Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət cəbhəsində “xain axtarışları”
Müxalifət cəbhəsində “xain axtarışları”9-04-2019, 09:10 |
REAL Partiyası ilə Milli Şura arasındakı savaş qızışır. Partiya rəhbəri İlqar Məmmədovun məlum statusundan sonra başlayan, partiyanın nümayəndə heyətinin Brüssel səfəri və Avropada yaşayan sabiq səfir Arif Məmmədovun buna sərgilədiyi mövqe ilə davam edən qarşıdurma hər keçən gün əndazədən çıxır. Hər iki düşərgə funksionerləri səviyyəsində bir-birinin ünvanına ən ağır ittihamlar, hətta təhqirlər belə səsləndirirlər. MŞ rəhbərliyi və tərəfdarları açıq şəkildə REAL-ı deputat mandatı almaq üçün hakimiyyətlə işbirliyində ittiham edirlər, hətta partiyadan 2-3 nəfərin üzümüzə gələn parlament seçkilərində deputat olacağı barədə fikirlər səsləndirirlər. Brüssel səfərində iştirak edən REAL-ın icraçı katibi Natiq Cəfərlinin son statuslarından biri belədir: “REAL-a ilk olmayan, amma son bəsit hücum cəhdinin bircə açması, izahı var: Uzun illər müxalif camiə cəmiyyətə gizli-açıq mesaj verirdi ki, ölkədə dəyişiklik üçün mütləq ABŞ-Avropa dəstək verməlidir, yoxsa bu iş olmaz. Sədrimiz İlqar Məmmədov həbsdə olanda Qərb ölkələrindən və təşkilatlarından gələn ciddi dəstəyə qıcıq olurdular, nədən ona bu qədər diqqət olduğundan narahat idilər. Sonra gördülər ki, REAL təmsilçiləri tez-tez beynəlxalq tədbirlərə dəvət alırlar, elə son 1 ildə 10-a yaxın xarici səfərdə olmuşam, AB ölkələrində müxtəlif tədbirlərə qatılmışam. Hər görüşdən sonra başqa dəvətlər alırdıq. Son Avropa Birliyinin paytaxtı Brüsselə AB-nin Azərbaycan səfirliyinin texniki dəstəyi ilə baş tutan səfərimizin əks-sədası ona görə dinmir ki, bəziləri təşvişə düşüb, elə bilir ki, Qərb REAL-ı hakimiyyətə gətirir, bunlar isə kənarda qalıblar - olanlar kor və dar qısqanclıqdan, siyasi paxıllıqdan başqa bir şey deyil". MŞ Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli REAL-ı deputat mandatı qazanmaqda ittiham edib. Bu zaman xanım siyasətçiyə deputat olduğu dönəm xatırladılıb. MŞ funksioneri həmin illərdə ölkədə azad seçki mühitinin olduğunu və bu səbəbdən deputat seçildiyini bildirib. N.Cəfərli isə ona bu cür cavab verib: “Deməli, hörmətli Gültəkin xanım iddia edir ki, 2000-ci və 2005-ci ildə ölkədə azad seçki olub və rəqabətli mühitdə qalib gələrək parlamentdə yer qazanıb? Bəs necə olur ki, dəfələrlə özü də, MŞ rəhbərliyi də israrla ölkədə hakimiyyətin razılığı olmadan mandat almağın mümkünsüzlüyünü qeyd ediblər? Hansına inanaq? Gültəkin xanım mandatını halal qazanıb, başqa YAP-çılar saxtakarlıqla?” Qarşıdurmaya MŞ-nin Koordinasiya Şurasının digər üzvü Eldəniz Quliyev də qoşulub. Kinodramaturq bu statusu paylaşıb: “REAL-çıların ağappaq yalana qıpqırmızı demək məharəti təəssüf doğurur. ”Azad söz" səhifəsində Natiq Cəfərli ünvanıma böhtan ataraq ərz elədi ki, Milli Şuranın rəhbərliyind? təmsil olunan Eldəniz Quliyev məni təhqir edib, barəmdə söyüş dolu ifadələr işlədib. İsrarla tələb edirəm: əgər belə bir fakt varsa, qoy, Natiq Cəfərli buyurub təqdim etsin. Əks-təqdirdə, yəni Natiq Cəfərli yalançı çıxmasın deyə, etmədiyim təhqiri və işlətmədiyim söyüşləri doğrultmaq məcburiyyətində qalacam". REAL rəhbəri də susmur. REAL-ın İdarə Heyətin üzvü Erkin Qədirli onları satqınlıqda ittiham edənlərə sərt status həsr edib: “Cəbhəçilər REAL-ı dediklərinin nə anlama gəldiyini düşünmədən satqınlıqda ittiham edirlər. Bu söhbətə o qədər alışıblar ki, söhbətin REAL-a ən azı texniki baxımdan aid oluna bilməyəcəyini anlamırlar. Bir neçə yerə (AXCP, KXCP, BXCP və s.) bölündüklərini, aralarından YAP-a keçmiş olanları və s. nəzərə alsaq, cəbhəçiləri ”satqınlıq" mövzusuna bu qədər həssas yanaşdıqlarını anlamaq olar. Hərçənd o biri yandan, cəbhəçilərin kiminləsə yaxşı münasibətdə olduğunu da demək olmur. Hamıyla münasibətlərini pozurlar, ünsiyyət qura bilmirlər. Bir partiya adı çəkə bilərsinizmi AXCP ilə yaxşı münasibətdə olduğunu açıq və əminliklə söyləyə bilsin? Hamını damğalayırlar. 2013-cü ildə Milli Şuranın yaradılmasıyla bağlı danışıqların getdiyi dönəmdə biz REAL olaraq, təməl şərtləri və prinsipləri razılaşdırmağı, qırmızı xəttləri cizməyi, anlaşma imzalamağı təklif etmişdik. AXCP isə “geniş koalisiya” qurmaqdan danışırdı, hamını bir çətir altına yığmağa çalışırdı. Biz belə yanaşmayla razı olmadığımızdan Milli Şuraya qoşulmadıq. Cəbhəçilər hər yerdə deyirlər ki, guya REAL iqtidarla anlaşıb, bizə parlamentdə yer, ya da başqa vəzifələr vəd ediblər və s. Bu, yalandır. Bizim seçki strategiyamızda parlamentdə nəyin bahasına olursa-olsun yer almaq kimi bir yanaşma yoxdur. Biz heç bir bazarlamada iştirak etmirik. Örnəyi, İlqar Məmmədovun və Rəsul Cəfərovun üzərində məhkumluq var, onlar seçkilərə qatıla bilməyəcəklər. Bu gün hakimiyyətə qarşı dirəşdiklərini söyləyənlərin arasında iqtidarın özündən çeşidli vəzifə, mandat, pul və s. alanların REAL-a “biz o yolu keçmişik” deməsi ikrah doğurur. REAL siz getdiyiniz yolla getmir. Biz iqtidarı söymürük, ona düşmən gözlə baxmırıq, ondan pul, vəzifə və s. istəmirik, heç zaman da belə təkliflərə razılaşmadıq, kimsəni aldatmadıq. REAL-a satqın damğası yapışmaz". Araşdırmaçı jurnalist Xədicə İsmayılın son statusu kifayət qədər diqqət çəkir. O hesab edir ki, REAL-ın timsalında hakimiyyət yeni müxalifət yaradır: “Arif Məmmədovun sübut edə bilmədən yazdığını da, Erkin Qədirli və Natiq Cəfərlinin də özlərinicə təkzib edən açıqlamalarını da beynimdən sildim. İlqar Məmmədovun bugünkü bloqunu oxudum. Parlamentdəkiləri müxalifət kimi sırımaq mümkün deyildi daha, hökumətə və onunla razılaşan Avropa siyasətçilərinə müxalifətdən istinad nöqtəsi lazım idi. Tapdılar! Avropa Komissiyasından gələn bütün heyətlərə, ciddi insan haqları problemləri həll olunmadan bu sazişə imza atmayın deyirdik. Fürsətdir və açılımların açarı bu danışıqlardadır deyirdik. Vətəndaş Cəmiyyətinin fəaliyyəti bərpa olunmayınca, şəffaflığı təmin edən sistemlər işə düşməyincə imzalamayın deyirdik. Erkin bəy və Natiq bəyin mövqeləri zatən bəllidir. Hər zaman görünməyən sıçrayış və islahatlardan, hökumət daxilindəki mifik qarşıdurmadan danışırlar. Brüsseldə də fərqli bir şey danışmayıblar. Daxili auditoriyaya nə yedirtmək istədikləri də mənə maraqlı deyil. Amma indi ziyanı azaltmaq lazım idi. Çarəsi bu idi ki, partiya sazişin imzalanması üçün olmazsa olmazları ifadə edən bir bəyanat versin və mövqeyini həm burada, həm də Erkin və Natiq bəylərin görüşdüyü şəxslərə, həm vaxtilə bizim çağırışlarımıza səs verərək qətnamə qəbul edən Avropa Parlamentarlarına göndərsinlər ki, nə olur-olsun, imzalansın, mövqeyində müxalifət partiyası REAL-a istinad olunmasın. İlqar Məmmədov isə nə olur-olsun, imzalansın anlamına gələn bloq yazıb, hökumət üçün istinad yeri olmağa razılıq verdi. Yeni sistem müxalifətimiz mübarək". Düşərgələr arasındakı bu qarşıdurmanın baş rolunda dayanan şəxslərdən biri də Fransada yaşayan qəzetçi Qənimət Zahiddir. O, A.Məmmədovu müdafiə edən bu statusu paylaşıb: “Bir dəstə adam ortaya düşüb, Arif Məmmədovdan Brüsseldəki söhbətin mənbəyini açıqlamasını istəyir. Aydın deyilmi ki, Arif bəy istinad etdiyi tanışının adını çəksə, bu həmin diplomatın işini itirməsilə də nəticələnə bilər? Arif bəy 20 ilin diplomatı bunu bilmirmi? O, heç deyərmi ki, filan diplomat mənə danışıb, bu xidməti söhbətin detallarını? Arif bəyin dediklərində sizi yandırıb tökən hansı fikirdir? Siz axı həmin cəfəng fikirləri Azərbaycanda da deyirsiz, yazırsız, həm də təkrar-təkrar. Sadəcə, indi ictimai rəy üstünüzə gəlir ki, necə adınızı müxalifət qoyub, hökumətlə birlikdə müxalifətə müxalifətçilik edirsiz? Bu suala isə cavab vermək lazımdır". “Yeni Müsavat” Geri qayıt |