Əsas Səhifə > Partiya, Güney Press > "Mitinqə icazə verilərsə, Milli Şura bu məsələdə güzəştə getməlidir"
"Mitinqə icazə verilərsə, Milli Şura bu məsələdə güzəştə getməlidir"10-04-2019, 08:33 |
Milli Şura və Qarabağ Komitəsi eyni məkan, eyni gün və eyni saata mitinq təyin edib. Onların ayrı-ayrı etdikləri müraciətlərdə aprelin 20-si saat 15:00-dan 17:00-dək Yasamal rayonu ərazisində yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirmək arzusu ifadə olunub. BŞİH-in müraciətlərə gələn həftə cavab verəcəyi gözlənilir. Lakin bu cavabın nədən ibarət olacağı da aydındır. Bundan əvvəlki müraciətlərə verilən “yox” cavabı eynilə aprelin 20-nə təyin olunan mitinqlərə də veriləcək. Bunu dərk etdikləri halda Milli Şura ilə Qarabağ Komitəsi olmayan mitinqin davasını aparırlar. Daha doğrusu, ilk qərarı komitə verib, 8 saat sonra MŞ eyni tarixə və saata mitinq təyin edib. Sanki siyasi qüvvələr “əqrəb siyasəti” ilə məşğuldurlar. Məsələn, Avropada saatların əqrəbləri irəli çəkiləndə, Azərbaycanda dəyişmədi. Milli Şura da saat əqrəblərini irəli çəkərək komitə ilə eyni yerə, eyni saata mitinq təyin edir. Hətta MŞ aprelin 21-nə mitinq təyin etsə, yenə imtina cavabı gələcək. Bu halda olmayacaq mitinqin davasının mənası nədir? Komitənin İşçi Qrupunun üzvü, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a eyni tarixə mitinq qərarı verilməsində texniki anlaşılmazlıq olduğuna inanmadığını açıqladı. Onun fikrincə, Milli Şuranın qəsdən belə etdiyini də söyləyə bilməz: “Canlı yayımda qərar elan olunub, informasiyasızlıqdan belə ediblər, ya yox, bilmirik. Onlar aydınlıq gətirsələr yaxşı olardı. Amma siyasi qurumlar gərək diqqətli olsunlar, etiket qaydalarını gözləsinlər. Qarabağ mitinqi daha öndə olmalıdır, bu problem Azərbaycanın dərdidir və mitinqə icazə verilərsə, Milli Şura bu məsələdə güzəştə getməlidir". Qarabağ Komitəsinin üzvü Əvəz Zeynallı isə bildirdi ki, siyasi nəzakət deyilən bir etika var: “Son toplantıda mitinq qərarını geniş müzakirə elədik, canlı yayımla elan etdik, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərdik. Əslində iki tarix varıydı. Aprelin 13-ü ya da 20-də mitinq keçirmək istəyirdik, müzakirələrin yekununda qərar verdik ki, 20-də olsun. Müraciəti göndərdik, 7-8 saat sonra oxuduq ki, Milli Şura mitinq təyin edib. Açığı, bizə çatmadı, axı siyasi nəzakət var. Hər halda, səbəbinə Milli Şura aydınlıq gətirə bilər. Amma bu hadisənin analoqu yoxdur, indiyə qədər beləsi olmayıb. Nəyə əsasən belə ediblər, bilmirik". Geri qayıt |