraq, burada çıxarılan qərar düzgün deyil. O baxımdan da həmin prosesə nəzarəti bilavasitə hakimlər həyata keçirir. Yenə deyirəm, Avropa Məhkəməsinin qəbul etdiyi qərarların əksəriyyəti qərəzlidir, fərdə görə qərar qəbul edirlər, çox sayda mülkiyyətlə və digər məsələlərlə bağlı qərar olub. Digər qərarların hamısı hüquqi deyil, siyasidir və bunlar da qərəzlidir.

- Hakimlərdən danışdıq. Azərbaycan vəkillərin sayına görə Avropa ölkələrindən xeyli geri qalır. Bu istiqamətdə nə kimi addımlar atıla bilər?

- Vəkillik institutu ən geniş yayılmalı olan institut olmalıdır. İndi Vəkillər Kollegiyasında yenilik yaranıb, test üsulu ilə qəbul aparılır. Hesab edirəm ki, yaxşı vəkillər, bir neçə dil bilən, dünya təcrübəsindən məlumatı olan gənclər seçilir. Amma bunların sayı çox olsa, daha yaxşı olar. Orada qəbul qaydalarının sadələşdirilməsinə də baxıla bilər ki, heç olmasa ilkin dövrdə insanların vəkillə təmin olunması və hər bir vəkilin gücü çatacaq qədər işə baxması üçün şərait yaradılsın.

- Siyavuş bəy, gözləntilər var ki, hüquqi islahatlarla paralel olaraq siyasi sahədə də islahatlara gediləcək. Bu istiqamətdə hansı addımlar atıla bilər?

- Siyasi sahədə islahatlar mütəmadi aparılır. Azərbaycanda seçki prosesi prosesi təkmilləşib, mükəmməl Seçki Məcəlləsi var. QHT-lərin fəaliyyəti üçün tam şərait yaradılıb. Bu gün kifayət qədər QHT fəaliyyət göstərir. Həmçinin QHT-lərə, siyasi partiyalara, KİV-ə dövlət tərəfindən dəstək var. Maliyyə vəsaiti ayrılır, bu sahədə çalışanların mənzil-məişət şəraiti yaxşılaşdırılır. Seçmək-seçilmək hüququ olan, siyasi partiyalar, QHT-lər yaradıb fəaliyyət göstərmək istəyən insanlar qanunvericilik çərçivəsində istənilən addımı ata bilərlər. Azərbaycanda azad internet fəaliyyət göstərir, ölkənin hər yerində internet var, insanlar sərbəst şəkildə bundan istifadə edirlər. Hətta bəzi vaxtlarda sui-istifadə edirlər. Başqa adlar altında insanların heysiyyatına toxunurlar, söyüşdən, milli mentalitetə zidd hərəkətlərdən də istifadə edirlər. Hesab edirəm ki, bunların da hüquqi mexanizmləri tapılmalıdır.

- Amma sanki son vaxtlar söyüşlə bağlı səngimə müşahidə olunur. Belə rəy mövcuddur ki, prezidentin qərarları, atdığı bir sıra vacib addımlar qarşı tərəfi “tərk-silah” edib. Razılaşırsınızmı?

- Bilirsiniz, bir gün söyür, iki gün, üç gün söyür. Qulaq asan da ən uzağı, üç gün qulaq asır, sonra görür ki, ondan ağıllı heç nə öyrənə bilmir. Həmçinin bu, yol və metod deyil. Ona görə də avtomatik olaraq artıq o məsələlərə qulaq asmır və həmin insanların yutub-da, başqa yerlərdə açdığı səhifələr bağlanır. Çünki insanlar təhlili, normal münasibəti, normal dialoqu xoşlayır. Məsələn, elə sizin qəzetdə dialoqlar, ayrı-ayrı çıxışlar gedir. İstənilən şəxs sualını verir, cavabını alır. Bu, yaxşı layihədir. Müxtəlif təbəqələrdən olan insanlar gəlib iştirak edir, hərə öz fikrini deyir. Vətəndaş kimin fikrinə üstünlük verirsə, onu qəbul edir. Vətəndaş artıq o söyüşü qəbul etmir. Söyüş söyənlər öz əxlaqından, mənəviyyatından xəbər verir.

- Azərbaycanda uşaqpulunun artırılması ilə bağlı həm deputatların, həm ekspertlərin çağırışları, həm də aztəminatlı aillərin gözləntiləri var. Hökumət bu məsələdə qərar verəcəkmi?

- Bununla bağlı müzakirələr gedir. 3 yaşına qədər olan uşaqlarla bağlı artıq qərar var, uşaqpulları artırıldı. Digərləri ilə bağlı da komitəyə təkliflər daxil olub, ictimai müzakirələr gedir. Son nəticəni sosial sferanı əhatə edən şəxslər verəcək ki, bunu hansı formada tətbiq edək. Bir qrup insan bunun keçmişdə olduğu kimi tətbiqinin tərəfdarıdır, digər qrup başqa forma təklif edir. Ümumilikdə bunlar müzakirə olunduqdan sonra vahid qərar qəbul olunacaq və qərara uyğun addımlar atılacaq.

- Şəxsən sizin fikriniz necədir?

- Bu, mənim sahəm deyil. Düzdür, biz də ailədə çoxuşaqlı olmuşuq, 8 uşaq olmuşuq (gülür). Amma məndə bununla bağlı vahid mexanizm yoxdur. Mən cəmiyyət üçün, xalq üçün atılan istənilən yaxşı addımın, müsbət qərarın, xeyirli işlərin tərəfdarıyam.

- Belə bir yanaşma da mövcuddur ki, prezidentin sərəncam və fərmanlarına, 1-ci vitse-prezidentin atdığı addımlara, vətəndaşları məmnun edən siyasətinə qarşı çıxan qüvvələr həm də hakimiyyət daxilində var. Ayrı-ayrı deputat həmkarlarınız da bu barədə danışır, lakin konkret adlar çəkilmir. Necə hesab edirsiniz, ölkə rəhbərliyinin iradəsinə qarşı çıxmağa cürət edən qüvvələr bu cəsarəti haradan alır və onlar kimlərdir?

- Hakimiyyət daxilində belə hallar yoxdur, bunlar yanlış informasiyalardır. Sadəcə olaraq, bu məsələlər planlı şəkildə həyata keçirilir. Birinci növbədə bu islahatların həyata keçirilməsi, prezident, 1-ci vitse-prezident tərəfindən atılan addımlar, bütün kateqoriyalara aid insanların əməkhaqqı, müavinət və pensiyalarının artırılması, problemli kreditlərin aradan qaldırılması istiqamətində addımlar və digər məsələlər, təbii ki, bütün vətəndaşlar tərəfindən dəstəklənir. Burada əndişələnən özünü müxalifət adlandıran, amma xalqa aidiyyəti olmayan qüvvələrdir. Onlar bu məsələləri əldə dəstəvuz etməklə insanları öz ətraflarına səfərbər etməyə çalışırlar. Özü də hansı metodlardan istifadə edirlər? Guya bunlar mitinq keçirib çağırış etdilər, yaxud Avropaya qaçıb sığınacaq alan 10-15 şəxs o fikirləri dedi, bunun nəticəsində islahatlar baş tutdu və s. Bunlar yalandır. Bu, planlı şəkildə həyata keçirilir. Azərbaycanın iqtisadi qüdrəti var. Azərbaycanda iqtisadi islashatların həyata keçirilməsi nəticəsində gəlirlərimiz artır. Mövcud problemlər və digər məsələlər də Azərbaycan iqtidarına bəllidir. Problemlərin aradan qaldırılması da mərhələli şəkildə həyata keçirilir.

- Amma müxalif fikirli qüvvələr iddia edir ki, hakimiyyət daxilində islahatlara mane olan qüvvələr var...

- Hakimiyyət daxilində heç bir problem yoxdur. Həmişə deyilib ki, hakimiyyətdə parçalanma, qarşıdurma var, bunlar şayiədir, böhtandır. Hakimiyyət yekdildir, vahiddir. Hamı da bir nöqtəyə vurur. Bu gün hamı cənab prezidentin ətrafında birləşib, onun həyata keçirdiyi islahatlarda iştirak edir.

- Bəs daxildə Azərbaycanın Avropaya inteqrasiyasına qarşı olan, Rusiyaya yaxınlaşmasını istəyən qüvvələrin mövcudluğu barədə deyilənlərin necə, əsası varmı?

- Azərbaycan müstəqil siyasət aparır və aparmaqda da davam edir, biz bütün ölkələrlə bərabərhüquqlu şəkildə işimizi qurmuşuq. Bilirsiniz ki, Azərbaycanda Qoşulmamaq Hərəkatının toplantısı keçiriləcək, orada sədrliyi artıq Azərbaycan həyata keçirir. Biz heç bir bloka qoşulmuruq və öz siyasətimizi sərbəst, bərabərhüquqlu şəkildə, ikitərəfli qaydada həyata keçiririk. Bəzi ölkələr özünə “böyük qardaş” tapır, bəziləri beynəlxalq təşkilatların gücündən yararlanıb öz problemlərini həll etməyə çalışır, bəzi ölkələr öz xalqının hüquqlarını hansısa beynəlxalq təşkilatlara və ya dövlətlərə həvalə edir. Lakin Azərbaycanda hakimiyyətin mənbəyi xalq olduğu kimi, xalqın iradəsini ifadə edən də cənab prezidentdir. Biz Avropa ilə də, Amerika ilə də, Rusiya ilə də, İranla da, ərəb ölkələri ilə də eyni səviyyədə münasibətlər qururuq. Vaxtilə biz bəyan etdik ki, ərazilərimizdən İrana qarşı istifadə oluna bilməz. Yaxud Rusiyaya qarşı embarqo tətbiq olunanda Azərbaycan bu məsələyə qoşulmadı. Yaxud Avropaya qarşı enerji problemi yaradılanda Azərbaycan Avropanın enerji təhlükəsizliyində ən aktiv iştirak edən ölkələrdən biri oldu. Bu cür onlarla nümunə gətirmək olar.

Amma biz bu siyasətin özümüzə qarşı alternativini görmürük. Yenə ikili, üçlü standart... Avropa Parlamentinin son zamanlar qəbul etdiyi müxtəlif bəyanat və qərarlar buna nümunədir. Ermənistana bir cür yanaşılır - baxmayaraq ki, başdan-ayağa hüquqların pozulması halları baş verir, siyasi partiya rəhbəri həbsxanada aclıq edərək ölür, seçkilərdə insanlar güllələnir və s. Amma nə bəyanat var, nə müzakirə. Azərbaycanın məsələsi isə mütəmadi şəkildə Avropada müzakirə olunur. Başa düşürük, bu, bir təzyiq metodudur. Bu gün Azərbaycanın güclənməsini, iqtisadi cəhətdən inkişaf etmiş müasir dövlət olmasını istəməyən qüvvələr var. Amma Azərbaycanı öz yolundan döndərmək olmaz. Azərbaycanın yolu budur və bu yolla da öz fəaliyyətini davam etdirir. Kim istəyir, bizimlə münasibət qursun, kim istəmirsə, qurmasın, hər bir dövlət müstəqildir. Biz başqalarının daxili işlərinə qarışmırıqsa, onların da bizim daxili işlərimizə qarışmaq hüququ yoxdur!
“Yeni Müsavat”

Geri qayıt