Əsas Səhifə > Partiya, Güney Press > “Bəzən şeyximizə çox haqsız hücumlar da olub”

“Bəzən şeyximizə çox haqsız hücumlar da olub”


13-04-2019, 09:39
“Bəzən şeyximizə çox haqsız hücumlar da olub”
Ölkə prezidenti “Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmiş, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir.

Sərəncamda DQİDK QMİ-nin təkliflərini nəzərə almaqla, Şeyxülislamın anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Yeni Müsavat”a danışan “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bildirib ki, qəzetlərində şeyxlə bağlı rəhbərlik etdiyi mətbu orqanda materiallar dərc olunacaq:

“Əvvəla onu deyim ki, bizim dinimiz sovet dövründə repressiyaya məruz qalsa da, bizi hələ orta məktəbdən etibarən ateist ruhda tərbiyə etməyə çalışsalar da, hamımız ailə ənənələri hesabına Allahı ürəyimizdə qoruyub, saxladıq. Bu gün də hamı Allahı tanıyır, müstəqilik, ibadətgahlarımız mövcuddur. Azərbaycanda bu gün məscidlərimiz də fəaliyyət göstərir. Müstəqilliyimiz dövründə dinimizin qorunub saxlanmasında, inkişafında şeyximizin böyük xidmətləri olub. Şeyximiz təkcə Azərbaycanda deyil, Qafqazda çox nüfuzlu bir insandır. Biz həmişə onun bütün fəaliyyətində dövlətçilik prinsipinin qorunması, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmət , bu dəyərlərin yüksək səviyyədə saxlanması, qorunmasını görmüşük. Sonsuz dərəcədə bu, bizi sevindirir. Bəzən şeyximizə çox haqsız hücumlar da olub. Eyni zamanda bəzi hallarda əndazədən çıxan addımlar da atılıb. İnsan baxıb görür ki, digər dinlərin nümayəndələrini həmin millətlər necə qoruyurlar, uca tuturlar. Bizdə isə bəzən çalışılır ki, hansısa xoşa gəlməyən bir şey yapışdırıb, onu şişirdək. Bütün bunlar məni hər zaman düşündürüb, narahat edib. Bu gün isə çox şadam ki, dövlət başçısı cənab İlham Əliyev, şeyximizin 70 illik yubileyi münasibətilə, şeyx seçilməsinin 40 illiyi ilə bağlı xüsusi sərəncam imzalayıb. Bu, mənim şəxsən ürəyimdəndir. Şeyximizi mən də təbrik edəcəyəm. Biz qəzetdə də xüsusi yazılar dərc edəcəyik. Hələ ki, iki müəllifin yazısını nəzərdə tutmuşuq. Həmin sərəncama uyğun olaraq da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər də çalışacağam ki, qəzetimizdə verilsin. Azərbaycanlı, İslam dininə hörmət edən kollektiv kimi biz də öz şeyximizin ad günündə bunları işıqlandırmaqla həm ona hədiyyə edəcəyik, həm də tədbirlərə informasiya dəstəyi verəcəyik”.

Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Şeyxülislamlıq institutunun Bakıda yerləşməsi önəmlidir:

“Azərbaycanın regionda, islam dövlətləri arasında söz sahibi olmasında özünün xüsusi rolu var. Təbii ki, bu xüsusda Allahşükür Paşazadənin də rolu böyükdür. Şeyxin fəaliyyətində təqdir etdiyim və etmədiyim nüanslar da var. Ancaq ümumilikdə Allahşükür Paşazadə və onun təşkilatı 4-cü prezidentlə işləyir. Deməli, hökumət bundan faydalı nələrsə görüb. Bir insan kimi təbii ki, istənilən şəxsə can sağlığı, uzun ömür arzulayıram. Eləcə də Allahşükür Paşazadəyə. 70 il az ömür deyil. İnşallah tarix hamımızın qiymətini verəcək. Eləcə də Allahşükür Paşazadə ilə bağlı tarixin qiyməti olacaq. Bizdə partiya olaraq kimlərəsə xüsusi təbrik yazmaqla bağlı hələ ki, ənənə yoxdur. Ancaq ümumən partiya adından təbrikin əleyhinə deyiləm. Təbii ki, təbrik edə bilərik. Arzu edirik ki, onun və təşkilatının fəaliyyəti hər zaman Azərbaycana faydalı olsun”.

Geri qayıt